Bayram süfrəsi: bunları etmək məcbur deyil

Bayram süfrəsi: bunları etmək məcbur deyil
20:52 30 Dekabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ili yola salıb, 2016-cı ili qarşılayırıq. Sözsüz ki, Yeni il bayramını təmtəraqlı keçirmək artıq bir ənənə halını alıb. Bütün evlərdə süfrələr açılır, ortaya dadlı təamlar gəlir. Əlbəttə, bu gözəl təamlardan dadmamaq mümkün deyil. Üstəlik, yeni il ərəfəsində bir neçə gün tətil olması və bayram əhvalının davam etməsi, qonaqlıqlar, süfrəyə düzülən cürbəcür yeməklər bizi iradəmizlə qarşı-qarşıya qoyur. Elə isə bu günlərdə necə qidalanaq ki, sonra peşman olmayaq? Həkim-dietoloq Leyla Zülfüqarlı Aile.lent.az-a bayram və tətil günlərində düzgün qidalanmaqla bağlı məsləhətlərini verib.
 
Dietoloq deyir ki, qış mövsümü qidalanma qaydaları ilə fərqlənir. Belə ki, qışda günlər qısa, gecələr uzun olur, üstəlik, bayramlar qeyd edirik. Mövsümdən-mövsümə keçid hormonal sistemimizdə də dəyişikliklər yaradır. Bununla yanaşı, bayram günlərində hazırlanan təamların həddən çox kalorili olması bizi arzuedilməz problemlərlə qarşı-qarşıya qoyur. Və bayramdan çox keçmədən artıq çəkilər özünü göstərməyə başlayır. Bütün bu xoşagəlməz hallarla rastlaşmayaq deyə, yemək menyumuza fikir verməli, gündəlik qrafikimizə diqqət etməliyik. Xüsusilə də, bayram süfrələrinə diqqətlə yanaşmaq lazımdır.
 
L. Zülfüqarlı indiyədək formalaşan bayram süfrələrimizdə bəzi yanlışlıqlar olduğunu vurğulayır: "Artıq süfrələrimizə "əl gəzdirmək" vaxtı çatıb. Bununla bağlı bir neçə qızıl qaydanı məsləhət görürəm. Bayram günləri dekabr ayının son həftəsindən başlayır və yanvarın 13-dək davam edir. Bu günlərdə süfrələr əsasən axşam saat 8-dən sonra açılır. Sanki bayram saat 8-dən sonra başlayır. Bu, bizim ilk səhvimizdir. Biz bayram günlərinin hər birini əlamətdar keçirə bilərik. 1-2 gün ərzində süfrəyə düzdüyümüz təamları bayram günləri arasında bölə bilərik".
 
Lakin elə ailələr var ki, bayramı yalnız iki gün qeyd edir. Həkim-dietoloq iki gün ərzində süfrəyə yığılan qidaları düzgün bölməyi məsləhət görür: "Axşam süfrəsinə yığdığımız çiy və bişmiş salatlar, şirniyyat, isti yeməklər, meyvələr, qazlı içkiləri birinci günün yarısından etibarən bölməliyik. Bayram günlərində salatları günün birinci yarısında yeməyimiz uyğundur, çünki nəzərə almaq lazımdır ki, salatlar yüksək kalori ehtiva edir, xüsusən də həmin salatlar mayonez və ya smetanla hazırlanıbsa. Bəzi salat növləri var ki, artıq bizim ailələrdə onları bayram günlərində hazırlamaq ənənə halını alıb. Əgər bu cür salatlardan vaz keçə bilmiriksə, heç olmasa, axşam süfrələrində yeməyək. Axşam süfrəsində isə isti yeməklərə üstünlük verilməlidir".
 
"Tez-tez və az-az" prinsipinə necə əməl etməliyik?
 
Digər səhvimiz isə yemək porsiyaları ilə bağlıdır. Leyla xanım burada da orta dərəcə prinsipini üstün tutmağı məsləhət görür: "Bayram günlərində isti yeməklər bir-birini əvəz edir: plovlar, dolmalar, kabablar və s. Bu ardıcıllığa xüsusi diqqət etməyimiz lazımdır. Plovun bəlli bir ölçüsü var. Kabab yeyən adam plovdan 7 xörək qaşığı qədər yeməlidir. Bəzən yemək miqdarını idarə edə bilmirik. Porsiyaların çox olması da artıq kalori deməkdir. Buna görə də müəyyən ölçüyə diqqət etmək lazımdır".
 
Vacib məqamlardan biri də süfrələrə qoyulan meyvələrdir. Əslində meyvələri gün ərzində və orqanizmin tələb etdiyi vaxtlarda yeməliyik. İnsanların çoxu isə isti yemək, salat və meyvələri eyni vaxtda yeyir. L. Zülfüqarlı bunun qida nizam-intizamına zidd olduğunu vurğulayır: "Gecə saat 11-12-ə qədər uzanan bayram süfrələrində yeməkləri, salatları, şirniyyatları, meyvələri eyni vaxtda yemək və çay içmək məcburiyyətində deyilik. Bunların hamısını vaxtlara bölməliyik. İsti yeməklərdən bir saat yarım keçdikdən sonra çay içmək olar. Yeməkdən bir saat yarım sonra meyvə də yemək olar. Meyvə və çayı eyni vaxta salmaq olmaz. İsti yeməklə bərabər meyvələrin yeyilməsi ən böyük səhvdir".
 
 
Çox vaxt fərqinə belə varmadan qidaların bişirilməsində də səhvə yol verilir. Xüsusilə də bayram günlərində bişirilən qidalarda yanlışlıqlara rast gəlinir. Həkim-dietoloq süfrələrə qızardılmış və yandırılmış qidaları düzməyin düzgün olmadığını deyir. O, ət yeməklərinin daha çox izqara və sobada bişirilmiş formasına üstünlük verilməsini məsləhət görür, nəinki yağda qızardılmasına.
 
L.Zülfüqarlı milli mətbəximizin şah yeməyi olan plov haqqında da fikirlərini bölüşdü. Plovun müxtəlif növlərinin düzgün qaydada yeyilməsi vacibdir: "Plovumuzun 300-dək növü var. Nədənsə biz yalnız turşuqovurma plovuna üstünlük veririk. Xüsusilə də bayram günlərində aktual olur. Bu isə plovların içərisində ən kalorili növüdür. Səbzəli plov, şüyüd plov və ləvəngi plovu isə nisbətən az kalorilidir. Bayram günlərində, yemək çeşidlərinin çox olduğu süfrələrdə məhz bu cür az kalorili plov növləri arzuediləndir".        
 
Pəhriz saxlayanlar da bayram günlərində narahat olmasınlar. Həkim-dietoloq bildirir ki, pəhriz saxlamaq heç də müəyyən günlər üçün məhdudiyyət demək deyil: "Əgər pəhriz həyat tərzi deməkdirsə, bayram günlərini də problem etmək lazım deyil. Hər gün yediyimiz qidaları bayram günlərində də istisna etməyə bilərik. Nədənsə insanlar arasında pəhriz haqqında belə bir səhv fikir formalaşıb ki, pəhriz saxladıqda yalnız bir qida yeyə bilərik. Bu cür insanlar bayramı ürəklərincə keçirmədiklərindən şikayətlənirlər. Lakin pəhriz saxlayıb həm də gözəl bayram keçirənlər də az deyil. Bunun səbəbi isə yalnız sağlam qidalanmaqdır. Pəhriz bir gün, bir həftə, bir ay ediləcək bir iş deyil. Pəhrizi ömrü boyu saxlamalıyıq. Düzgün bəslənmə əslində elə pəhrizdir. Yuxarıda qeyd etdiyimiz düzgün qidalanma qaydaları pəhriz saxlayanlara da aiddir".     

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR