Bayram günlərində Nizami Kino Mərkəzi tamaşaçılara ondan artıq yeni film təqdim edib

Bayram günlərində Nizami Kino Mərkəzi tamaşaçılara ondan artıq yeni film təqdim edib
13:12 3 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi dekabrın son günlərindən başlayaraq Rusiyanın "Süd yolu", "Təcili ərə gedərəm", ABŞ-ın"Stiv Cobs", "Krampus" və AF Mediya şirkətinin təqdimatı ilə Türkiyənin "Düyün Dərnək 2: Sünnət" adlı yeni filmlərin nümayişinə başlayıb.

Komediya janrında çəkilmiş "Düyün Dərnək 2: sünnət" filminin rejissoru Selçuk Aydəmirdir. Yaş həddi: 12+

Birinci filmdə oğluna toy edən İsmayıl indi də nəvəsinə sünnət toyu etmək istəyir. İsmayılın bir araya gələn dostları ortalığı yenə bir-birinə qatırlar. Amma nəyin bahasına olursa olsun bu toy olacaq... (Baxıb gülün)

Filmdə rolları Ahmet Kural, Murat Cemcir, Rasim Öztekin, İnan Ulaş Torun, Devrim Yakut, Barış Yıldız, Şinasi Yurtsever və digər aktyorlar canlandırıblar.

Rejissor Denni Boylun bioqrafik dram janrında çəkdiyi "Stiv Cobs" filminin ssenari müəllifi Aron Sorkindir. Kinolentin yaş məhdudiyyəti 16+.

Film, Apple şirkətinin təsisçisi, planetin ən ağıllı beyin sahiblərindən biri olan Stiv Cobsun həyatından bəhs edir.

Filmdə rolları Maykl Fassbender, Set Roqen, Ceff Deniels, Keyt Uinslet, Maykl Stulbarq, Ketrin Uoterston, Perla Aney - Jardine, Ripli Sobo, Makenzi Moss, Sara Snuk və başqa aktyorlar ifa edib.

Todd Keysinin ssenarisi əsasında rejissor Maykl Doqertinin ekranlaşdırdığı "Krampus" filmi dəhşət, fentezi və komediya janrındadır. Sloqanı: "Bu il Santa Klaus gəlməyəcək" Yaş məhdudiyyəti:16+

Film Milad bayramında sözə qulaq asmayan uşaqları tənbeh etmək üçün peyda olan şeytandan bəhs edir.

Rollarda Adam Skott, Toni Kollett, Devid Kokner, Ellison Tolman, Konçata Ferrell, Emcey Entoni, Stefaniya Oyen, Krista Ştadler, Mark Atkin, Trevor Bau və digər aktyorlar çəkilib.

"Süd yolu" komediyasının rejissoru və ssenari müəllifi Anna Matisondu. Filmin yaş həddi: 12+

Andrey və Nadyanın münasibətlərində soyuqluq əmələ gəlib. Ayrı yaşamağa qərar verən cütlük Yeni ili son dəfə ailə və uşaqlarla keçirmək üçün bir araya gəlir. "Boşanma" sözü qətiyyətlə səslənən ailədə bir sıra gülməli, kədərli hətta qəribə və izahedilməz zəncirvari hadisələr baş verməyə başlayır. Bu hadisələr elə bil ki, ailəni səhv addımlardan çəkindirir. Olxon adasında möcüzələr gecəsində biri-birlərini itirib və yenidən tapanlar başa düşürlər ki, həyatda xırda inciklərdən savayı daha önəmli şeylər var...

Baş rollarda Sergey Bezrukov, Marina Aleksandrova, Vladimir Menşov, Anastasiya Bezrukova, Petr Tereşenko, Vladimir Voytyuk, Valentin Qaft və Denis Matsuyev çəkiliblər.

Rejissor Sergey Çekalovun komediya və melodram janrında çəkdiyi "Təcili ərə gedərəm!" filminin ssenari müəllifləri Andrey Qalanov və İvan Fillipovdur. Filmin yaş həddi: 16+

Ambisiyalı, işgüzar Jenya baş redaktor təyin edilə bilər. Amma bunun üçün o, təcili ərə getməlidir. Nəşrin aksionerlərinin şərti budur - Ailəli auditoriyanın - ailəli rəhbəri olmalıdır! Ərə getmək üçün bir həftə vaxtı qalan Jenyaya kartotekasında seçim üçün yetərincə subay namizəd olan dəbli fotoqraf Stas kömək etmək istəyir. Tez zaman ərzində Jenya bu yolla ərə getmək istəmədiyini Stas isə ona aşiq olduğunu başa düşür...

Baş rollarda Yuliya Kovalçuk, Aleksey Çumakov, Ekaterina Malikova, Sergey Burunov, Olqa Prokofyeva, Vyaçeslav Qrişeçkin, Nonna Qrişayeva, Anatoliy Belıy, Alika Smexova və Evklid Kürdzidis çəkiliblər.

Xatırladaq ki, dekabrın 26-dan başlayaraq Nizami Kino Mərkəzində Yeni İl şənlikləri keçirilir və uşaqların tətildə olduqlarını nəzərə alaraq böyük ekranda 3D - animasiyanın son nailiyyətləri ilə çəkilmiş tammetrajlı "Snupi və xırda yekəqarın kinoda" və "Balaca şahzadə" cizgi filmləri nümayiş olunur.

Həmçinin, bayram günlərində kinosevərlər "Oğlan evi" milli kinokomediyanı, AF Mediya şirkətinin təqdim etdiyi türkiyənin "Ali baba və 7 cücələr", "Nadide hayat" filmlərini və Çin, Almaniya, ABŞ-ın 3 d formatında çəkilmiş"Dalğanın üstündə" filmlərini izləyə bilərlər.

Filmlər və kinomərkəzdə keçirilən tədbirlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Feysbuk səhifəsindən də öyrənə bilərsiz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/394920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR