Röyanın statusu, Vasifin camaata yanmışlıq verməyi, Rəqsanənin qızının yaddan çıxarmayacağı şey(lər) HƏFTƏBECƏR

Röyanın statusu, Vasifin camaata yanmışlıq verməyi, Rəqsanənin qızının yaddan çıxarmayacağı şey(lər) HƏFTƏBECƏR
09:17 4 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (60-cı say) təqdim edir.

Yeni ilin ilk buraxılışında bütün oxucularımızı, o cümlədən yazını oxumayıb axırda "çox zəif yazırsız", "sizin camaatnan nə işiviz var" kimi rəylər yazan vətəndaşlarımızı salamlayır, qarşıdakı il ərzində hər birinə uğurlar, can sağlığı arzu edirəm. Yəqin ki, hər kəs öz payını götürdü. İndi də keçək əsas məsələlərə.

Heç kimə sirr deyil ki, Azərbaycanda şou-biznes yaranmağa başlayan gündən ədabaz, yekəxana, bir olanını beş göstərən müğənnilər olub. Yeri gəlmişkən, Azərbaycanda şou-biznes hələ yaranıb qurtarmayıb. Məsələn, kimi qonşusunun villasında efir qarşısında camaata qonaqlıq verib, amma deyib ki, özümündür, kimi sponsorun bir gecəlik bahalı maşın hədiyyəsini kameralar qarşısında sağa-sola sürməklə camaata yanmışlıq verib. Hələ mən onu demirəm ki, 3-4 civi müğənni bir biznesmen kişini bölüşdürüb qurtara bilməyiblər, söhbət hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb. Bütün bunları başa düşdük. İndi haqqında danışacağım sənətçi isə jurnalistlərlə bir o qədər də yaxşı yola getmir. Hələ bir neçə il öncə onun jurnalist kimi işləyən gəncə yumruq atması hər kəsin xatirindədir. Ay sağ olun, Vasif Məhərrəmlidən danışıram. Vasif Məhərrəmli estrada səhnəsindəki azsaylı keyfiyyətli səslərdəndir, yerini bilən adamdır, efirdə göstərilməli olmayan şeyləri efirdə göstərməz. Amma bu dəfə camaatın acından günorta oyandığı bir dönəmdə bahalı evini, suvenirlərini göstərib. İndi durub deyəcəksiniz ki, heç kim acından ölmür, öz adından danış. Bəlkə də haqlısınız. Ancaq elə imkan varsa, siz də öz adınızdan danışın. Söhbət bütün oxuculardan yox, qulp qoymaq xatirinə qulp qoyanlara aiddir. Uzun sözün qısası, Vasif bəy evini geninə-boluna çəkdirib ki, baxın. Hələ bununla da ürəyi soyumayıb, çıxarıb bahalı geyim və akssesuarlarını göstərib ki, di baxın şişin. Şişin deməyib, amma desəydi, ondan yaxşıydı.

Rəqsanə haqda ha istəyirəm yaxşı bir xəbər yazım, alınmır ki alınmır. Bu dəfə də istəyirdim Rəqsanəni bir az tərifləyim, amma özündən yox qızından yazası oldum. Soruşacaqsınız ki, 17-18 yaşlı qızcığazdan nə yazmaq olar. Hələ siz əvvəlcə həmin qızcığazın yazdığı statusu oxuyun. Deməli, Aysun deyilənə görə sosial şəbəkədə dostuna təşəkkür statusu yazıb:

"Canım, bu günə görə təşəkkür edirəm sənə. Yedik, içdik, dedik, güldük. Ən əsası isə yaddan çıxarmayacağımız şeylər yaşadıq".

Mən bu şou əhlini, onların uşaqlarını müdafiə etməkdən yoruldum, bunlar ağızlarına gələni danışmaqdan bezmədilər. Bax bu statusdan sonra hamı soruşub ki, nədir o yaddan cıxarmayacağınız şeylər? Yenə yaddan çıxarmayacağımız şey desəydi, nəsə düşünüb müdafiə etmək olardı. İntəhası, bu şeylər söhbəti adamı bir az çaşdırır. Ağsulular demişkən, şeylər nəydiaaa...

Əməkdar artist Röya Ayxan bir müddət öncə jurnalistlərə açıqlama verməmişdi. Yəni mədəni desək hörmətsizlik etmişdi. Bu dəfə isə camaata deyib ki, mənim İnstaqram-ıma ağzınıza gələni yazmayın, Türkiyədə oxuyurlar biabır oluram. Statusu olduğu kimi təqdim edirəm ki, fikri təhrif etmədən sizə çatdıra bilim:

"Hər kəsin fikrinə sonsuz hörmətim var. Amma İstanbulda etdiyim işlə əlaqədar ilk və son dəfə açıqlama verəcəm: Mənim İnstaqram səhifəmi məhz oradakı işlərimə görə qardaş ölkədəki komanda açdı. Yoxsa bilirsiniz ki, mən sosial şəbəkədə olmağı sevmirəm. Əgər hansısa yazı türkcə qoyulursa, buna hörmətlə yanaşmalısınız. Çünki orada böyük və nəhəng komanda var. Siz işi onlar qədər bilə bilməzsiniz. Canımsınız... Bəsdirin, düşünmədən şərh yazdınız. Adam oralarda biabır olur. 

Məncə, siz musiqilərə qiymət verin və mənə inanın. Qalanını özüm edəcəm. Yeri gəlmişkən mən bu dildə çoxdan danışıram. Çünki qardaşlarım 20 ildir orada yaşayır. Hərdən dərin düşünün, bir gün mütləq haqq verəcəksiniz. Bu içdən gələn yazını səmimi qəbul edin, mənim artıq Türkiyədə də sevənlərim var. Bu, məni çox sevindirir. Hər kəsə təşəkkürlər".

Bax siz vaxtında Röyanın çəkdirdiyi şəkilləri, mahnılarını dinləyib, qəbul edib sevməsəydiniz, indi belə halla üzləşməzdiniz. Demirəm e səhv etmisiniz. Amma ən azı belə şeylər olmazdı da.

Bu həftəlik də bu qədər...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/394954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR