Dünya azərbaycanlılarının birliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir

Dünya azərbaycanlılarının birliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir
09:03 30 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bişkek, 30 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bişkekdəki Qırğızstan-Rusiya Slavyan Universitetində (QRSU) mərasim keçirilib.
Tədbirdə universitetin professor-müəllim və magistr heyəti, tələbələr, diasporumuzun üzvləri iştirak ediblər.
Rektor Vladimir Nifadyev belə bir əlamətdar tədbirin rəhbərlik etdiyi universitetdə keçirilməsindən məmnun olduğunu bildirib, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb.
Qırğızıstandakı səfirimiz Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü ilə bağlı dünya azərbaycanlılarına müraciətini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Səfir qeyd edib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir.
H.Orucov xaricdə yaşayan soydaşlarımızın bütün problemlərinin Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu, dövlətimizin bu sahədə uğurlu siyasət apardığını və müsbət nəticələr qazandığını vurğulayıb. Həmçinin qeyd edib ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf edir və bu xətt hər iki ölkənin dövlət başçılarının apardıqları siyasətin prioritet istiqamətlərindəndir.
Tədbirdə çıxış edən Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev Qırğızıstana sürgün olunan azərbaycanlılar haqqında məlumat verib.
Görüşün sonunda səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_azerbaycanlilarinin_birliyi_ideyasi_umummilli_lider_Heyder_Aliyevin_xalqimiz_qarsisinda_gosterdiyi_tarixi_xidmetlerden_biridir-915456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR