Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ukraynada qeyd edildi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ukraynada qeyd edildi
03:41 30 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Nazirlər Kabinetinin Qəbullar Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. ANS PRESS-in məlumatına görə, bayram tədbiri Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu tərəfindən təşkil edilib. Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev dünyada və xüsusən də Ukraynada yaşayan soydaşlarımızı bayram münasibəti ilə təbrik edib. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü barədə qonaqlara geniş məlumat verib. Rəhbərlik etdiyi təşkilatın Ukraynada həyata keçirdiyi layihələrindən danışan H. Cavadov Azərbaycan naminə bir olmağın vacib olduğunu diqqətə çatdırıb:



“Həmrəylik gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları tərəfindən bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycanlılar üçün xaricə getmək şərt olmalı deyil, harada olmasından, hansı şəraitdə olmasından asılı olmayaraq onlar ölkəsinin, xalqının müsbət imicinin formalaşmasına çalışmalıdırlar. Azərbaycan diasporunun təbliğat işi təşkilatlanma və həmrəylik üzərində qurulmalıdır. Diaspora işi bu meyarlar üzərində daha güclü inkişafa doğru gedəcək. Bu meyarlar azərbaycançılığı, milli mənəvi dəyərləri, dünyəvi dəyərləri özündə daşıyan, bəşəriyyətə töhfə verə biləcək Azərbaycan gəncliyinin bu meyarlar altında cəmləşməsi olmalıdır. Biz təbliğat sistemində milli mənəviyyata və maraqlara nə qədər üstünlük verəcəyiksə, bəşəri dəyərlər də kənarda qalmamalıdır”.



UABD-nin dəvəti ilə Ukraynaya səfər etdiyini bildirən Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ruslan Quliyev tədbir iştirakçılarına komitə rəhbərinin təşəkkür və təbriklərini çatdırıb. Komitə rəsmisi UABD-nin Ukraynada gördüyü işləri daim izlədiklərini və yüksək qiymətləndirdiklərini bildirib.



Tədbirin rəsmi hissəsində Ukrayna xalq deputatı Maksim Kuryaçi, Ukraynada Azərbaycan diasporunu yaradanlardan biri, keçmiş səfir Tələt Əliyev, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq ictimai təşkilatının prezidenti Oleq Krapivin və ictimai xadim Lyudmila Suprun toplantı iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik ediblər. Sonra dünya şöhrətli sənətkar Rəşid Behbudovun qardaşı oğlu, UABD-nin üzvü, tanınmış müğənni Cəfər Behbudovun iştirakı ilə konsert olub. C. Behbudov Azərbaycan və Ukrayna bəstəkarlarının mahnılarını ifa edib. Sonra Kiyevdə 1 nömrəli Qafqaz xalq rəqsləri məktəbinin “Qafqaz” Ansamblının ifasında Azərbaycan xalq rəqsləri də tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib.



Azərbaycan mətbəxinin ləziz yeməklərinin təqdim olunduğu tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Ukrayna hökumət orqanları, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, şəhər meriyasının nümayəndələri, Azərbaycan diasporunun, işgüzar dairələrin rəhbərləri və fəalları, ölkənin mədəni elitası və digər qonaqlar iştirak ediblər.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR