""Qarabağ" variantı yox idi"

""Qarabağ" variantı yox idi"
19:17 4 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az "İnter"in yeni transferi, Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsini təqdim edir:

- "İnter"ə keçidinizlə bağlı nə deyə bilərsiniz?

- Bu klubla mövsümün sonunadək müqavilə imzaladım. Ümid edirəm ki, transferim uğurlu alınacaq. Özümü göstərməyə çalışacağam. Bu klub məni çoxdan idi, sıralarında görmək istəyirdi. Sonuncu dəfə mən seçimimi "Qəbələ"nin xeyrinə etmişdim.

- Düşünmürsünüz ki, həmin vaxt səhvə yol vermişdiniz?

- "Qəbələ"yə keçidimi səhv hesab etmirəm. İstənilən futbolçu belə aqibətlə üzləşə bilər. Artıq bütün olanları unutmağa və özümü yeni komandamda yaxşı tərəfdən göstərməyə çalışacağam ki, Azərbaycan millisinə qayıdım.

- Niyə "Qəbələ" karyeranız elə alındı?

- Mən oynamaq istəyirdim, amma şans vermədilər. Baş məşqçinin öz baxışları var idi. Görünür, onun oyun üslubuna uyğun deyildim.

- Bəs maliyyə baxımından bu kluba keçidiniz sizin üçün nə dərəcədə uğurlu oldu?

- Ölkədə baş verənləri nəzərə alsaq, şikayətlənməyə dəyməz.

- Ötən ilin sonunda "Qarabağ"a qayıdacağınıza dair xəbərlər dolaşırdı...

- Belə bir variant yox idi. Bunu heç özüm də çox istəmirdim. Yəqin ki, bunu istəyən azarkeşlər, insanlar var idi. Ona görə də belə xəbərlər yayılmışdı.

- Yeni komandanız turnir cədvəlində "Qəbələ"ni qabaqlayır...

- Mövsümün qalan hissəsi çox çətin olacaq. "İnter"ə uğurlu çıxışını davam etdirməyə kömək etmək istəyirəm. Mənimlə yanaşı, Kamran Ağayev də bu kluba keçib. Fikrimcə, Topaz Premyer Liqasında rəqabəti gücləndirə bilərik.

- "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmağınız mümkündür?

- 8 xallıq fərq çox böyükdür. Amma qarşıdakı oyunlardan çox şey asılıdır. Fikrimcə, mövsümün qalan hissəsi çox maraqlı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR