ABŞ avtomobil nəhəngini məhkəməyə verir

ABŞ avtomobil nəhəngini məhkəməyə verir
05:01 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ federal höküməti avtomobillərə quraşdırılmış - emissiya ilə bağlı texniki baxışın nəticələrini saxtalaşdırmağa imkan verən proqram təminatına görə Almaniyanın “Volkswagen” avtokonsernini rəsmi qaydada məhkəməyə verib. Hələ ötən ilin sentyabr ayında ABŞ-ın aidiyyatı orqanları “nəhəng avtomobil istehsalçısı ilə bağlı qalmaqalı araşdırdıqdan sonra, “Volkswagen” rəhbərliyi sözügedən qurğu və proqram təminatını 11 milyona yaxın avtomobilə quraşdırdığını etiraf etmişdi.

Qalmaqal avtokonsernə misli görülməmiş itkilər gətirib. Fəsadları aradan qaldırmaq üçün şirkət milyardlarla avro məbləğində aktivlərindən keçməli olub. Alman avtokonserninə qarşı iddia ərizəsi ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin adından Miçiqan ştatının federal məhkəməsinə təqdim olunub.

Şikayətə əsasən, “Volkswagen”in ABŞ ərazisində satdığı 600 minə yaxın dizel mühərrikli avtomobilində emissiya nəzarət sistemini aldatmağa imkan verən qanunsuz avadanlıqlar aşkarlanıb. Həmin avadanlıqlar ucbatından avtomobillərin havaya buraxdığı zərərli qazlar Birləşmiş Ştatların ekoloji normalarını ötdüyündən nəticədə atmosferin çirklənmə səviyyəsini artırmış olub.

ABŞ Ədliyyə Nazirliyinin bəyanatına görə, bu iddia ərizəsi “Volkswagen” şirkətini ədalət qarşısına çıxarmaq məqsədilə atılan ilk addımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR