Ötən il lənkəranlı idmançılar üçün uğurlu olub

Ötən il lənkəranlı idmançılar üçün uğurlu olub
19:28 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 5 yanvar, Bağır Əliyev, AZƏRTAC
2015-ci il Lənkəranda digər sahələrdə olduğu kimi, idman sahəsində də bir sıra uğurlarla yadda qaldı.
AZƏRTAC xəbər verir ki, lənkəranlı idmançılar yola saldığımız ildə ölkə miqyaslı yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də uğurlu çıxışlar ediblər.
Ötən il rayonda ən çox uğur qazanan idmançılar sırasında yunan-Roma güləşçiləri olub. Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirmələri qatıldıqları müxtəlif yarışlardan həm qızıl, həm gümüş, həm də bürünc medal əldə ediblər.
Güləşçilərin sırasında ən böyük uğura məktəbin yetirməsi Təbriz Yusubzadə imza atıb. O, iki ardıcıl beynəlxalq yarışda qızıl medal qazanmaqla, milli komanda da yerini möhkəmləndirib. Bu uğurlardan birinə ölkəmizdə imza atan gənc güləşçi, ikinci medalını qonşu Gürcüstanda qazanıb.
2015-ci ildə lənkəranlı taekvondoçuların da uğurları çox olub. Təhsil Respublika İdman Mərkəzinin Lənkəran filialının yetirmələri Rusiyada iştirak etdikləri yarışdan bir qızıl və bir gümüş medalla qayıdıblar.
Lənkəranlı boksçuların da qazandıqları medalların sayı çox olub: ölkədaxili yarışlarda 6 qızıl, 14 gümüş və 16 bürünc, beynəlxalq yarışlarda isə 3 qızıl, 2 gümüş və 1 bürünc medal.
Ağır atlet Səbinə Əzimovanın da Avropa çempionu olması 2015-ci ilə təsadüf edib. O, həmçinin həmyaşıdları arasında yeni rekorda da imza atıb.
Lənkəranlı idmançılar, həmçinin karate, futbol, sambo və qaydasız döyüş kimi digər idman növlərində də bir sıra uğurlar qazanıblar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_lenkeranli_idmanchilar_uchun_ugurlu_olub-916266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR