Altay Həsənov: "İdman gimnastikasından olimpiya medalı gözləyirik"

Altay Həsənov: "İdman gimnastikasından olimpiya medalı gözləyirik"
14:42 31 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun "Report"a müsahibəsi:
- 2015-ci ili necə dəyərləndirirsiniz?
- Bu il nəinki qənaətbəxş, hətta çox uğurlu alındı. Çünki tarixdə ilk dəfə Bakıda keçirilmiş Avropa Oyunlarında gimnastika növləri silinməz izlər buraxdı. 7 medaldan 5-ni Azərbaycanda dirçəltməyə başladığımız idman gimnastikasında əldə etdik. Heç vaxt bizdə mövcud olmayan batut növündə medal qazandıq. Bədii gimnastikada isə hələ sovet dövründən mövcud olan ənənələri davam etdirdik. Ona görə də 2015-ci ili çox uğurlu nəticələrlə başa vurduğumuzu düşünürəm. "Planka"nı daha da yüksəyə qaldırdıq və ən azı bu həddə saxlamağa çalışacağıq.
- Bu, nə qədər asan və ya çətin olacaq?
- İdmanda asan heç nə olmur. Hər hansı nailiyyətə imza atdıqda səndən həmin nəticəni ən azı təkrarlamağı gözləyirlər. Rəhbərlik qarşına daim yüksək nəticələr göstərmək vəzifəsi qoyur. Buna görə də gələn il daha çətin olacaq. Artıq beynəlxalq aləmdə bizimlə hesablaşırlar. Bizi gimnastika derjavası kimi tanıyıblar. Gimnastikanın rəsmən tanınan 7 növünün hamısını inkişaf etdiririk. Halbuki 2002-ci ildə yeni fəaliyyətə başladığımız vaxt cəmi 3 növ var idi. İndi isə dünyada gedən gimnastikanın inkişaf prosesinin tamhüquqlu iştirakçısıyıq. Dünyanın bütün qitələrindən komandalarımızla birgə təlim-məşq toplanışlarında iştirak üçün Bakıya gəlirlər. Hələlik bu, bədii gimnastikada baş verir. Ümidvaram ki, gimnastikanın digər növlərində də bu, belə olacaq. Artıq yaxşı nəticələrlə bədii gimnastikanın meyvələrindən dadmağa başlamışıq. Ən vacib amillərdən biri budur ki, çox yaxşı kollektivimiz var. Federasiyamızdakı ab-hava çox gözəldir. Qürur hissi ilə deyərdim ki, federasiyamızda bir sistem yaranıb. Bu sistem təkcə idman yox, insan ünsiyyətindən ibarət olmaqla, yad elementləri özündən kənarlaşdırır. Federasiyamızda rəhbərlikdən tutmuş adi işçiyədək hamı bir məqsəd üçün çalışır. Nəticələrimizlə yanaşı, belə bir ab-hava yaratmağa müvəffəq olmuşuq. Əcnəbi mütəxəssislər də bu prosesə qoşularaq, sistemin tərkib hissəsinə çevrilirlər. Dövlət bizim qarşımıza kütləvilik yaratmaq məqsədi qoyub ki, bunu da bacarmışıq.
- "Bakı 2015" Avropa Oyunlarında gimnastların uğurlu çıxışını qeyd etdiniz. Bəs, ilk olimpiya medalını nə zaman qazanacaqsınız?
- Olimpiya medalı qazanmaq daim çətin olub. Üstəlik, bu dəfə dünyanın o başına - Braziliyanın Rio-de-Janeyro şəhərinə yollanacağıq. Digər tərəfdən, birdən-birə idman gimnastikasında medallar qazandıqdan sonra bizimlə hesablaşmağa başlayıblar. Deməzdim ki, bizi sevmirlər, amma hərdən dayandırırlar. Çünki daimi üzvlərə, daim uğur qazananlara təhlükə yaratmağa başlamışıq. Bu səbəbdən olimpiya medalı qazanmağın asan olmayacağını düşünürəm. Üstəlik, olimpiadada psixoloji köklənmə də tam fərqli olur. Evdə çıxış etmək nə qədər çətindirsə, olimpiadada bu, hər şeydən çətindir. Sadəcə, idmançılar daha məsuliyyətli olmalı, tarixi şansdan maksimum yararlanmağı bacarmalıdırlar. Bir anın hər şeyi həll etdiyinin fərqində olmalıdırlar. Psixoloji hazırlıq ən vacib amil olmalı, sonra isə idman xoşbəxtliyi kömək etməlidir. Medal gözləyirik, amma çox çətin olacaq.
- Yəqin ki, medalı idman gimnastikasından gözləyirsiniz...
- Təbii ki... Çünki bədii gimnastika ilə bağlı 10 ildən artıqdır mövcud olan vəziyyəti özünüz bilirsiniz. Heç kimə sirr deyil ki, "bizi çox istəyirlər". Əllərindən gələni edirlər ki, öz məharətimizi göstərək. Biz də göstəririk. Amma həmişə layiqincə qiymətimizi almırıq. Hərçənd bərkimişik. Həmişə müsahibələrimdə demişəm ki, bizi döyə-döyə bərkidiblər. Lap Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərindəki kimi... Vurulduqca daha yaxşı olmuşuq. Ona görə də bundan zəif nəticə göstərə bilmərik. Çalışacağıq. İdmançıları və məşqçiləri nəticə vermədikdə belə dəstəkləmək lazımdır. Çünki onlar əllərindən gələni edirlər. Qeyri-obyektivlik həyatda da, idmanda da olur. Təki idmançılar sınmasınlar, həyatlarına məşqçi kimi və ya digər sahələrdə davam etsinlər. Biz də çalışırıq ki, idmançı karyeralarını bitirənləri saxlayaq.
- Azərbaycan bədii gimnastlarında bir tendensiya da müşahidə olunur: sanki karyeralarını tez bitirirlər, səhnədə çox qalmırlar...
- Razıyam, sanki çox tez qocalırlar. Nəticə olmadıqda karyeralarını bitirirlər. Biz də çox təəssüflənirik ki, onlar hansısa səbəbə görə səhnədən gedirlər. Amma bu, idmandır, həyatdır. Bu, hər yerdə mövcuddur. Möhkəm, güclü olmalıyıq. Hamıdan güclü olmalıyıq ki, bizə fərqli qiyməti versinlər. Onun üçün də çalışırıq, hamı çalışır. Bütün federasiya - rəhbərlikdən tutmuş hər bir üzvü o qələbəyə öz töhfəsini verir.
- Nəticə olsaydı, onlar Alina Kabayeva və Yevgeniya Kanayeva kimi uzun müddət qala bilərdilər?
- Ola bilər. Rusiya bədii gimnastikası dünyada fenomendir. Bədii gimnastika Rusiyada başlayıb, oradan gəlib. Bədii gimnastikada hər şey oradan başlayıb. Onların ənənələri var və çox güclü məşqçiləri və çox böyük potensialları var. O boyda ölkədə onminlərlə uşaq gimnastika ilə məşğuldur. Biz sevinirik ki, bu gün bizdə yüzlərlə uşaq var. Təbii ki, istəyimiz, məqsədimiz odur. Adıçəkilən idmançıların səviyyəsinə qalxmaq, tarixdə qalmaq, uğur qazanmaq və Azərbaycanın bayrağını həmişə qaldırmaq. Başqa məqsəd yoxdur.
- Regionlardan da gimnastikaya axın var?
- 10 regionda gimnastikanı inkişaf etdiririk. Sadəcə, Bakıda gimnastika ənənələri var. Regionlarda isə xüsusən bədii gimnastikaya axın müsəlman ölkəsi üçün mentalitetlə bağlıdır. Amma böyük inkişafa nail olduq, gimnastikaya axın başlanıb. Çünki bu idman növü uşağın daha yaxşı formalaşmasına kömək edir. Valideynlər arxayındırlar ki, burada idmandan başqa heç bir şey göstərməyəcəklər. Uşaqları ayrı yola çəkməyəcəklər. Hesab edirəm ki, bu da böyük nailiyyətdir.
- Stereotipi qırmaq üçün hansı işləri görmək lazımdır?
- İndi federasiyamızın prezidenti Mehriban Əliyeva bu işləri görür. Dünyada Azərbaycanın stereotipini qırır, Azərbaycanı idman ölkəsi, proqressiv ölkə kimi göstərir. O da gimnastikada federasiyamızın prezidentinin işinin bir qoludur. Mehriban xanım olmasaydı, gimnastika bu səviyyəyə çatmazdı. Tam rahat deyirəm və heç bir şübhəniz olmasın. Bunu inkar etmək mümkün deyil. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/altay-hesenov-gimnastika

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR