Səhiyyə naziri: "Azərbaycanda 600-ə yaxın tibb müəssisəsi əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib"

15:52 30 Dekabr 2014
93 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:46 ]

Bakı. Könül Kamilqızı - APA. Bir neçə il ərzində Bakı şəhərində və rayonlarda 600-ə yaxın tibb müəssisəsi tam, əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib.

 

APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev 2014-cü ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxşı zamanı deyib ki, artıq necə illərdir mütəxəssislərin hazırlanması siyasəti davam etdirilir.

 

Nazir qeyd edib ki, ölkədə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar əvvəllər Avropa ölkələrinin bəzilərində, Rusiyada sümük iliyi transplantasiyası həyata keçiriblər: “Bu böyük vəsait, mütəxəssis tələb edən işdir. Biz bunu nə vaxt həyata keçirə biləcəyimizi düşünürdük. Bu gün isə artıq Respublika Talassemiyya Mərkəzində 2014-cü il ərzində 10 sümük iliyi transplantasiyası həyata keçirilib. İlk əməliyyatlar Belarus mütəxəssislərin köməyi ilə həyata keçirilsə də, sonralar mütəxəssislərimiz öncə 10 faiz, sonra 30, 50, 80 faiz öz cərrahlarımızın iştirakı ilə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirməyə başladı. Bu gün isə bu əməliyyatları yalnız öz mütəxəssislərimizdən ibarət əməliyyat qrupu icra edir. Bir neçə il öncəyə qədər Milli Məclisdə müzakirələr zamanı kardiocərrahiyyə məsələsi qabardılır, ölkəmizdə bu xəstəlikdən xeyli sayda uşağın tələf olması səhiyyəmizin o illəri üçün ağrılı faktı kimi önə çəkilirdi. Onların bəziləri Heydər Əliyev Fondu tərəfindən xaricə müalicəyə göndərilirdi. İndi ölkəmizdə minlərlə belə əməliyyat həyata keçirilir. Biz çox sevinirik ki, minlərlə uşağa faktiki olaraq həyat bağışlanıb”.

 

O.Şirəliyev bir neçə il öncəyə qədər hemodializli xəstələrə ölümə məhkum insanlar kimi baxıldığını deyib. Lakin hazırda 3000-ə qədər insanın dövlət hesabına hemodializ aldığını deyən nazir qeyd edib ki, bir neçə müəssisədə böyrək transplantasiyası əməliyyatları aparılır: “Əvvəllər insanlar pulsuz dializ üçün hətta həftədə 3 dəfə Bakıya gəlməyə razı idi, təki yaşasınlar. İndi rayonlarda belə mərkəzlər fəaliyyət göstərir. Bunun nəticəsidir ki, sadə insanların dövlətinə inamı artır”.

 

Nazir dağınıq skleroz xəstəliyinin çox böyük problem olduğunu və bu gün artıq 700-ə qədər xəstənin dövlət hesabına tam uğurla müalicə aldığını qeyd edib. Şəkərli diabet problemini yada salan O.Şirəliyev bütün dünyanın problemi olan bu xəstəlikdən bir neçə il öncəyə qədər müraciətlərin bir qisminin dərmanlarla bağlı olduğunu nəzərə çatdırıb: “Lakin hazırda nə dağınıq sklerozla, nə dializlə, nə də şəkərli diabetlə bağlı bu səpkili müraciətlər yoxdur. Bu da təsadüfi deyil. Bu ixtisaslar üzrə xüsusi komissiyalar fəaliyyət göstərir. Bir neçə mütəxəssis birgə qərarlar verir və həmin qərarlar çox dəqiq icra olunur.

 

Ölkə rəhbərinin bizə tapşırığı millətin sağlamlığı, gələcək nəslin sağlamlığının qorunmasıdır. Bildiyiniz kimi, dövlət proqramlarının böyük bir hissəsi uşaqlarla bağlıdır. Ölkədə uşaqların dispanserizasiyasının həyata keçirilməsinə vəsait ayrılıb. Bunun üçün imkanlar yaradılıb. Xroniki xəstəliklərlə bağlı 55 faiz uşaq dispanser qeydiyyatdan çıxarılıb. Bu o deməkdir ki, həmin uşaqların xəstəliyi vaxtında aşkar edilməsəydi, müalicə olunmasaydı, ömürlük əlil, xəstə adam kimi qalacaq və ildən-ilə xəstəlik inkişaf edəcəkdi. Heç bir ölkədə bu yoxdur”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR