MTRŞ sədri: "Telekanallar yol tapmalıdır"

MTRŞ sədri: "Telekanallar yol tapmalıdır"
18:12 29 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

"Rəqəmsal yayımla bağlı Azərbaycan dövləti üzərinə düşən işləri görüb, ölkə ərazisi rəqəmsal yayımla əhatə olunub. Analoq yayımın dayandırılması məsələsi sosial baxımdan zəif təbəqələrlə bağlı bizi düşündürür".
 
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli hesab edir ki, analoq yayımın dayandırılması məsələsini həll edəcəklər: "Azərbaycan ərazisi rəqəmsal yayımla əhatə olunduğu üçün analoq yayımın dayandırılması üçün elə ciddi problem yoxdur. Əhali nə zaman tam hazır olacaq, biz bu addımı atacağıq".
 
MTRŞ sədri hazırda kabel yayım şəbəkəsinin sürətlə inkişaf etdiyini də diqqətə çatdırıb: "Ölkədə İP TV də sürətlə inkişaf edir. Tədricən analoq yayımın dayandırılması məsələsi öz həllini tapacaq".
 
N. Məhərrəmli telekanallar üçün böyük əhəmiyyət daşıyan reklam bazarındakı duruma da toxunub: "Azərbaycan kimi iqtisadi cəhətdən region ölkələri arasında lider olan bir dövlətin reklam bazarının belə az olması bizi düşündürür. Amma biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və televiziya kanalları siyasətini buna uyğun aparır.  Milli Televiziya və Radio Şurası bazar iqtisadiyyatına uyğun olaraq, telekanalların daxili maliyyə işlərinə qarışmır. Lakin başa düşürük ki, reklam bazarı nə qədər zəif olarsa, Azərbaycan telekanallarında, radiolarında verilişlərin keyfiyyəti o qədər aşağı olacaq. Bu, düşündürücüdür.

Bəzən bizə teleserialların, bəzi verilişlərin tərtibatı ilə bağlı iradlar bildirilir. Amma bunu bilmək lazımdır ki, qonşu ölkələrdə, məsələn, Türkiyədə və Rusiyada reklamın 1 dəqiqəsinin qiyməti 40-50 min dollara bərabərdirsə, Azərbaycanda isə 1000-2000 dollar arasındadırsa, görün, fərq nə qədər böyükdür. Bu fərq telekanalların yaradıcılığında da özünü göstərir. Ona görə də hesab edirik ki, reklam bazarında ciddi dəyişiklik olmalıdır".
 
MTRŞ sədri reklam bazarında problemlərin birinin də vasitəçilər, yəni reklam verənlə reklam alan arasında vasitəçilik edənlərlə bağlı olduğunu vurğulayıb: "Hesab edirəm ki, telekanallar birləşib bu məsələ ilə bağlı müəyyən bir yol tapmalıdır. Biz də onlara dəstək verməyə hazırıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR