Əli Əhmədov: 2015-ci il uğurlu il kimi Azərbaycanın müasir tarixinə düşəcək (MÜSAHİBƏ)

17:43 29 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun Trend-ə eksklüziv müsahibəsi

- Əli müəllim, Azərbaycan 2015-ci ildə növbəti möhtəşəm uğurlara imza atdı. Ölkəmizdə bir sıra tarixi hadisələr yaşandı. Bir sıra mötəbər beynəlxalq tədbirlərlə yanaşı, Avropa miqyasında bir tarixi ilkə də imza atıldı. İlk Avropa Oyunları məhz Azərbaycanda keçirildi. Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi sahədə növbəti uğurlara imza atıldı...

- Məmnunluq hissilə qeyd etmək istəyirəm ki, Azərbaycan artıq 10 ildən çoxdur Prezident İlham Əliyevin rəhbərliyi altında müəyyənləşdirilmiş siyasi və iqtisadi xətti uğurla həyata keçirməkdədir. Bu illər ərzində Azərbaycan iqtisadiyyat, sosial münasibətlər sahəsində bir çox uğurlar əldə edib. 2015-ci ili artıq bizim adət etdiyimiz, ənənəyə çevrilmiş uğurlar ilindən ayrı təsəvvür etmək mümkün deyil. Müəyyən mənada 2015-ci il bundan əvvəlki illərdə də Azərbaycanda müşahidə olunan bir çox uğurların əldə olunmasına səbəb olmuş illərin davamıdır.
Xüsusilə də Azərbaycan dünya, Avropa miqyasında iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkə kimi özünü birmənalı şəkildə təsdiq edib. Təbii ki, Azərbaycanın bu özünütəsdiqi ölkəyə dünya birliyi, o cümlədən Avropa tərəfindən olan münasibətin də köklü şəkildə dəyişməsinə gətirib çıxardı. İndi Azərbaycana 10, 15 il bundan əvvəlki kimi deyil, məhz sürətlə inkişaf edən, özünü dünyaya yeni modeli ilə tanıtmış bir ölkə kimi baxırlar. Təbii ki, bunlar nəticəsiz ötüşmür. 2015-ci ildə Azərbaycanda təkcə ölkə çərçivəsində deyil, ölkə hüdudlarından əhəmiyyətli dərəcədə kənara çıxan bir sıra möhtəşəm hadisələr və tədbirlər keçirildi. Mən əvvəlki fikirləri söyləyərkən həm də bunu nəzərədə tuturdum. Azərbaycana olan münasibətin dəyişməsi, dövlətimizin dünya biriyində, Avropa məkanında mövqelərinin və rolunun dəyişməsi təbii olaraq ölkənin bir sıra çox əhəmiyyətli tədbirlərin keçirilməsi üçün iddiaçı kimi çıxış etməsinə etibarlı bir zəmin yaradıb. Bu mənada 2015-ci ili səciyyələndirərkən ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsini vurğulamaqdan yan keçmək mümkün deyil. Belə bir idman tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədər seçimin edilməsi təbii ki, ölkənin iqtisadi cəhətdən, müasir bir cəmiyyət olaraq artıq özünü təsdiq etməsinin birbaşa nəticəsidir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, öz növbəsində, Azərbaycanın nə dərəcədə həm iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrildiyini, həm də müasir bir cəmiyyət kimi formalaşdığını təsdiq etdi. Bu, Azərbaycanı dünyaya bir daha təqdim etmək üçün gözəl bir fürsət idi. Güman edirəm ki, yüksək təşkilatçılıq səviyyəsində keçirilmiş idman oyunları məhz Azərbaycanı onun layiq olduğu səviyyədə Avropaya və bütün dünyaya təqdim etməyə imkan verdi. Bu, 2015-ci ilin ümumi səciyyəsi nöqteyi-nəzərindən qeyd etmək istədiyim ən vacib cəhətlərdən biridir.
Təbii ki, 2015-ci ilin sosial və iqtisadi mənzərəsi də ürəkaçandır. Əlbəttə, burada biz iki məqamı əlaqəli şəkildə qeyd etməliyik. Birincisi, Azərbaycanın sosial-iqtisadi inkişaf proqramının uğurla həyata keçirilməsi, istər regionların, istərsə də ölkənin sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması ilə bağlı işlərin davam etdirilməsi bütövlükdə 2015-ci ilin ümumi mənzərəsini formalaşdırır. Burada qeyd olunmalı kifayət qədər cəhətlər mövcuddur. Güman edirəm ki, Azərbaycan cəmiyyəti, ölkə vətəndaşları bu reallıqları gözəl bilirlər. İqtisadiyyatımızın inkişafı və yüksəldilməsi, insanların rifahının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi 2015-ci ilin sosial-iqtisadi mənzərəsinin ayrı-ayrı detallarıdır.
Eyni zamanda, 2015-ci il bütün dünyada iqtisadi və maliyyə böhranının davam etdiyi il kimi də tarixə düşəcək. Uzun müddət davam edən iqtisadi və maliyyə böhranı Azərbaycana təsir edə bilməmişdi. Bu da bir faktdır, amma 2015-ci ilin müəyyən mərhələsindən sonra 2008-ci ildən indiyə qədər davam edən iqtisadi və maliyyə böhranı və bunun nəticəsi olaraq neftin dünya bazarında qiymətinin kəskin surətdə aşağı düşməsi Azərbaycanın iqtisadiyyatına da, xüsusilə ölkəyə daxil olan neft pullarının həcminin azalmasına təsir etməyə bilməzdi və etdi. Bu mənada, bir yandan Azərbaycanın 2015-ci ildə sosial-iqtisadi inkişafı, nəzərdə tutulan proqramların uğurla həyata keçirilməsi haqqında danışırıq və bunun üçün bizim kifayət qədər əsaslarımız var. Xüsusilə də qeyri-neft sektorunun, kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində proqramların müəyyənləşdirilməsi və həyata keçirilməsi, məxsusi olaraq Azərbaycanın ayrı-ayrı bölgələrində texnoparkların yaradılması - bütün bunların hamısı Azərbaycanın iqtisadiyyatının həm bu gün, həm də gələcək inkişafı üçün bazanın yaradılması baxımından qeyd olunmağa layiq məqamlardır.
Bununla yanaşı, 2015-ci ilin ümumi sosial-iqtisadi mənzərəsini formalaşdırarkən və təsvir edərkən təbii ki, dünyada baş verən iqtisadi və maliyyə proseslərinin Azərbaycana təsirinin getdikcə artması haqqında da fikirlərimizi ifadə etmək məcburiyyətində qalırıq. Güman edirəm ki, bütövlükdə 2015-ci il uğurlu sayıla bilər və uğurlu il kimi Azərbaycanın müasir tarixinə düşəcək. Hər şeydən əvvəl, qeyd etdiyim kimi, Azərbaycan müəyyənləşdirilmiş iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi istiqamətində işlərini davam etdirib, bu konsepsiyanın müasir şəraitə uyğunlaşdırılması yönündə Prezident İlham Əliyev tərəfindən vacib təşəbbüslər göstərilib. Təşəbbüslərin gerçəyə çevrilməsi ilə əlaqədar deyərdim ki, çox cəsarətli qərarlar artıq qəbul edilməkdədir. Hesab edirəm ki, bütövlükdə 2015-ci il Azərbaycanın gələcəkdə öz uğurları ilə müşayiət olunan sosial-iqtisadi inkişaf konsepsiyasına yeni dövrün çağırışlarına uyğun şəkildə düzəlişlər edilməsi üçün etibarlı bir zəminin yaradılması ili kimi xatırlanacaq.

- 2015-ci il Azərbaycanda növbəti demokratik şəraitdə keçirilən parlament seçkiləri ili kimi yadda qaldı. Prezident İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası bu seçkilərin mütləq qalibi oldu. Seçkilərdəki bu parlaq qələbəni Azərbaycan Prezidentinin davam etdirdiyi siyasətin bugünkü nailiyyətlərinə ölkə vətəndaşlarının adekvat münasibəti hesab etmək olarmı? Ümumiyyətlə, 2015-ci ili YAP üçün nə dərəcədə uğurlu il saymaq olar? 2016-cı ildə partiyanın fəaliyyətinin əsas prioritetləri nə olacaq?

- 2015-ci il Yeni Azərbaycan Partiyası üçün hər şeydən əvvəl parlament seçkiləri ili kimi səciyyələnir. YAP bu seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük əmək sərf etdi. Məmnunluq hissilə qeyd etmək istəyirəm ki, partiyamızın seçkilərdəki əzəmətli qələbəsinin fundamental əsası Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində yüksək nüfuzu, reytinqi ilə bilavasitə əlaqədardır. Onun həyata keçirdiyi siyasətin vətəndaşlarımız tərəfindən dəstəklənməsi bizim seçki kampaniyamızda uğurumuzun əsasınızı təşkil edib. YAP-ın bir partiya olaraq təşkilati, insani resursları, fədakarlığı, irəli sürdüyümüz namizədlərin ayrı-ayrı dairələrdə nüfuzları da seçkilərin uğurla nəticələnməsində vacib rol oynayıb. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının malik olduğu bütün resurslar 2015-ci il parlament seçkilərinin uğur və nailiyyətlərinin əsasını təşkil edib.
Ümumiyyətlə, 2015-ci il bizim üçün uğurlu olub. Qarşıdakı illər ərzində - 2018-ci ilədək Azərbaycanda seçkilər keçirilməyəcək. 2016-2017-ci illər YAP üçün müəyyən mənada sakit dövrdür. Amma bu sakitlik bizim üçün nisbi xarakter daşıyır. Belə ki, 2018-ci ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. 2016-2017-ci illəri partiyamızın prezident seçkilərinə hazırlıq mərhələsi kimi qiymətləndirməyimiz daha düzgün olardı. Biz bu illər ərzində YAP-ın daha da möhkəmləndirilməsi, sıralarının genişlənməsi və insanlar tərəfindən daha qətiyyətlə dəstəklənməsinə nail olacağıq ki, partiya daha böyük bir güc olaraq 2018-ci il prezident seçkiləri kampaniyasına qoşulsun. Əlbəttə, növbəti illərin öz çağırışları var. Yeni Azərbaycan Partiyası öz fəaliyyətini heç zaman yalnız seçkilərlə məhdudlaşdırmır. YAP Azərbaycanın ictimai-siyasi həyatında həmişə yaxından iştirak edib, ictimai-siyasi proseslərə öz imkanları daxilində təsir göstərib. Təbii ki, 2016-cı il bu mənada istisna olmayacaq. Partiyamız qarşıdakı illərdə iqtisadi-sosial sahədə layihələrin həyata keçirilməsində yaxından iştirak edəcək.
Manatın məzənnəsinin aşağı düşməsi şəraitində insanların rifahının aşağı düşməməsi üçün qarşıdakı illərdə lazımi addımların atılması bizim diqqətimizdə olan əsas vəzifələrdən biridir. YAP bu vəzifələrin icrasında yaxından iştirak edəcək. Vətəndaş həmrəyliyinin gücləndirilməsi, vətəndaşların Prezident ətrafında daha sıx birləşməsi, milli birliyin əldə edilməsi, xarici təhdidlərə qarşı vətəndaş birliyinin möhkəmləndirilməsi, gənclər siyasətinin gücləndirilməsi də Yeni Azərbaycan Partiyasının qarşısında duran vacib məsələlərdəndir, 2016-cı ildə bizim hədəflərimizdir.
Bizə yaxın olan regionlarda baş verən hadisələr, münaqişələrin baş verdiyi dövlətlər, tökülən qanlar, məhv olan insanlar - bunların hamısı bizə bir dərs olmalıdır. Bizim hər birimiz bu sabitliyin qədrini və dəyərini bilməliyik. Azərbaycan daxilində bu sabitlik ayrı-ayrı adamlar üçün adi görünə bilər, amma dünyada baş verən hadisələrin fonunda ölkəmizdəki sabitliyin nə qədər böyük əhəmiyyət daşıdığını, güman edirəm ki, hər bir vətəndaş dərk etmək məcburiyyətindədir. Bu məntiqlə hər bir vətəndaşın ən vacib vəzifəsi sabitliyin qorunub saxlanmasından ibarət olmalıdır. Sıxıntı keçib gedəcək. 1990-cı illərin ortalarında da Azərbaycan sıxıntı içində idi, amma sonra sürətli inkişaf başladı. İndi də manatın məzənnəsindəki dəyişikliklə əlaqədar insanlar sıxıntı yaşaya bilərlər, amma bu çətinliyin də ömrü az olacaq. Çox qısa zamandan sonra Azərbaycan gözəl bir həyata qayıdacaq, amma sabitlik, əmin-amanlıq əldən verilsə, onu bərpa etmək üçün onillər lazım olacaq. Ona görə də hər birimiz çalışmalıyıq ki, 2016-ci ildə Azərbaycanda sabitlik, əmin-amanlıq qorunub saxlanılsın. Bu, hər bir vətəndaşın, ailənin, bütövlükdə Azərbaycan dövlətinin vəzifədir. Güman edirəm ki, 2016-cı ildə YAP bu ali məqsəd naminə mübarizəsini davam etdirəcək.

- Əli müəllim, Prezident İlham Əliyevin sosial-iqtisadi sahə ilə bağlı verdiyi qərarlar ölkə əhalisinin rifahının yüksəlməsinə xidmət edir. Həmçinin, dövlət başçısının sosial siyasət konsepsiyası sığorta-pensiya sistemindəki uğurlu islahatların əsas zəminidir. Bu barədə nə deyə bilərsiniz?

- Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin çox mühüm xəttini sosial problemlərin həll edilməsi istiqamətində hökumətin fəaliyyəti təşkil edir. Azərbaycanda sözün həqiqi mənasında səmərəli sosial siyasət müəyyənləşib. Bu siyasət uğurla həyata keçirilir. İnsanların rifahının yaxşılaşdırılması, ayrı-ayrı vətəndaşlarımızın sosial rifahının daha da yüksəldilməsi üçün lazım olan tədbirlərin görülməsi, insanların gəlirlərinin mütəmadi olaraq artırılması, maaşların, pensiyaların mütəmadi olaraq yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər kompleks şəkildə Prezident İlham Əliyevin sosial siyasətinin ayrı-ayrı komponentlərini əks etdirir. Təbii ki, bu siyasətin nüvəsini Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi belə bir fikir təşkil edir: "Ölkədə həyata keçirilən siyasətin əsas məqsədi insandır, onun həyatının yaxşılaşdırılmasıdır". Ona görə də Prezident İlham Əliyev həyata keçirilən bütün iqtisadi islahatların, atılan iqtisadi addımların da qarşısında insanların həyatının və rifahının yaxşılaşdırılmasının durduğu fikrini aydın şəkildə ifadə edir. Bu da həyata keçirilən siyasətdə öz əksini tapır.
Konkret olaraq sığorta-pensiya sisteminə gəldikdə, əlbəttə, bu, Azərbaycan əhalisinin çox həssas kateqoriyasının həyatı ilə əlaqədar olan sahədir. Bütün dünyada sığorta-pensiya sistemi öz həssaslığı və əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahələrindən sayılır. Söhbət ayrı-ayrı dövrlərdə ölkənin inkişafında xidmət göstərmiş insanların ahıl yaşda layiqli həyat yaşamasının təmin edilməsindən gedir. İstənilən sosial yönümlü siyasəti həyata keçirən dövlətin fəaliyyətində də bu kateqoriyadan olan insanlara qayğı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan istisna deyil. Ölkənin, bütövlükdə dövlət siyasətinin məğzini insanlara sosial qayğı, o cümlədən, ahıl insanlara qayğı təşkil edir. Buna görə də sığorta-pensiya sisteminin normal bir mexanizm olaraq fəaliyyət göstərməsi və zaman-zaman təkmilləşdirilməsi öz aktuallığını bütün dövrlərdə, o cümlədən, indi də saxlayıb və saxlamaqdadır.
Bu gün Azərbaycanda təxminən 1 milyon 300 minə yaxın pensiyaçı var. Azərbaycan hökumətinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində onların hər birinin öz pensiyalarını vaxtlı-vaxtında alması təmin edilib. Üstəlik, dövlətin maliyyə imkanlarına uyğun şəkildə müxtəlif illərdə ardıcıl olaraq pensiyalar artırılıb və güman edirəm ki, bu gün Azərbaycan postsovet məkanında bu sahədə qabaqcıl mövqelərdən birini tutur. İndinin özündə də pensiya- sığorta sisteminin təkmilləşdirilməsi üzərində iş gedir. Bu təkcə Azərbaycana xas olan hadisə deyil, dünyanın bir çox ölkələrində pensiyaçıların üzləşdiyi problemlər aktuallıq kəsb edir və pensiya islahatları ayrı-ayrı ölkələrin bütövlükdə sosial siyasətinin ən məsuliyyətli və ən çətin problemlərindən birinə çevrilib. Bir sıra inkişaf etmiş Avropa ölkələrində pensiyaların verilməsində çətinliklərin olması, bəzi hallarda pensiyaların azaldılması və yaxud pensiya yaşının artırılması ilə əlaqədar fikirlərin səsləndirilməsi məsələnin nə qədər ciddi bir problem olaraq bütövlükdə dünya qarşısında dayandığını göstərir. Bunun obyektiv səbəbləri var. İnsanın ömrü uzanmaqdadır. Bu o deməkdir ki, pensiya alan insanların sayı artır və təbii olaraq burada obyektiv çətinliklər ortaya çıxır. Azərbaycanda da eyni problemləri yaşamaqdayıq. Azərbaycanda da insanların orta ömrü artır. Bu çox gözəl bir haldır və təbii olaraq Azərbaycanda da pensiyaçıların, pensiya almaq hüququ qazanmış vətəndaşlarımızın sayı çoxalır. Demək, dövlətin müəyyənləşdirdiyi sosial siyasətin kökündə bu həssas problemin uğurla həll edilməsi kimi çox məsuliyyətli bir vəzifə dayanır. Birincisi, sayca artan pensiyaçıların pensiya təminatının təmin edilməsi, ikincisi də təbii olaraq həyatın inkişafı templərinə uyğun şəkildə pensiya təminatının daha yüksək səviyyəyə qaldırılması. Bütün bunların hamısı bizim qarşımızda duran çox əhəmiyyətli məsələlərdir. İndinin özündə Azərbaycan hökuməti Prezident İlham Əliyevin bilavasitə tapşırığı əsasında pensiya sığorta sisteminin daha da təkmilləşdirilməsi, insanlarımıza ahıl yaşlarında layiqli həyatın təmin edilməsi ilə əlaqədar lazım olan tədbirlərin görülməsi istiqamətində çox ciddi iş aparır. Bu istiqamətdə islahatlar həyata keçirilməkdədir. Müəyyən bir konsepsiya formalaşıb və bu konsepsiyanın məqsədi ondan ibarətdir ki, Azərbaycanda çox dayanıqlı, etibarlı, müasir tələblərə cavab verən və eyni zamanda bizi qarşıda gözləyən çağırışlara cavab verən sığorta pensiya sistemi yaradılsın. Eyni zamanda, onu da qeyd etməyi vacib sayıram ki, Azərbaycan pensiya – sığorta sisteminin səmərəli fəaliyyəti ilə əlaqədar hər hansı bir ciddi çətinliklə üzləşməyib. İstər pensiyaların vaxtında ödənilməsi, istər pensiyaların maliyyə imkanlarına uyğun şəkildə artırılması sahəsində problem yaşanmayıb. Amma təbiidir ki, biz buna hazır olmalıyıq ki, insanlarımızın pensiya alan kateqoriyasının sayı təbii olaraq artacaq, eyni zamanda pensiyaların da mütəmadi olaraq gələcəkdə artırılması kimi vacib məsələlər qarşıda duracaq. Çalışmalıyıq ki, bizim pensiya sığorta sistemində həyata keçirdiyimiz islahatlar bu çağırışlara layiqincə və vaxtında cavab verə bilsin.

- Azərbaycanda əlilliyin təyinatı ilə bağlı yeni qaydalar hazırlanıb. Bu qaydalar əlillik sahəsində şəffaflığın artmasına nə kimi təsir göstərəcək?

- Bu da hər bir dövlətin, o cümlədən də Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasətin çox həssas mövzularından biridir. Qeyd etmək istəyirəm ki, Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. Azərbaycanda 570 min bu kateqoriyaya aid olan insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalan isə 18 yaşı olmayan, fiziki qüsurları olan Azərbaycan vətəndaşlarıdırlar. Beləliklə, böyük bir kütlə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, təxminən Azərbaycanda pensiya alan 1 milyon 300 minə yaxın vətəndaşın 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu az rəqəm deyil. Azərbaycanda mövcud olan qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər. Amma təbiidir ki, narahatedici məqamlar da var və bu ondan ibarətdir ki, bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Mən bunu çox təəssüf hissi ilə qeyd etmək istəyirəm. Bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən insanların öz fiziki sağlamlığını itirməsi halından sui- istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin. İndinin özündə bu istiqamətdə vacib olan işlər görülür. Bu sahədə atılan addımlardan biri əlillik meyarlarının təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi ilə bilavasitə əlaqədardır. Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz neqativ məqamlar aradan qalxacaqdır. Dünya ölkələrinin əksəriyyətində əlilliyə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil. Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, insanlar cəmiyyətin bütün parametlərinə görə tamhüquqlu üzvü olsunlar, onlar işdən ayrılmasınlar, əgər azaçıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Çox vacibdir ki, insan özünü cəmiyyətdə lazımlı bir vətəndaş kimi dərk etsin və öz imkanlarını cəmiyyətə təqdim edə bilsin. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikinci isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Haqqında söhbət etdiyimiz problemə düzgün yanaşmanı mən belə təsəvvür edirəm. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda hesab edirəm ki əlilliyin həm müyyən edilməsi, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək.

- Əli müəllim, ölkədə yeni – işsizlik sığortasının yaradılması təklifi səsləndirilir. Sizcə, işsizlik sığortasının yaradılması işsizlərin sosial rifahına nə kimi təsir göstərə bilər?

- Azərbaycanda insanların sosial problemlərinin həll edilməsi üçün müasir dünyada tətbiq olunan bütün üsullar demək olar ki, praktikada həyata keçirilməkdədir və bunun bir ifadəsi də bu və ya digər səbəblərlə əlaqədar işləməyən, yaxud işini itirmiş insanların müəyyən prinsiplər və normalar əsasında müavinətlə təmin edilməsidir. İndi Azərbaycanda qanunvericiliyə görə işləməyən əhali müvafiq dövlət qurumlarında işsiz kimi qeydə alındığı halda onlara müəyyənləşdirlmiş işsizlik müavinəti verilir. Əlbəttə, işsizlik müavinəti əbədi verilə bilməz, qanunla müəyyənləşdirlmiş dövr ərzində bu müavinətlər ödənilir. Dövlətin sosial öhdəliyin bu forması sayəsində Azərbaycanda işsizlik statusu olanlar müvafiq müavinətlə təmin olunurlar və iş tapana qədər ailələrini dolandırırlar. Ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişafın təmin edilməsi sayəsində işsizlik əhəmiyyətli dərəcədə azalıb. İndi Azərbaycan əhalisinin təxminən 5 faizi rəsmi şəkildə işsiz kateqoriyasına aid olunur və bu insanların da müəyyən bir qismi qanunla müəyyən edilmiş formada işsiz kimi qeydə alınaraq müavinət ilə təmin olunurlar. O ki, qaldı işsizliyin sığortalanması və işsizlik sığortasının tətbiq edilməsinə, bir çox ölkələrdə belə formadan istifadə edilir. Bu, sığorta münasibətləri sahəsinə aid olan bir hadisədir və güman edirəm ki, Azərbaycanda da gələcəkdə belə sığorta münasibətləri formalaşa bilər. İşsizlik sığortasının mahiyyəti insanların könüllü surətdə və yaxud ayrı-ayrı qurumlar vasitəsilə özlərinin işini itirməyə görə sığortalanması formasında həyata keçirilir. Bu, dövlət öhdəliyi deyil, insanların özlərinin könüllü sığorta münasibətlərinə girməsi formasında həyata keçirilir. Dövlət işsizliyə görə müavinət təyin edir. Bu, dövlətin sosial öhdəliyi sahəsinə aiddir və Azərbaycanda həyata keçirilir. Bunun adı başqa olsa da dövlət tərəfindən insanların işsizlik dövründə təminatı kimi qəbul etmək olar. Sizin qaldırdığınız məsələyə gəldikdə isə, mənim bildiyimə görə, bu gün Azərbaycanda işsizlik sığortası mövcud deyil və sığorta təşkilatları tərəfindən belə bir sığorta xidməti göstərilmir. Amma gələcəkdə ola bilər ki, bu sığorta forması Azərbaycanda populyarlaşsın, onun riskləri sığorta təşkilatları tərəfindən tam aydınlaşdırılsın və ondan sonra tətbiq edilsin. Mən güman edirəm ki, gələcəkdə müəyyən dərəcədə bu sığorta forması Azərbaycanda yayıla bilər.

- Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi zəruri hesab edilir. Bu təkmilləşdirmə hansı baxımdan ola bilər?

- Azərbaycanda 1999-cu ildə qəbul olunmuş “Tibbi sığota haqqında” Qanunda icbari tibbi sığorta münasibətləri təsbit olunub. Amma bugünə qədər, üstündən 15 ildən çox vaxt keçməsinə baxmayaraq Azərbaycanda icbari tibbi sığorta praktikası həyata keçirilmir. İki ay bundan əvvəl cənab Prezidentin sərəncamı ilə icbari tibbi sığorta sahəsində praktik addım atıldı. Sərəncama əsasən, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru təyin olundu və indi həmin Agentliyin texniki, normativ sənədlərinin hazırlanması prosesi həyata keçirilməkdədir. Təbiidir ki, Azərbaycanda ilk dəfə icbari tibbi sığorta tətbiq olunur. Bununla əlaqədar olaraq qurumun tam fəaliyyət göstərməsi üçün xeyli müddət lazım olacaq. Ən azı texniki cəhətdən bu qurumun formalaşması xeyli vaxt tələb edir. Bu qurum yaranıb fəaliyyətə başlayandan sonra mövcud olan qanunvericiliyin nə dərəcədə indiki reallıqlara uyğun gəlib-gəlmədiyi aydınlşacaq. Yalnız o zaman icbari tibbi sığorta haqqında qanunvericiliyə təkliflər irəli sürmək mümkündür. Mən də düşünürəm ki, 1999-cu ildə qəbul olunmuş qanuna müəyyən düzəlişlər etməyə ehtiyac yaranıb. Amma icbari tibbi sığorta praktikasını həyata keçirmədən həmin qanunda nəyi dəyişmək haqqında aydın təsəvvür formalaşdırmaq çox çətindir. Ona görə də müəyyən qədər gözləmək lazımdır ki, icbari tibbi sığorta fəaliyyətə başlasın, icbari tibbi sığorta münasibətləri tətbiq edilsin, praktiki olaraq, bu xidmət vətəndaşlara göstərilsin. Və bundan sonra qanunvericilikdə indiki real həyatımızla uyğun gəlməyən məqamlar ortaya çıxacaq, sonra da həmin məqamların aradan qaldırılması və müasirləşdirilməsi istiqamətində addımlar atılacaq.
Güman edirəm ki, 2016-cı il Azərbaycanda icbari tibbi sığorta praktikasının həyata keçirilməsinin ən məsuliyyətli dövrü olacaq. Bu mərhələdə qurum formalaşacaq, onun fəaliyyət prinsipləri müəyyənləşəcək. Bır sıra pilot layihələr reallaşdırılacaq, Azərbaycana daha uyğun gələn sığorta modeli seçiləcək.

- İcbari tibbi sığortanın tətbiqi üçün maliyyələşmə necə həyata keçiriləcək? İlkin təkliflərdə işəgötürənlərin əməkhaqqının 2-2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələri edəcəyi açıqlanmışdı. Bu təkliflərdə hər hansı dəyişiklik varmı? Əhali icbari tibbi sığortadan istifadə etmək üçün ödəmələri necə həyata keçirəcək?

- Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif modellər var, amma nə qədər rəngarəng olsalar da, bu modellərin məğzini təşkil edən bir neçə məqam üst-üstə düşür. Bunlar nələrdir? Birincisi, icbari tibbi sığorta münasibətlərinin formalaşmasının əhəmiyyətli bir hissəsi dövlətin bu münasibətlərə ciddi dəstək göstərməsindən ibarətdir. Dövlət müəyyən vəsait ayrır və bu, insanların sığortalanması üçün istifadə olunur. Amma icbari tibbi sığorta münasibətlərinin məğzi və onu pulsuz səhiyyə xidmətindən fərqləndirən odur ki, vətəndaş öz sağlamlığının qorunması üçün sığorta münasibətlərinə vəsaiti ilə daxil olsun. Yəni insanlarımız belə hesab etsələr ki, icbari tibbi sığortanın tətbiqi yalnız pulsuz səhiyyə xidməti kimi anlaşılır, onda bu, səhv yanaşma olacaq.
Azərbaycan dövləti vətəndaşlara səhiyyə xidmətinin göstərilməsi üçün Azərbaycanın maliyyə imkanlarının verdiyi dərəcədə öz yardımını edir. Bu gün büdcədən səhiyyənin maliyyyələşdirilməsi üçün böyük vəsait ayrılır. İcbari tibbi sığorta tətbiq olunanda da dövlət tərəfindən ayrılan həmin vəsait artıq icbari tibbi sığorta münasibətləri çərçivəsində səhiyyənin maliyyələşdirilməsinə istiqamətlənəcək. Amma icbari tibbi sığortanın tətbiqini zərurətə çevirən məqam ondan ibarətdir ki, yalnız dövlətin ayırdığı vəsait bizim istədiyimiz səviyyədə vətəndaşlara səhiyyə xidmətlərinin göstərilməsi üçün kifayət etmir. Bütün səhiyyə xərclərinin, bütün vətəndaşların sağlamlığının təmin olunması üçün lazım olan vəsaitlərin yükünü dövlətin üzərinə qoymaq haqsızlıq olardı. İkinci tərəfdən, sadəcə olaraq dövlət bu öhdəliyi yerinə yetirə bilməz. Vətəndaş da öz sağlamlığının təmin edilməsi üçün öz imkanları çərçivəsində sığorta münasibətlərinin formalaşmasına vəsait ödəməlidir. Bunun bir hissəsi işəgötürən tərəfindən, başqa bir qismi işləyənlər tərəfindən ola bilər. İcbari tibbi sığorta haqqının miqdarı işləyənlərlə işəgötürənlər arasında olan münasibətlər çərçivəsində öz həllini tapa bilər. Faizlər 2, 3, yaxud 5 faiz olacaqsa, hansı modeli götürəcəyiksə, təbii ki, reallıqlar nəzərə alınacaq. Bu, işləyənlərlə işəgötürənlər arasında razılıq əsasında olacaq. Nəticə etibarilə dövlətin səhiyyə xidmətinin maliyyələşdirilməsi üçün ayrılan vəsait vətəndaş və ya onun çalışdığı müəssisə tərəfindən ayrılan vəsaitlə birləşərək səhiyyə xidmətinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə xidmət etmiş olacaq.
Vətəndaşlarımız dərk etməlidirlər ki, hər bir insan öz sağlamlığının qayğısına qalmalıdır. İnsanın öz sağlamlığının qayğısına qalmasının bir yolu da icbari sığorta fonduna vəsaitin ayrılmasından ibarətdir. Güman edirəm ki, Azərbaycan vətəndaşları icbari tibbi sığorta praktikasının həyata keçirilməsinə başlandıqdan sonra bunun faydasını dərk edəcəklər. Əgər səhiyyə xidməti pulsuzdursa, bütün səhiyyə xidmətləri dövlət tərəfindən ödənilirsə, böyük maliyyə imkanları, yaxşı yaşayış səviyyəsi olan ailələrlə aşağı səviyyədə yaşayan ailələrin eyni dərəcədə pulsuz dövlət səhiyyəsinin imkanlarından istifadə etməsinin özündə ədalətsizlik məqamları var. Ən azından ona nail olmaq lazımdır ki, kimin imkanı varsa, bu və ya digər səbəblərdən xəstəxanalara müraciət etdikdə aldığı xidmətin haqqını ödəsin, kimin bu imkanı yoxdursa, ona dövlət vəsaitləri hesabına o xidmətlər göstərilsin. Güman edirəm ki, bu, ədalətli olar. İndiki halda fərq qoyulmur. İcbari tibbi sığorta münasibətləri formalaşandan sonra imkanı olanlar daha çox öz vəsaitləri hesabına tibbi xidmət alacaqlar, imkanı olmayanların – pensiyaçılar, əlillər və başqa kateqoriyadan olanların isə onlara göstərilən tibbi xidmətə görə ödəniş etmək imkanı yoxdursa, bu, dövlət tərəfindən həyata keçiriləcək. Beləliklə də həm tibbi xidmətin keyfiyyəti yüksələcək, həm də bu sahə də sosial ədalət fundamental əsasda öz həllini tapacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2475558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR