On minlərlə yapon İmperator Akihitonu Yeni il münasibətilə təbrik edib

On minlərlə yapon İmperator Akihitonu Yeni il münasibətilə təbrik edib
16:18 2 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 2 yanvar, AZƏRTAC
On minlərlə yapon İmperator Akihitonu Yeni il münasibətilə təbrik etmək üçün Tokionun mərkəzindəki İmperator sarayına gəlib.
Toplaşanlara minnətdarlıq edən yapon monarxı hamıya yeni ildə sülh və əmin-amanlıq arzulayıb. İmperator Akihito deyib: “Mən Yeni ili sizinlə birlikdə qarşılamaqdan çox məmnunam. Çox sağ olun ki, bu gün bura toplaşmısınız. Arzu edirəm ki, sizin hər biriniz bu ili sülh şəraitində keçirəsiniz və bu il sizin üçün uğurlu olsun. Yeni ilin qədəm qoyması ilə bağlı dua edirəm ki, Yaponiya və digər ölkələr sülh şəraitində yaşasın”.
Ötən il 82 yaşını qeyd edən İmperatoru təbrik etmək Yaponiyada formalaşmış ən yüksək ənənələrdən biridir. Monarx və onun ailə üzvləri gün ərzində beş dəfə sarayın eyvanına çıxaraq təbrik üçün gələnləri salamlayırlar. Saray ətrafına toplaşanlar isə onları “Banzay!” (“Yaşasın!”) qışqırtısı ilə qarşılayırlar.
Bu ərəfədə İmperator dəftərxanası Yeni il münasibətilə İmperator Akihitonun millətə müraciətini yayımlayıb. Müraciətdə monarx 2011-ci il fəlakətindən zərər çəkmiş Yaponiya regionlarının sürətlə bərpasını arzulayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/On_minlerle_yapon_Imperator_Akihitonu_Yeni_il_munasibetile_tebrik_edib-915887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR