Məşhəd Məkkəyə qarşı: udan kim, uduzan kim?

Məşhəd Məkkəyə qarşı: udan kim, uduzan kim?
12:52 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Dünya mətbuatında bu gün əsas müzakirə olunan məsələlərdən biri də Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında yaranmış gərginlikdir. Hər iki ölkə Asiya regionunda əsas, iqtisadi fundamental gəlirli, iqtisadi gücə malik ölkələrdir. Bu ölkələrin iqtisadiyyatlarında oxşar və fərqli cəhətlər nədir və onlar dünya iqtisadiyyatında hansı paya sahibdirlər? Yaranmış gərginlik fonunda İran və Sudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin kəsilməsindən sonra qarşılıqlı iqtisadi sanksiyalar tətbiq olunarsa, hansı ölkənin iqtisadiyyatı bundan daha çox zərər görəcək?

Məsələnin iqtisadi tərəflərini müqayisəli şəkildə Milli.Az-a şərh edən iqtisadçı-ekspert Nicat Hacızadə bildirib ki, Səudiyyə Ərəbistanı 2015-ci il üçün dünyanın ən nəhəng neft ixracatçılarından biri olub və liderliyini ötən il də davam etdirib. Krallıq İrana nisbətdə Qərblə yetərincə unikal iqtisadi, maliyyə və ticarət əlaqələrə malikdir:

"Nümunə olaraq deyə bilərik ki, Amerikanın idxalatı bütün sahələrdə olduğu kimi neft sahəsində də diversifikasiya olunub. Buna rəğmən Səudiyyə Ərəbistanı Amerikanın neft idxalında 2-ci yerdədir və ABŞ ərəb neftinin əsas alıcılarındandır. Rəqəmlə ifadə etsək, bu, 47,9 milyard ABŞ dolları edir ki, bunun da 98%-i, yəni 45,5 milyardı neft və neft məhsullarının payına düşür. Son 10 ildə ABŞ ilə Krallıq arasındakı ticari əlaqələr 16 faizə qədər, son 4 ildə isə 9 faizə qədər artıb.

Bundan əlavə, Avropa Birliyi ölkələrindən ən güclü iqtisadiyyata malik Almaniyanı götürək.  Almaniyadan Krallığa idxal məhsullarının həcmi 11,9 milyard dollardır ki, bu Səudiyyənin ümumi məhsul idxalının 7 faizini təşkil edir, Almaniyaya ixracat isə 1,7 milyard dollardır ki, bu da Almaniyanın ümumi idxalının 0,1 faizini təşkil edir. Onun da 79 faizi neft və neft məhsullarıdır".

Ekspertin gəldiyi nəticəyə görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftdən tam asılıdır və bu ölkədə qeyri-neft sektoru iflic vəziyyətdədir: "Ölkədə daxili istehsal zəifdir. Qida ehtiyacının 69 faizi idxalın payına düşür. Bundan əlavə, makroiqtisadi göstəricilərə baxsaq, 2015-ci il büdcəsində rekord həddə - 98 milyard dollar - büdcə kəsiri yaranıb. 2016-cı ildə neft ixracatının 0,9 faiz artırılması planlaşdırılır ki, bu da günə 10,2 milyon barel deməkdir. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanının ixracatının 80 faizinə yaxın neft məhsullarıdır. Ancaq defisit hal-hazırki dövrdə ölkəyə ciddi təsir göstərməyəcək. Çünki Səudiyyənin 628 milyard dollarlıq valyuta ehtiyatı var. Təhlükəli məqam odur ki, son 5 ayda həmin ehtiyatın 70 milyardı yerli valyutanın qorunmasına və dövlətin maliyyə siyasətinə dəstək üçün xərclənib. Bundan əlavə, 2014-cü il üçün yarımadanın ehtyatları 732 milyard ABŞ dolları idisə, onun 104 milyardı xərclənib. Bu o deməkdir ki, neftin mövcud qiymətilə Səudiyyə Ərəbistanın ehtiyatları 7 ilə tükənəcək.

Bundan əlavə, Krallıq parlamenti neftin qiymətini 2016-cı il üçün 40,3 dolları səviyyəsində hesablayıb. Xatırladaq ki, 2015-ci ilin əvvəlində bu rəqəm 64,8 dollar idisə, sonra isə 49 dollar oldu".

Dövlət borcuna gəldikdə, iqtisadçının sözlərinə görə, ötən ilin iyul ayına qədər Krallığın borcu 30 milyard dollar idisə, hazırda bu rəqəm 38 milyard dollardır ki, bu da ümumi daxili məhsulun (ÜMD) 5,8 fazini təşkil edir. Gəlirlərin azaldığını nəzərə alan Səudiyyə investisiya xərclərini də 19,3 faiz ixtisar edərək 2016-cı il üçün 59 milyard dollar miqdarında müəyyən edib. Nəzərə alsaq ki, ölkə büdcəsində yetərincə kəsir var və 2015-ci ildə gəlirlər 163 milyard dollar azalıb, bu, 2009-cu il qlobal maliyyə böhranından (123 milyard dollar) sonra ən böyük azalmadır.

İrana gəlincə, ekspertin sözlərinə görə, o, Asiyada dayanıqlı iqtisadiyyata malik ölkə kimi tanınır: "Xüsusən, İran İslam İnqilabından sonra ABŞ tərəfindən dəfələrlə müxtəlif sektorlar üzrə tətbiq olunan sanksiyalar İran iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərməklə yanaşı, burada müsbət yönümlü islahatlara yol açıb. İran dünyanın ən iri neft-qaz ehtiyatlarına malik ilk dördlükdədir. Lakin Səudiyyə Ərəbistanından fərqli olaraq, uzun illərdir qərblə siyasi cəhətdən soyuq münasibətlər ölkə iqtisadiyyatının inkişafını bir qədər ləngidib, xarici valyuta ehtiyatları azalıb, milli valyuta dəyərdən düşüb. (1 USD = 29,830.00 IRR 1 IRR = 0.0000335233 USD)

İran məhsullarını ABŞ-a ixrac edə bilməsə də, Amerikadan 148,5 milyon dollarlıq mal idxal edib ki, bu da İranın ümumi idxalının 0,3 faizini təşkil edir".

Ekspert İran iqtisadiyyatı ilə bağlı bəzi ziddiyyətlərə də aydınlıq gətirib: "Məsələn, sual doğa bilər ki, ABŞ dolları qarşısında ən çox zəifləyən valyutalardan hesab olunan İran rialı ölkə iqtisadiyyatını nə üçün iflic etməyib. Səbəb çox sadədir. İranın ixrac və idxalı arasında 20 millyardlıq müsbət saldo var və ölkənin cari, istehlak səbətinə daxil məhsulların 95 faizi daxildə  istehsal olunur, o cümlədən 95 faiz daxili istehsalın cəmi 14 faizi xarici xammal üzərində qurulub.

Deyilə bilər ki, axı Səudiyyədə müsbət saldo 193 milyard dollardır və İrandan dəfələrcə çoxdur. Məsələ ondadır ki, Krallıqda iqtisadiyyatın 90 faizi neftdən gələn gəlirlər üzərində qurulub və iqtisadiyyat diversifikasiya olunmayıb. İranda isə vəziyyət bir qədər fərqlidir və ölkə iqtisadiyyatı şaxələndirilib. Amma təbii ki, valyuta ehtiyatları və dövlət borcuna görə İran Krallığa uduzur. İranın xarici valyuta ehtiyatı 68,06 milyard dollardır. İranın dövlət borcunun isə ÜDM-dəki payı 16,3 faiz təşkil edir. Təbii ki, İranın dövlət borcu əsasən şəriət qanunlarına əsaslandığı üçün onun qaytarılmasında problem yaşamır, həmçinin strateji borc sayıldığı üçün çətinlik yaratmır".

İki ölkə arasındakı iqtisadi dövriyyəyə də nəzər salan N.Hacızadənin fikrincə, burada məsələ bir qədər fərqlidir və Krallığın İranla diplomatik əlaqələri kəsməsi, onun iqtisadi əlaqələrinin zəifləməsinə gətirib çıxardacaq: "Rəqəmlər göstərir ki, hər iki tərəf bundan yetərincə ciddi ziyan görməyəcək. Lakin burada nisbətən Krallıq üçün zəif nəticələr ola bilər. Belə ki, İranın Səudiyyədən idxalı cəmi 45,2 milyon dollar həcmindədir ki, bu da İranının ümumi idxalının 0,1 faizi qədərdir. Lakin 2011-2015-ci illər ərzində dövriyyədə 35 faizə qədər azalma da baş verib. İranın Səudiyyədən məhsul idxalında əsas yeri qiymətsiz metallar tutur ki, bu da 27 faizdir. Səudiyyənin İrandan idxalı isə 136,6 milyon dollar olub ki, bu da Krallığın idxalının 0,1 faizi deməkdir. Əlavə olaraq, idxalda artım da müşahidə olunub. Burada əsas yeri dəmir və polad tutur ki, Krallıq onlardan boru istehsalında istifadə edir.

Turizm cəhətdən isə götürsək, hər iki ölkə əsas islam dininin müqəddəs ziyarət məkanlarına sahibdir. Hər iki ölkəyə də turist axını əsasən bu səbəbdən olur. Həcc mövsümündə İrandan Səudiyyə Ərəbistanına yetərincə zəvvar gedir. Lakin məzhəblərarası qarşıdurma səbəbindən Səudiyyədən İrana ziyarətə gələn ərəb ziyarətçilər azlıq təşkil edir.

Yekunda qeyd edim ki, Səudiyyə və İran arasında iqtisadi münasibətlər kəsilərsə, hər iki ölkə bundan müəyyən mənada zərər görəcək. Amma statistikadan məlum olur ki, bunun heç bir ciddi təsiri olmayacaq, çünki hər iki ölkənin ümumi idxal-ixracatdakı payı 2 faizlik həddi aşmır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR