DYP-dən "apteçka" açıqlaması

DYP-dən "apteçka" açıqlaması
15:01 5 Yanvar 2016
114 Digər
Ölkə mətbuatı
A- A+

Son günlər mətbuatda, sosial şəbəkələrdə ən çox işlənən sözlərdən biri də "apteçka"dır desək yanılmarıq. İş o həddə çatıb ki, avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı başladılacaq reyd xəbəri sürücüləri bazarlara axın etməyə vadar edib. Biçarə sürücülər hətta adlarını ilk dəfə eşitdiyi dərman preparatları və tibbi ləvazimatları əldə etməyə çalışırlar. Bəli ilk dəfə eşitdiyi, çünki avtomobillər üçün ilk tibbi yardım çantalarında, yəni "apteçka"larda sürücülərə tanış olmayan bəzi dərman preparatları və tibbi vasitələr var.



13 ildir ki, sükan arxasında olan sürücü Samir Quliyev də "apteçka"dakı dərmanların əksəriyyətinin ona tanış olmadığını deyir. Onun fikrincə, ilkin tibbi yardım üçün bu qədər ləvazimatlara ehtiyac yoxdur.

"Düzdür hərbi xidmətdə təcili tibbi yardım maşını sürmüşəm və ixtisasca həkim olmasam da ilkin tibbi yardımdan məlumatlıyam. Amma bu siyahıda elə preparatlar yer alıb ki, onların hər birindən istifadə qaydasını nə mən bilirəm, nə də başqaları. Zənnimcə bu siyahıda konkret preparatların yer alması daha məqsədəuyğun olardı".





Həkim kardioloq Üzeyir Rəhimov da, Samir Quliyevin fikirləri ilə razıdır. O, tibb çantasında bu qədər ləvazimatın olmasını absurd sayır. Həkimin fikrincə, sözügedən siyahı çox böyükdür və sorğu keçirilsə sürücülərdən tək - tük adam onlardan xəbərdardır, ya da istifadə qaydasına bələddir.

"Həmin siyahı ilə tanışam. Orada elə dərman preparatları var ki, onları həkim göstərişi olmadan istifadə etmək olmaz. Yəni sürücü ilkin tibbi yardım göstərmək istəyə bilər, amma bu başqasının həyatına ancaq təhlükə yarada bilər. Ona görə də yaxşı olardı ki, sürücülərə ilkin tibbi yardım üçün lazım olan konkret ləvazimatlar bint, jqut, yod məhlulu kimi hər kəsin istifadə edə biləcəyi ləvazimatlar olsun. Qalan məsələlər onsuz da xüsusi həkimlər tərəfindən həyata keçirilməlidir. Siyahıdakılardan istifadəni bilmək üçün gərək tibbi təhsilin ola".


Üzeyir Rəhimov - Kardioloq

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovsa tibbi çantalarla bağlı reydlərin keçiriləcəyi, sürücülərin sərt şəkildə cərimələnəcəyi xəbərlərinin cəmiyyətdə ajiotaj yaratmaqdan başqa bir şey olmadığını deyir. Bölmə rəisi qanunun tələbinə əsasən nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusunun, yanğınsöndürən balon və qəza - duracaq nişanının olmasını vacib sayır.



"Əgər dərman qutusu avtomobildə olmasa, cərimə yazıla bilər. Digər vasitələrlə bağlı isə protokol tərtib edilməsi nəzərdə tutulmayıb. Lakin vətəndaşlar cərimə yazılmasından çox həmin vasitələrin avtomobildə olmasının vacibliyini başa düşməlidir. Sürücülər müəyyən məbləğdə cərimə ödəməkdənsə, həmin vasitələrdən istifadə etməyi bacarmalıdırlar. Yol polisinin məqsədi cərimə yazmaq deyil. Əgər kimsə boş qutu alıb qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır".


Vaqif Əsədov-DYP-nin bölmə rəisi

Qanunun bu tələbini pozanlar 5 manat civarında cərimələnəcək. Təkcə ötən il ərzində bu barədə təbliğat xarakterli reydlər keçirilib və 30-a yaxın protokol yazılıb.

Hər halda sürücü həkim ola bilməz. Çünki onun işi sükanı düzgün və heç kəsə təhlükə yaratmadan saxlamaqdır. Amma bu o demək deyil ki, ilkin tibbi yardımı bilməməlidir.
Onu da bilməlidir ən azı bədbəxt hadisə zamanı kömək gələnə kimi həm özünün, həm başqalarının həyatının xilası üçün...

Lakin sürücü təhlükə mənbəyi də olmamalıdır. Dərmanların adını və istifadə qaydasını bilmədən onlardan stifadə isə potensial təhlükə mənbəyidir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR