Ekologiya Liseyində AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub

Ekologiya Liseyində AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub
18:38 29 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Bakı şəhərindəki 291 nömrəli Ekologiya Liseyində Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat liseyin və “Yaşıl qələm” təhsil şəbəkəsinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunmuş “Vətənimi və təbiəti sevirəm” adlı birgə tədbiri çərçivəsində keçirilib.
Tədbirdə Uşaq Bilik Portalı (www.portal.azertag.az) haqqında geniş məlumat verilib. 2013-cü ildən fəaliyyətə başlayan portal müxtəlif yaş qrupundan olan uşaqları tarixi, mədəni və elmi hadisələr, görkəmli şəxsiyyətlər barədə məlumatlandırmaq, balacalarda vətənpərvərlik hissləri, milli və ümumbəşəri dəyərlər aşılamaq, onların estetik zövqünü formalaşdırmaq məqsədi daşıyır. Portalda cizgi filmləri, uşaq mahnıları, laylalar, nağıllar, tapmacalar, şeir və hekayələr də yerləşdirilir. Eyni zamanda, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara yer ayrılır. “Ensiklopediya” bölməsində isə bir çox sahələrə aid məlumatlar toplanır. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.
Tədbirdə AZƏRTAC-ın Uşaq Bilik Portalına dair bukletlər paylanılıb.
Təhsil Nazirliyinin təhsil sektorunda ictimaiyyətlə əlaqələrin inkişafı üzrə koordinator Elçin Sərdarov Uşaq Bilik Portalı layihəsinin xüsusən məktəblilər üçün faydalı informasiya resursu olduğunu, Ekologiya Liseyinin portal ilə əməkdaşlığının səmərə verəcəyini qeyd edib.
Liseyin Bakı şəhərində aparıcı təhsil müəssisələrindən biri olduğunu deyən direktor Sevinc Orucova uşaqların təhsilinə, biliklərinin artırılmasına dövlət tərəfindən böyük diqqət ayrıldığını, bu baxımdan AZƏRTAC-ın layihəsinin önəmli olduğunu vurğulayıb.
Tədbirdə “Vətənimi və təbiəti sevirəm” layihəsi çərçivəsində keçirilmiş vətən, tarixi abidələr, ekologiya, təbiət və digər mövzularla bağlı esse və rəsm müsabiqəsinin qalibi olan şagirdlərə diplomlar və hədiyyələr təqdim olunub.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekologiya_Liseyinde_AZARTAC_in_Usaq_Bilik_Portalinin_teqdimati_olub-915389

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR