Bakının yollarında Avropa Oyunları ilə bağlı xüsusi zolaqlar ayrılacaq

Bakının yollarında Avropa Oyunları ilə bağlı xüsusi zolaqlar ayrılacaq
16:03 30 Dekabr 2014
74 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 2015-ci ildə keçiriləcək Avropa Oyunları ilə bağlı yollarda xüsusi zolaqlar ayrılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, 2015-ci ildə paytaxtda keçiriləcək 1-ci Avropa Oyunları üçün Mərkəzin qarşısına qoyulan tədbirlərin həll olunması üçün mühüm işlər həyata keçirilib.

Olimpiya Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə bölməsi ilə aktiv işlər yerinə yetirilir. İntellektual Nəqliyyat Sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının Mərkəzlə əlaqəsi vardır və onların normal qaydada işləməsi üçün daimi nəzarət olunur. I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib.

Hazırda isə bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir: “Hər bir obyekt üzrə marşrutun oyunlar zamanı necə fəaliyyət göstərməsi üçün analizlər aparılır və əlavə işlərin görülməsi üçün tədbirlər görülür. Eyni zamanda, I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış plana əsasən, yollarda xüsusi Avropa Oyunları zolaqları ayrılacaq ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər. Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcək. Əlavə olaraq, I Avropa Oyunları ilə əlaqədar idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmaq üçün işçi heyəti, idmançılar, qonaqlar üçün ekspress marşrutlar – yəni ictimai nəqliyyat vasitələri də təşkil olunacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR