İtkin düşən neftçilərin ailə üzvləri axtarış prosesini havadan izlədilər - YANAN ÖZÜLDƏN SON GÖRÜNTÜLƏR

İtkin düşən neftçilərin ailə üzvləri axtarış prosesini havadan izlədilər - YANAN ÖZÜLDƏN SON GÖRÜNTÜLƏR
17:24 29 Dekabr 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsilə axtarış işlərində iştirakını təmin edib.
 
APA TV-nin xəbərinə görə, axtarış işlərini izləməyə KİV nümayəndələri də dəvət olunublar. Uçuşdan əvvəl həm SOCAR, həm də FHN-in rəsmiləri jurnalistlərin suallarını cavablandırıblar.
 
Fövqəladə hallar nazirinin müavini Etbar Mirzəyev axtarış işlərinin dayandırılmadığını deyib: "Havanın pisləşməsinə baxmayaraq, artıq 26-cı gündür ki, axtarış-xilasetmə işlərini davam etdiririk. Axtarış işləri dayandırılmayıb”.
 
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov artıq itkin düşmüş neftçilərin ailələrinə müvafiq kompensasiyaların ödənildiyini bildirib: "Dövlətin ayırdığı 15 min manat məbləğində kompensasiya dünən ailələrə çatdırıldı. 1000 manat Həmkarlar Konfederasiyası vermişdi, 1000 manat Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Komitəsi  kömək elədi. Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qərarı ilə hər bir ailəyə 5000 manat kompensasiya verilməsi qərarlaşdırıldı. Bu gündən etibarən həmin kompensasiyanın ödənilməsinə başlanacaq".
 
İtkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan işlərə cəlb olunaraq prosesi canlı izləyiblər.
 
Təxminən 90 dəqiqəlik uçuş başa çatdıqdan sonra helikopterlər yerə enib. Daha sonra itkin düşənlərin ailə üzvləri yaxınları hər iki qurumun nümayəndələrinə öz minnətdarlıqlarını bildiriblər.
 
İtkin düşən Tural Babazadənin atası Fətəli Babayev hər iki qurumun rəhbərliyinə təşəkkürünü çatdırıb: "Bizi xilasetmə işlərinə cəlb etdilər, öz gözlərimizlə gördük. Doğrudan da yanğının söndürülməsi işləri gedir, yanğın söndürülür. Əlbəttə, hər birimizin arzusudur ki, itkin düşən neftçilər tapılsın və ailələrinə təhvil verilsin".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR