Fransanın Azərbaycandakı səfiri Xalça Muzeyində olub

Fransanın Azərbaycandakı səfiri Xalça Muzeyində olub
20:48 29 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Fransanın Bakıdakı səfiri xanım Aureliya Buşez Azərbaycan Xalça Muzeyinin qonağı olub.
Görüşdə muzeyin direktoru Röya Tağıyeva müəllifi olduğu “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabını səfirə hədiyyə edib. Bildirib ki, bu kitab Fransanın Azərbaycandakı səfirliyi tərəfindən fransız dilinə tərcümə olunub.
Görüşdə Xalça Muzeyinin Fransa muzeyləri ilə sıx əlaqəsindən söhbət açılıb. Bildirilib ki, Azərbaycan Xalça Muzeyi Fransanın mədəniyyət qurumları ilə sıx əlaqələrə malikdir. 2007-ci ildə Parisdə, UNESCO-nun mənzil-qərargahında görkəmli xalça ustası, xalq rəssamı Lətif Kərimovun 100 illiyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” adlı IV beynəlxalq simpozium misal kimi göstərilib.
2008-ci ildən isə Luvr Muzeyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında saziş imzalanıb. Ötən ay Luvr Muzeyinin islam departamentinin direktoru Yannik Linzi də Xalça Muzeyində olub. Məqsəd Luvr Muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir. Vurğulanıb ki, Luvr Muzeyi kimi böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin keçirilməsi xalqımız və mədəniyyətimiz üçün yüksək göstəricidir. Ən qiymətli, nadir nüsxəli Azərbaycan xalçaları Luvr Muzeyində saxlanılır ki, onların da sayı 50-yə yaxındır.
Qeyd olunub ki, Xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə Xalça günü kimi qeyd edilsin.
Daha sonra ekspozisiyanı gəzən səfir Azərbaycan mədəniyyətinə və incəsənətinə heyranlığını ifadə edib, muzeyin rəylər kitabına ürək sözlərini yazıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fransanin_Azerbaycandaki_sefiri_Xalcha_Muzeyinde_olub-915430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR