“Ulduz"ların acı sonu

“Ulduz"ların acı sonu
17:12 29 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

“UlduzHəmkarlarım Vaqif Cavadova yenidən legioner həyatı yaşayıb-yaşamayacağı ilə bağlı sual ünvanlayıblar. Cavabında futbolçu "hər şey mümkündü, o da ola bilər” deyib. Yox, əziz Vaqif. Marsda suyun tapılması, başqa planetlərdə yaşayışın olması mümkündü. Sən və sənin kimi düşünən azərbaycanlı futbolçuların xarici klublardan təklif alması, legioner həyatı yaşaması bundan sonra mümkünsüz işdir. 

Cavadovlar nəslinin nümayəndəsi Vaqifin istedadlı futbolçu olduğunu desəm, futboldan baş çıxaran heç kəs etiraz eləməz. Öz üzərində çalışmağa tənbəllik etməsəydi, səviyyəsini artıra bilsəydi, indi Allah bilir səsi Avropanın hansı tanınmış çempionatından gəlirdi. Yaxşı yadımdadı, onun "Tvente”nin heyətində çıxdığı yoxlama oyununu necə böyük həyəcan və fəxarət hissiylə "Eurosport” kanalından izləmişdim. Həmin vaxt təsəvvürümdə canlandırırdım ki, tezliklə həmyerlimiz Hollandiya təmsilçisinin heyətində rəsmi oyunlara çıxacaq, onda daha böyük qürurla ekran qarşısında əyləşəcəyik, azərbaycanlı balasının vurduğu qollara sevinəcəyik. Cavadovlar ailəsi Vaqif yeni klubunda özünə düz-əməlli yer eləməmiş Hollandiyaya köç etməklə bizi çox təəccübləndirdilər. Belə başa düşdük ki, həmyerlimizi futbol meydanında ayağını yerə bərk basmaqdan daha çox ailə-məişət qayğıları narahat edir, əvvəlcə həmin qayğıların öhdəsindən gəlməyə çalışır. Təsadüfi deyil ki, uğursuz cəhdinin ardında "Bakı”nın düşərgəsində peyda olan Vaqif  "Tvente”də heyətə düşə bilməməyindən daha çox ailə problemlərini ön plana çəkmiş, qardaşının onun qayğısına ehtiyac duyduğundan bəhs etmişdi. Rusiyanın "Volqa”sından, Türkiyənin "Qaziantep BB”sindən də oxşar bəhanələrlə geri qayıtdı. 

Onun kimi Kamran Ağayevin də xaricdə Azərbaycan futbolunu uğurla təmsil edəcəyinə inanırdıq. Adı gah "Beşiktaş”la, gah da Almaniya klublarıyla yanaşı çəkilirdi. Ən yaxşı vaxtlarını Azərbaycanda, müxtəlif məşqçilərlə mübarizələrə, gizli çəkişmələrə qurban verdi. Bu ilin əvvəllərində "Kayserispor”un heyətində özündən söz etdirməyə başlayanda bizi yenidən ümidləndirmişdi. Düşünürdük ki, gec də olsa, arzumuz gerçəkliyə çevriləcək, millimizin qapıçısını Türkiyənin Super Liqasında görə biləcəyik. Amma Kayseri təmsilçisi elitaya yüksələndən sonra Kamran onlara lazım olmadı. "Karşıyaka”da da ya vəlvələdən, ya zəlzələdən özünü göstərməyi bacarmadı.

Bəzi xüsusiyyətlərinə görə Kamranla Vaqifi müqayisə etmək mümkün olmasa da, istedadları və enişli-yoxuşlu futbolçu karyerasıyla bir-birinə çox bənzəyirlər. Bu gün tale onları lap yaxınlaşdırıb. Hər iksi ölkənin iddialı klublarını əlcək kimi dəyişdirdikdən sonra "Sumqayıt”a pənah gətiriblər. Digərləri onlara görə əllərini ciblərinə salmasalar, mövsümün sonuna qədər Ağayevlə Cavadov "Sumqayıt”ın heyətində oynacaqlar. Bir vaxtlar Kamran Ağayevə desəydilər ki, Kamran Quliyev sənin prezidentin olacaq, onu deyəni dəli adlandırardı. Azərbaycan futbolunun çağdaş nəslinin iki "ulduz”u üçün bundan acı sonluq təsəvvür edə bilmirəm. 

Allah daha betərindən saxlasın!

sport7.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ulduzquotlarn-ac-sonu-t46505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR