Səhiyyə Nazirliyi Azərbaycanda dövriyyəsi qadağan olunan dərmanlarla bağlı mətbuatda yer alan yazılara münasibət bildirib

Səhiyyə Nazirliyi Azərbaycanda dövriyyəsi qadağan olunan dərmanlarla bağlı mətbuatda yer alan yazılara münasibət bildirib
11:57 5 Yanvar 2016
51 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycanda dövriyyəsi qadağan olunan dərman siyahısı ilə bağlı mətbuatda yer alan yazılara münasibət bildirib. Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov "Report"a deyib ki, həmin xəbər cəmiyyətdə bir az çaşqınlıq yaradıb.
P.Əlibəyov bildirib ki, qadağa siyahısında söhbət dərman vasitəsinin adından yox, yalnız preparatın müxtəlif seriyasından gedir: "Çünki hər bir dərmanın müxtəlif seriya nömrəsi olur. Yəni, sırf siyahıda göstərilən dərmanın seriyasının dövriyyəsinə qadağa qoyulub. Eyni adda olan dərmanların digər seriyaları isə açıq şəkildə satışda var. Hansı dərman vasitələrinin dövlət qeydiyyatı müddəti varsa, onun satışına qadağa qoyulmayıb. Yəni, informasiya bir az düzgün şəkildə yazılmayıb.
Hər bir dərmanın üzərində onun seriya nömrəsi, istehsal və son istifadə tarixi göstərilir.
Müəyyən mərhələdə dərman vasitəsi bir seriya ilə idxala buraxılır. Növbəti mərhələdə isə həmin dərman vasitəsi eyni formada və dozada başqa seriya nömrələri ilə buraxılır. Misal olaraq, bəzən elə dərman vasitəsi olur ki, Azərbaycana idxal olunanda onun 5-6, hətta 10 seriyası olur. Mərkəzin rəsmi internet səhifəsində qeyd olunan 844 dərman vasitəsi isə Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə idxal olunub. Ona görə də onların dövriyyəsinə qadağa qoyulur. Lakin siyahıda adları olan dərmanların başqa seriyalarına bu qadağa şamil edilmir".
P.Əzizbəyov onu da əlavə edib ki, Səhiyyə Nazirliyi mütəmadi şəkildə dərman bazarında yoxlama aparır: "Tədbirlər zamanı dərman vasitələrinin dövlət qeydiyyatına alınıb-alınmaması, preparatın laborator sertifikatı olub-olmaması yoxlanılır. Yoxlamanın nəticəsində hər hansı bir dərmanın dövlət qeydiyyatı aşkarlanmırsa, yaxud hansısa dərmanın müəyyən seriyası laborator müayinədən keçirilmirsə, o zaman həmin dərmanın dövriyyəsinə qadağa qoyulur".
O, eyni zamanda xatırladıb ki, bütün dərman vasitələri ölkəyə idxal olunan zaman mütləq şəkildə onların seriyaları Analitik Ekspertiza Mərkəzinin Laborator tədqiqatlar şöbəsində yoxlanılır: "Onların keyfiyyəti təsdiqləndikdən sonra satışına icazə verilir".

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/sehiyye-nazirliyi-azerbaycanda-dovriyyesi-qadagan-olunan-dermanlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR