İdmançılarımızdan etiraflar: “2016-cı ildə Şaxta babanı gözləyirik”

İdmançılarımızdan etiraflar:   “2016-cı ildə Şaxta babanı gözləyirik”
11:12 31 Dekabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci il başa çatır. Sabah “qoyun ili” “meymun ili “ilə əvəzlənəcək. “Qoyun ili” bəzi idmançılar üçün uğurlu, bəziləri üçün monoton, bəziləri üçün isə tam bir uğursuzluq zolağı oldu.
 
Publika.az 2015-ci ilin başa çatması məqsədi ilə idmançılarımızla sorğu etmək qərarına gəlib. Sayt idmançılara 3 sualla müraciət edib:
 
- 2015-ci il idmançılarımız üçün necə yadda qaldı?
- Onlar 2016-cı ildən nə gözləyirlər?
- Yeni ili necə qeyd etməyi planlaşdırırlar?
 
Bu suallar Azərbaycan idmanında tanınan, bayrağımızı qaldırıb, himnimizi səsləndirmək üçün can qoyan idmançılarımıza ünvanlanıb. Hər kəs müxtəlif fikirlər səsləndirib. Amma hər biri yeni il üçün daha çox uğur qazanıb, daha böyük qələbələrə kökləndiyini bildirib.
 
Əməkdar idman ustası, əməkdar məşqçi, Kikboksinq üzrə 22 qat dünya çempionu Eduard Məmmədov: "2015-ci illə bağlı çox şey danışmaq olar. İlk öncə Azərbaycanda keçirilən I Avropa Oyunlarını qeyd etmək lazımdır. Çox yüksək səviyyədə təşkil olunmuşdu. Bundan əlavə, həmin beynəlxalq turnirdə idmançılarımızın qazandıqları uğurları yüksək qiymətləndirirəm. Oyunların açılışı, bağlanışı möhtəşəm idi. Mən həm açılışda, həm də bağlanışda iştirak etdim. Bu günə qədər dəfələrlə beynəlxalq turnirlərdə iştirak etmişəm, heç biri bu cür möhtəşəm təşkil edilməmişdi. Təbii ki, bu turnirin bu dərəcədə yüksək səviyyədə təşkil olunması cənab prezidentimiz İlham Əliyevin idmana olan diqqət və qayğısının sayəsindədir. Həmçinin 2015-ci ildə bizim yeni idman kompleksləri açıldı. Bundan sonra da uğurlarımızın çox olacağına çalışacağıq. Elə 2015-ci il mənim üçün də çox uğurlu keçdi. Martda Portuqaliyada peşəkarlar arasında “dünya kəməri”nin sahibi oldum. Noyabrda İspaniyada keçirilən həvəskarlar arasında kikboksinqin WKA versiyası üzrə dünya çempionu oldum. 22-ci dünya çempionluğumu yaşadım. İnanıram ki, 2016-cı ildə uğurlarımızın sayı daha da artıq olacaq. Yeni ildə bütün idmançılarımıza uğurlar arzulayıram. Bizi bir çox yarışlar gözləyir. İlk dəfə Bakıda “Formula-1” yarışları keçiriləcək. Bundan əlavə, olimpiadaya hazırlaşan idmançılarımıza uğurlar arzulayıram".
 
Azərbaycanın basketbol üzrə yığmasının üzvü Amil Həmzəyev: "2015-ci il çox gözəl, uğurlu başladı. Ancaq Avropa Oyunlarındakı zədəyə görə çox məyus oldum. 2016-cı ildə tam sağlam şəkildə böyük idmana qayıdıb, yeni nəticələr əldə etmək niyyətindəyəm. Yeni ili ailəmlə, yaxınlarımla evdə qeyd edəcəyəm”.
 
Kikboks üzrə beşqat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü Pərviz Abdullayev: "2015-ci il mənim üçün ən yaddaqalan illərdən oldu. Keçirdiyim döyüşlərin hamısında qalib gəldim. Ən böyük uğurum isə ilk azərbaycanlı kimi “Glory World Series” turnirində iştirak etmək və qələbə qazanmaq oldu. 2016-cı ildə əsas hədəfim karyeramda yüksəkliyə doğru addımlamaq və “Glory”nin yarışlarında qalib gəlməkdir. Həmçinin “Glory” dünya kəmərinin sahibi olmaq istəyirəm. Yeni ili ailəmlə, övladımla, evdəkilərlə qeyd etməyi planlaşdırıram. Qarşıdan gələn ildə isə xalqımıza əmin-amanlıq, sağlamlıq və bütün idmançılarımıza da qələbə arzulayıram”.
 
Cüdo üzrə dünya çempionatının bürünc (2013), Avropa Oyunlarının gümüş medalçısı Orxan Səfərov: "2015-ci il əlbəttə ki, bizim üçün ən yaddaqalan və vacib yarış Avropa Oyunları idi. 2016-cı ili zədəsiz keçirmək və Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunlarında iştirak etmək niyyətindəyəm. Bayramı hər il olduğu kimi, ailəm və dostlarımla qeyd edəcəm".
 
Kikboks üzrə dünya çempionu Elşad Ələsgərov: "2015-ci il mənim üçün demək olar ki, ən gözəl və yaddaqalan il oldu. Azərbaycan Kikboks yığmasının tərkibində Serbiyanın Belqrad şəhərində keçirilən WAKO versiyasi üzrə Dünya Çempionatında 54 kq-da “K-1” yarışlarında qalib oldum. Bununla da Azərbaycanda kikboksun idman növündə “K-1” versiyasında yeganə dünya və Avropa çempionu olduğum açıqlandı. Bundan başqa, 2015-ci ildə Azərbaycan Kikboksinq Fedarasiyası tərəfindən və Gənclər və İdman Nazirliyi tərəfindən “idman ustası” adı ilə təltif edildim. 2016-cı ildə “Şaxta baba”nı gözləyirik (gülür). Təbii ki, bu bir zarafatdır. Azərbaycan birinciliyində qələbə qazanaraq Türkiyədə Kikboks WAKO versiyası üzrə Avropa çempionatında Azərbaycanı təmsil etmək istəyirəm. Orada da qalib gəlib, bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək arzusundayam. Yeni ili ailəmlə qeyd etməyi düşünürəm. Məni bu idmana gətirdiklərinə, verdikləri tərbiyəyə görə onlara borcluyam. Azərbaycan xalqını Həmrəylik Günü münasibəti ilə təbrik edirəm".
 
Taekvondo üzrə ikiqat Avropa çempionu, I Avropa Oyunlarının gümüş medalçısı Fəridə Əzizova: "2015-ci il üçün ən yaddaqalan hadisə Avropa Oyunları və yarış zamanı keçirdiyim hisslər oldu. Bu uğurumu çıxmaqla əslində 2015-ci il mənim üçün çox ağır oldu. İnanıram ki, 2016-cı il uğurlu olar. Yanvarın 15-16-da Türkiyədə lisenziya xarakterli turnir keçiriləcək. Riodakı olimpiya oyunlarına lisenziyanı qazansam, il mənim üçün uğurlu başlayacaq. Dekabrın 30-na kimi məşq edəcəm. Bu üzdən hələ də yeni ili necə keçirəcəyim sual altındadır (gülür)... Yəqin ki, dostlarımla keçirərəm..."
 
Yunan-Roma güləşi üzrə Avropa və Dünya çempionu, I Avropa oyunlarının bürünc mükafatçısı Həsən Əliyev: "2015-ci il mənim üçün elə də uğurlu olmadı. 2016-cı ildən isə gözləntilərimiz çoxdur, inşallah. Yeni ili ailəmlə birgə olacam, onlarla qeyd edəcəm".

Karate-do üzrə ümumilikdə 3 qat dünya, 6 qat Avropa çempionu, Avropa Oyunlarının bürünc medalçısı Niyazi Əliyev: "2015-ci il mənim üçün yadda qalan bir il oldu. Çünki bu il bir çox turnirlərdə qalib oldum, mükafatçılar sırasına düşdüm. Ən əsası isə İstanbulda Avropa Çempionu oldum, Avropa Oyunlarının da bürünc medalını qazandım. Həmçinin cənab prezident tərəfindən Fəxri fərmanla və “Tərəqqi” medalı ilə təltif olundum. Bunlar da mənim üçün 2015-ci ilin ən mötəbər hadisələrindədir. 2016-cı ildə bizi Avropa çempionatı gözləyir. Məsuliyyətli il olacaq. Çünki nəticələrimiz 2017-ci ildəki İslam Olimpiadasına vəsiqə qazanmaq baxımından əhəmiyyətli olacaq. 2016-cı ili mənə əziz olan insanların əhatəsində, ailəmlə, oğlumla keçirəcəm".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dmanclarmzdan-etiraflar-t46530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR