Füzuli, 2 yanvar, AZƏRTAC
Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədilə istehlak bazarı nəzarətdə saxlanılır.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi aidiyyəti təşkilatların nümayəndələri ilə birgə Əhmədbəyli, Bala Bəhmənli, Qayıdış və Zobucuq istiqamətlərindəki bazarlarda, topdan satış mərkəzlərində, iri mağazalarda olub, ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib.
Manatın devalvasiyasından sonra istehlak bazarında yaranmış vəziyyətə münasibət bildirən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev qeyd edib ki, istehlak bazarında qiymətlərin şişirdilməsinə, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, rayon sakinlərinin bazarlıq etməsi üçün qiymətlər münasib olmalı, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.
Bildirilib ki, istehlak bazarında süni qiymət artımının qarşısını almaq məqsədilə rayonda komissiya yaradılıb. Komissiya üzvləri rayon ərazisində yerləşən bazarlara, topdan və pərakəndə satış mağazalarına gündəlik nəzarət tədbirləri həyata keçirirlər.