Xalq artisti həmkarının ölümündən danışdı: "Sənəti ona mane olurdu" - VİDEO

Xalq artisti həmkarının ölümündən danışdı: "Sənəti ona mane olurdu" - VİDEO
09:12 5 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Axar.az-ın "Qızıl duetlər" layihəsinin səkkizinci dueti əvəzolunmaz sənətçilər - xalq artisti Flora KərimovaHüseynağa Hadıyevin birlikdə ifa etdiyi "Mehriban insanlar" mahnısıdır.

Hüseynağa Hadıyev
 
Hüseynağa Məmməd oğlu Hadıyev 1946-cı il noyabrın 19-da Bakıda anadan olub. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı. Sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, universiteti bitirdiyi il hərbi xidmətə yollanmışdı.
 
Həyat yoldaşı Sveta xanımın sözlərinə görə, Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. O, ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə özündən çıxarardı.
 
Hüseynağa Hadıyev 47 yaşında, 1994-cü il yanvarın 12-də oxuyacağı mahnıları, dillər əzbəri olacaq ifaları öz ilə apardı.
 
47 illik ömründə bənzərsiz, qeyri-adi səsi ilə Azərbaycan musiqisinə adını yazdıran Hüseynağa Hadıyevin ifasında "Bir xumar baxışla", "Gəl barışaq", "Bu gecə", "Gecələr bulaq başı" kimi mahnılar hələ də sevilir.
 
Flora Kərimova
 
Xalq artisti Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildә Azərbaycan Dövlət Tibb İnstitutunu, 1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun Çinar ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.
 
Flora xanım Kərimova tərəf-müqabili olduğu Hüseynağa Hadıyevi belə xatırlayır:
 
"Hüseynağa çörək itirən adam deyildi. Həmişə deyərdi ki, mənə bu çörəyi sən vermisən. O, ailəsi tərəfindən çox sevilirdi. Çox mülayim, həssasqəlbli bir insan idi. Əvvəllər ümumiyyətlə içkiyə meyli yox idi, ancaq bilmirəm necə oldusa, sonradan güclü maraq yarandı. Və bu maraq da onu bataqlığa apardı.
 
Bundan sonra Hüseynağa xeyli dəyişdi. Şəxsi həyatında dəyişikliklər eləmək istədi və bu dəyişikliklər çox uğursuz oldu. Onu sevən insanlar bu dəyişikliyi qəbul etmədilər. Söhbət onun ailəsindən ayrılmağından gedir. Bu dəyişiklik Hüseynağanın həyatına xoş olan heç nə gətirmədi. Sonradan özü də bu qərarına görə peşman oldu. Çünki artıq bir xanımın, eləcə də övladının ürəyini sındırmışdı. Sonra nə qədər cəhd etsə də, onu bərpa etmək mümkün olmadı. Mənim Hüseynağanın ruhuna hörmətim var. Ona görə də bunlar barədə çox danışmaq istəmirəm. Hüseynağanın çox qəşəng səsi var idi. Qısa zamanda tamaşaçılar tərəfindən qəbul edilmişdi, sevilirdi. Hüseynağanın hansısa addım atıb özünü sevdirməsi çox çətin olardı, çünki Akifin sənəti ona mane olurdu. Onda mən Hüseynağanı aldım öz qanadım altına. Beləliklə, başladım duet oxumağa. Hər dəfə çalışırdım ki, səhnədə onun adı çəkilsin, çünki o buna layiq insan idi.
 
Çox utancaq idi, adətən qaynayıb-qarışa bilmirdi. Ona görə çalışırdım həmişə mənim yanımda otursun. Baxmayaraq ki, aramızda çox az yaş fərqi var idi, həmişə mənə deyərdi ki, sən mənə anam kimi qayğı göstərirsən. Mən ona etdiklərimin hamısını halal edirəm".
 
Axar.az xalq artisti Flora Kərimova və unudulmaz sənətkar Hüseynağa Hadıyevin birlikdə ifa etdiyi "Mehriban insanlar" duetini təqdim edir: 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/395267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR