Ukraynadan Rusiya sanksiyalarına cavab

Ukraynadan Rusiya sanksiyalarına cavab
12:31 3 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın ardınca Ukrayna da bu ölkədən ərzaq məhsullarının gətirilməsini rəsmən qadağan etdi.

Ukrayna hökuməti 2016-cı il yanvarın 10-dan Rusiyadan ölkəyə gətirilməsi qadağan olunan ərzaq məhsullarının siyahısını təsdiqləyib. Ukrayna Nazirlər Kabinetinin saytında dərc olunan sənəddə qeyd olunur ki, qərar 2016-cı il yanvarın 10-dan qüvvəyə minir.

Gətirilməsi qadağan olunan malların siyahısına ümumilikdə 43 növ ərzaq məhsulu, o cümlədən çörək-bulka, qənnadi məmulatları, şokolad, konfetlər, ət, balıq, qəhvə, qara çay, uşaq qida məhsulları, filtrli siqaretlər, pivə, araq, həmçinin digər məhsullar daxildir.





Yeni qərarda həmçinin qadağanın qüvvədən düşmə tarixi də əks olunub. Ukrayna hökumətinin bu qərarı 2016-cı il avqustun 5-də və ya Ukrayna istehsalı olan kənd təsərrüfatı məhsulllarının Rusiya Federasiyasının gömrük ərazisinə daxil olmasına qoyulan qadağanın ləğvindən sonra qüvvədən düşür.




Ukraynanın idxal qadağası rusların 43 növ ərzaq məhsuluna aiddir


Bu ilin yanvarın 2-dən Ukrayna rəhbərliyi ölkəyə gətirilən Rusiya məhsullarına gömrük rüsumunu da artırıb. Bununla da iki ölkə arasında azad ticarət rejimi ləğv edilib.

Ukrayna bu addımı Rusiyanın tətbiq etdiyi embarqoya cavab olaraq atıb. Ölkə başçısı Pyotr Poroşenko 2015-ci il dekabrın 30-da Nazirlər Kabinetinə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə imkan verən “Xarici ticarət fəaliyyəti haqqında” qanunu imzalayıb.

Bundan əvvəl Rusiya Ukraynadan ərzaq məhsullarının idxalını qadağan etmişdi. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalamışdı. Həmin qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minib.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ölkəsinin Ukraynanın ərzaq məhsullarından imtina etməsinə haqq qazandırmışdı. O bildirmişdi ki, Ukrayna hökuməti Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulduğu üçün rəsmi Moskvanın belə bir addım atması gözlənilən idi.

Avropa İttifaqı ilk dəfə 2014-cü ilin martında Rusiyanın Krımı işğal etməsinə cavab olaraq bu ölkəyə qarşı iqtisadi sanksiyalar qəbul edib. Müəyyən dövr ərzində bu sanksiyalar tədricən daha da gücləndirilib. Sonuncu dəfə 2015-ci ilin iyununda isə Rusiyaya qarşı sanksiyaların müddəti yenidən uzadılıb.

Göründüyü kimi, Rusiya ilə Ukrayna arasında gərgin siyasi münasibət ölkələr arasında iqtisadi əlaqələrin də iflic olması ilə nəticələnib. Ukraynanın şərqində - Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyətin hələ də gərgin olması isə iki ölkə arasında suların tezliklə durulmasının qeyri-mümkünlüyünü göstərir. Rusiya isə Ukrayna, eləcə də Avropa İttifaqının gözlədiyi kimi, “Minsk razılaşması”nın şərtlərinə əməl etməyə tələsmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR