“Hökumət çalışacaq ki...”

“Hökumət çalışacaq ki...”
08:27 30 Dekabr 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

İqtisadçı ekspert Vüqar Bayramov iqtisadi durumdan danışıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, V.Bayramovun sözlərinə görə,2016-cı il Azərbaycan üçün iqtisadi baxımdan asan olmayacaq: "Bu, həm neftin qiymətinin enməsi ilə bağlıdır, həm də ölkəyə daxil olan valyutaların həcminin azalması səbəbindən, manata təzyiqlərin artması ilə əlaqədardır. Bəllidir ki, neftin qiymətinin aşağı düşməsindən sonra Azərbaycanın neft ixracatından əldə etdiyi gəlir üç dəfə azalıb. Bu, ölkəyə daxil olan valyutanın həcminin üç dəfə azalması deməkdir. 2016-cı ildə hökumətin siyasəti qənaət rejiminə keçmək və qənaət etməkdən ibarətdir. Hökumət çalışacaq ki, 2016-cı ildə qənaət prinsipini davam etdirsin, vəsaitlərə qənaət etsin. Manatın devalvasiyasından öncə də 2016-cı ilin dövlət büdcəsindən sosial  istiqamətə ayrılacaq vəsaitlərin həcmində azalmaların olacağı gözlənilirdi. Növbəti ildə sosial istiqamət üzrə 3.7 milyard manat vəsait ayrılacaq ki, bunun 3.6 milyardı birbaşa əmək haqqı xərcləridir. Qalanları isə sosial yardımlarla bağlıdır. 2016-cı ildə hökumətin sosial ayırmaların həyata keçirilməsi ilə bağlı çətinlikləri olmayacaq. Çünki indiki məqamda 3.7 milyard manatın qarşılanmasında hər hansı bir çətinlik olacağı  gözlənilmir. Ancaq infrastruktur layihələrində kəskin azalmalar olacaq. Söhbət nəqliyyat və digər uyğun sektorlarda infrastruktur layihələrindən gedir. Çünki hökumət infrastruktur layihələrini dayandırmaqla, çalışacaq ki, sosial öhdəliklərini yerinə yetirə bilsin".
V.Bayramov növbəti ildə  Bakının mərkəzində "Sovetski" kimi tanınan ərazidə hansı işlərin planlaşdırılmasından da danışıb:

""Sovetski"  kimi tanınan ərazidə sosial obyektlərin salınması mümkündür. Ora əsasən investorların cəlb edilməsi nəzərdə tutulur. Öncədən də yanaşma ondan ibarətdir ki, həmin ərazi xarici investorlar cəlb edilməklə, uzunmüddətli icarəyə verilsin. Bu baxımdan indiki halda həmin istiqamət üzrə büdcədən iri həcmli ayırmaların həyata keçirilməsi mümkün deyil. "Sovetski" və digər  söküntü gedən yerlərdə məqsədəuyğun yol, xarici investorlar hesabına həmin ərazilərin yenidən qurulmasını həyata keçirmək və uzunmüddətli dövr üçün icarəyə verməkdir".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/394189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR