Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımız arasında əlaqələrin qurulmasında mühüm rol oynayır

Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımız arasında əlaqələrin qurulmasında mühüm rol oynayır
14:58 1 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 1 yanvar, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında əlaqələrin qurulmasında mühüm rol oynayır.
Bu sözləri Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti, doktorant Əlibəy Məmmədov AZƏRTAC-ın Yaponiyadakı müxbirinə müsahibəsində deyib.
Ə.Məmmədov bildirib ki, 1991-ci il dekabrın 16-da, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sonradan müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dövlət səviyyəsində bayram edilməyə başlanılıb. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz bu günü böyük fəxr və qürur hissi ilə qeyd etməkdədirlər.
Azərbaycanlıların minilliklər boyu dünya sivilizasiyasına, mədəniyyətinə böyük töhfələr verdiyini vurğulayan Ə.Məmmədov bildirib ki, müharibələr, inqilablar, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində ölkəmiz dəfələrlə parçalanıb, azərbaycanlıların bir çoxu öz doğma yurd-yuvalarından didərgin düşüb, deportasiyalara məruz qalıblar. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə məskunlaşan azərbaycanlılar da var. Beləliklə, onlar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar və hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiyada yaşayırlar. İyirmi ildən çoxdur ki, 31 dekabr dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi böyük ehtiramla qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayramlardan birinə çevrilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərini bölüşən iş adamı, əslən azərbaycanlı olan Keyvan Seyidrzayi isə xalqımızı bayram münasibətilə təbrik edərək yeni ildə firavanlıq və uğurlar arzulayıb. Qeyd edib ki, milli birliyimiz nəticəsində xalqımız 2016-cı ildə də böyük uğurlara imza atacaq. Yeni ildə kədərli hadisələrin xalqımızdan uzaq olmasını arzulayan K.Seyidrzayi əmin olduğunu bildirib ki, məhz milli birlik nəticəsində qazanılan nailiyyətlər bundan sonra da davam edəcək. Ötən ilin mühüm hadisələri sırasında “Bakı-2015” ilk Avropa Oyunları kimi möhtəşəm tədbirin Azərbaycanda keçirildiyinə diqqət çəkən iş adamı yeni ilin də beynəlxalq əhəmiyyətli tədbirlərlə ölkəmizin təbliği işinin davam etdiriləcəyinə inandığını bildirib.
K.Seyidrazayinin həyat yoldaşı Arzu Nəzərəliyeva da yeni ilin xalqımız üçün düşərli olacağına, xalqımızın yeni-yeni uğurlara imza atacağına əminliyini ifadə edib. Xalqımıza xoş günlər, firavan həyat arzulayıb.
Yaponiyada yaşayan pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Azuma-Səfərova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımızı təbrik edərək bildirib ki, bu gündoğar ölkədə yaşayan soydaşlarımız Vətəndən nə qədər uzaqda olsalar da ürəkləri həmişə Azərbaycan ilədir. Xalqımızın gücünün milli birlikdə olduğunu vurğulayan G.Azuma-Səfərova bayramlar münasibətilə təbriklərini çatdırıb, xalqımıza can sağlığı, uzun ömür, yeni ildə böyük uğurlar arzuladığını bildirib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_soydaslarimiz_arasinda_elaqelerin_qurulmasinda_muhum_rol_oynayir-915802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR