Fransanın Bakıdakı səfiri Xalça Muzeyinin qonağı olub

Fransanın Bakıdakı səfiri Xalça Muzeyinin qonağı olub
21:04 29 Dekabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın  29-da  Fransanın Bakıdakı səfiri Aureliya Buşez Azərbaycan Xalça Muzeyinin qonağı olub. Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Xalça Muzeyinin Fransa mədəniyyət qurumları ilə sıx əlaqələrə malik olduğu qeyd olunub. 2007-ci ildə Parisdə, UNESCO-nun iqamətgahında görkəmli xalça ustası, xalq rəssamı  Lətif  Kərimovun 100 illiyinə həsr olunmuş “Azərbaycan xalça sənəti” adlı  IV  beynəlxalq simpoziumu keçirilib.

 

2008-ci ildən isə Luvr muzeyi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında saziş imzalanıb.  Ötən ay Fransanın  məşhur Luvr Muzeyinin İslam Departamentinin Direktoru Yannik Linzi də Muzeydə olub. Məqsəd Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir. Vurğulanıb ki, Luvr muzeyi kimi böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin keçirilməsi xalqımız və onun mədəniyyəti üçün yüksək göstəricidir. Ən qiymətli, nadir nüsxəli Azərbaycan xalçaları Luvr muzeyində saxlanılır ki, onların da sayı 50-yə yaxındır.

 

Görüşdə muzeyin direktoru Röya Tağıyeva müəllifi olduğu “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabını səfir xanım Aureliya Buşezə hədiyyə edib. Qeyd edək  ki, həmin kitab Fransanın Azərbaycandakı səfirliyi tərəfindən fransız dilinə tərcümə olunub.

 

Qeyd olunub ki,  Xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə Xalça günü kimi qeyd edilsin.          

 

Daha sonra ekspozisiyanı gəzən səfir Azərbaycan mədəniyyətinə və incəsənətinə heyranlığını ifadə edərək, muzeyin rəylər kitabına ürək sözlərini yazıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR