“Shbabalnil”: İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq

“Shbabalnil”: İslam Həmrəyliyi Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq
18:18 29 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 29 dekabr, AZƏRTAC
Azərbaycan həmişə islam dünyasında həmrəyliyin möhkəmlənməsinə, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin inkişafına böyük töhfə verib.
Bu sözlər AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin Misirin nüfuzlu “Shbabalnil” qəzetində dərc etdirdiyi “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşır” sərlövhəli məqaləsində yazılıb.
Müəllif yazır ki, bu il Bakıda ilk Avropa Oyunlarının uğurla keçirilməsindən sonra Azərbaycan IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə qəbul etməyə fəal surətdə hazırlaşır. Oyunların hələ il yarımdan sonra keçiriləcəyinə baxmayaraq, Azərbaycan artıq onu qəbul etməyə tam hazır olduğunu bildirir. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Təşkilat Komitəsinin sədridir. Mehriban Əliyeva bundan əvvəl ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.
Məqalədə qeyd edilir ki, Bakıda Təşkilat Komitəsinin birinci iclasında Azərbaycan Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini vurğulayıb və bildirib ki, Azərbaycan İslam aləminin bir hissəsidir. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Dövlət başçısı xüsusilə vurğulayıb ki, bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. İlham Əliyev, həmçinin vurğulayıb ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir, dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan dövlətinin başçısı əlavə edib ki, yaxın gələcəkdə Azərbaycanda “Formula-1”, Dünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlar keçiriləcək. Bu yarışların ölkəmizdə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək.
Sonra məqalədə İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqindən sitat gətirilib. Azərbaycanın birinci xanımı bu Oyunların ən yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan xalqının etimadını doğruldacağına əminliyini bildirib. O, xüsusilə vurğulayıb ki, Təşkilat Komitəsi ilk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə qazanıb. İndiyədək keçirilən bütün tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərib. İslam Həmrəyliyi Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Məqalədə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri haqqında da məlumat verilir. Diqqətə çatdırılır ki, o, Azərbaycan Prezidenti ilə görüşündə Azərbaycanda gedən böyük inkişaf proseslərinin, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığının şahidi olduğunu bildirib. O, Azərbaycanın İslam Həmrəylik Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.
Məqalədə, həmçinin noyabrın 4-də Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) IX Baş Assambleyasının keçirilməsi haqqında geniş məlumat verilir. Qeyd olunur ki, tədbirdə 40-dan çox ölkənin nümayəndələri iştirak edib. ISSF-in vitse-prezidenti Hamad Kalkaba Malboum tədbir iştirakçılarının ümumi fikrini ifadə edərək bildirib ki, ISSF Azərbaycan hökumətinin IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı mövqeyini, Azərbaycanın bu qurumda fəal iştirakını yüksək qiymətləndirir. Bu, Azərbaycanın idman ölkəsi olduğunu və dünyada həmrəylik təbliğ etdiyini göstərir.
Sonda bildirilir ki, İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək keçiriləcək. Oyunlarda 57 islam ölkəsindən 5 mindən çox idmançının iştirakı gözlənilir.
Məqalənin geniş mətnini http://shbabalnil.com/Article/Item/49845 sayrından oxumaq mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Shbabalnil_Islam_Hemreyliyi_Oyunlari_musteqil_Azerbaycanin_tarixine_novbeti_qelebe_kimi_daxil_olacaq-915379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR