Muxtar respublikada multikulturalizm dəyərləri daim təbliğ olunur

Muxtar respublikada multikulturalizm dəyərləri daim təbliğ olunur
12:13 30 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 30 dekabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, komissiyanın sədri Mirhəşim Seyidov Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2015-ci ildə gördüyü işlər haqqında məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında milli mənəvi dəyərlərin qorunmasına və təbliğinə xüsusi diqqət yetirilir, dini bayramlar yüksək səviyyədə qeyd edilir. Muxtar respublikanın məscidlərində İslam dininin əsaslarına uyğun olaraq ibadətlər təşkil edilir, tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. İslami dəyərlərdən irəli gələn ənənələr yaşadılır, azsaylı xalqların nümayəndələrinin də mədəni irsinin qorunmasına və dini azadlığına hörmətlə yanaşılır.
Qeyd edilib ki, muxtar respublika ərazisində müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. 2015-2016-cı tədris ilində “Naxçıvan” Universitetində dinşünaslıq ixtisasının açılması bu sahəyə göstərilən dövlət qayğısını və muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasını ifadə edir.
“Naxçıvan Muxtar Respublikasının Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyası 2015-ci ildə fəaliyyətini dövlət-din münasibətlərinin tənzimlənməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə milli mənəvi dəyərlərimizin təbliği ilə bağlı maarifləndirmə işlərinin təşkili istiqamətində qurmuşdur”, – deyən Mirhəşim Seyidov diqqətə çatdırıb ki, komissiya tərəfindən dini icmaların iştirakı ilə sağlam dini mühitin formalaşdırılması, dindən bir vasitə kimi yararlanmağa çalışan xarici dairələrin ideoloji həmlələri qarşısında sayıqlığın artırılması istiqamətində silsilə xarakterli tədbirlər keçirilib. Əvvəlki illər də daxil olmaqla, bu günədək qeydiyyatdan keçmiş 680 din xadiminin hər birinə pulsuz olaraq komissiya tərəfindən iki dəstdən ibarət yay və qış geyim forması verilib, din xadimlərinin dini və yas mərasimlərində geyim formalarına əməl etmələri nəzarətdə saxlanılıb. 2015-ci ildə dini biliklərin artırılması məqsədilə şəhər və rayonlarda təkmilləşdirmə kursları təşkil olunub. Bu kurslarda Naxçıvan şəhəri üzrə 25, Culfa rayonu üzrə 29, Şərur rayonu üzrə 65, Sədərək rayonu üzrə 18 olmaqla, ümumilikdə, 137 din xadimi iştirak edib. Qadınlar üçün də kurslar təşkil edilib, bu kurslara 150 qadın qatılıb.
Bildirilib ki, muxtar respublika ərazisində mövcud olan məscidlərin, dini ibadətgahların qorunması, onların yerləşdiyi binaların və ətraflarının təmiz və səliqəli saxlanılmasına nəzarət artırılıb, bu məqsədlə müntəzəm yoxlamalar keçirilib, ciddi nöqsanlara rast gəlinib. Muxtar respublika ərazisinə dini təyinatlı ədəbiyyatların gətirilməsi və satışı nəzarətdə saxlanılıb, məzhəb ayrı-seçkiliyi salan 716 ədəd dini təyinatlı ədəbiyyatın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb. Muxtar respublika gənclərinin milli və mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri və yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib.
Qeyd olunub ki, 2015-ci ildə əhalinin maarifləndirilməsi məqsədilə Naxçıvan Dövlət Televiziyasında 32 veriliş hazırlanıb. Bununla yanaşı, 500 ədəd “İslam dininin əsasları” adlı vəsait hazırlanaraq din xadimlərinə paylanılıb. Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyanın üzvləri rayonlarda yaradılmış komissiyalarla birgə “Tolerantlıq nümunəsi Azərbaycan”, “İslamda tolerantlıq”, “Müasir Azərbaycanda multikulturalist dəyərlər” mövzusunda 14 maarifləndirici tədbir keçirib. Bu tədbirlərdə gənclərin iştirakına üstünlük verilib, muxtar respublikada multikulturalizmin əhəmiyyəti və dini məsələlərlə bağlı çıxışlar dinlənilib.
Komissiyanın sədri vurğulayıb ki, muxtar respublikanın şəhər və rayonlarında yaradılmış müvafiq komissiyalar tərəfindən də multikulturalizm və dini məsələlər üzrə bir sıra tədbirlər keçirilib.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə qarşıda mühüm vəzifələr durur. Muxtar respublika komissiyası artıq iş planı hazırlayıb. Şəhər və rayon komissiyaları da qısa müddətdə öz iş planlarını hazırlamalı, iş planında nəzərdə tutulan tədbirlər vaxtlı-vaxtında icra edilməlidir. Muxtar respublika əhalisinin, xüsusən də gənclərin maariflənməsinə yönəlmiş tədbirlərə üstünlük verilməlidir. Komissiyalar 2016-cı ildə bu istiqamətdə fəallığını artırmalıdır.
Sonra məruzə ətrafında Naxçıvan Şəhər İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri Sərdar Salahovun, Şərur Rayon İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri İlham Bədəlovun, Şahbuz Rayon İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri Mətanət Məmmədovanın çıxışları olub. Çıxış edənlər görülən işlər barədə ətraflı məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının 2016-cı il üçün iş planı barədə iclas iştirakçılarına ətraflı məlumat verib.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının sədri Mirhəşim Seyidov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə iclas iştirakçılarını təbrik edib, onlara işlərində yeni-yeni uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikada_multikulturalizm_deyerleri_daim_teblig_olunur-915490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR