Şahin Məmmədov: 2014-cü il Daxili Qoşunların həyatında yaddaqalan hadisələrlə əlamətdar olub

Şahin Məmmədov: 2014-cü il Daxili Qoşunların həyatında yaddaqalan hadisələrlə əlamətdar olub
16:03 30 Dekabr 2014
231 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov əsgər valideynlərini təbrik edib. O, həmçinin 2014-cü ildə əldə olunmuş nailiyyətlər barədə də ətraflı məlumat verib.

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarından Trend-ə verilən məlumata görə, Ş.Məmmədov Qoşunların Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub.

General-mayor həmin gün övladları ilə görüşə gələn əsgər valideynləri ilə də görüşərək, onların müraciətlərini dinləyib. Daxili Qoşunların komandanı əvvəlcə əsgər valideynlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafından söz açan general-mayor Ş.Məmmədov Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunların ötən illərdə, xüsusilə də 2014-cü ildə əldə etdiyi nailiyyətlər barədə geniş məlumat verib.

2014-cü ilin Daxili Qoşunların həyatında yaddaqalan hadisələrlə əlamətdar olduğunu qeyd edən Ş.Məmmədov sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların Qəbələ rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakını bu ilin ən əsas hadisəsi kimi diqqətə çatdırıb. Xüsusi olaraq vurğulayıb ki, dövlət başçısının hər dəfə hərbi hissələrdə olarkən şəxsi heyətin xidməti-döyüş fəaliyyəti, o cümlədən sosial-məişət şəraiti ilə yaxından tanış olması, sözün əsl mənasında hərbi qulluqçularda döyüş əzminin yüksəlməsinə səbəb olur.

Yola saldığımız ildə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də çox böyük addımlar atılıb. Nərimanov rayonu ərazisində hər bir zəruri avadanlıqlarla təchiz edilmiş 12 mərtəbəli 102 mənzilli müasir yaşayış kompleksi zabit və gizirlərin istifadəsinə verilib. Eyni zamanda, 2 beşmərtəbəli xidməti yaşayış binaları Binəqədi rayonu ərazisində inşa olunub.

Bundan başqa, mayın 30-dan etibarən ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması, habelə Qoşunların həyatında baş vermiş yeniliklər barədə cəmiyyətin, o cümlədən əsgər valideynlərinin mütəmadi olaraq daha dolğun məlumatlandırılması məqsədilə Daxili Qoşunların rəsmi internet səhifəsi (“www.dq.mia.gov.az”) fəaliyyətə başlayıb.

Daxili Qoşunlar Komandanlığının əsgər valideynləri ilə görüşün artıq ənənəyə çevrildiyini deyən general-mayor Ş.Məmmədov bu kimi tədbirlərin keçirilməsini cəmiyyətlə Qoşunların əlaqələrində müsbət hal kimi qiymətləndirib.

Əsgər valideynləri də öz növbəsində, Daxili Qoşunlarda övladları üçün yaradılmış hərtərəfli şəraitə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Daxili Qoşunlar Komandanlığına dərin minnətdarlıqlarını bildiriblər.

Sonda valideynlərin müraciətləri, arzu və istəkləri dinlənilib. Qaldırılan məsələlərin nəzarətdə saxlanılması istiqamətində konkret göstərişlər verilib. Həlli mümkün olan məsələlər isə dərhal yerinə yetirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349148.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR