Müsəlmanları böyük savaşa sürükləyirlər...

Müsəlmanları böyük savaşa sürükləyirlər...
07:22 6 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Əslində, İran və Səudiyyə Ərəbistanı arasında müharibə çoxdan başlayıb. Amma bu müharibə birbaşa yox, dolayı şəkildə gedir. İndi isə bu iki ölkə arasında birbaşa müharibəni qızışdırmaq istəyən kənar qüvvələr var. Ona görə də onlar arasında birbaşa müharibə də hər an qızışa bilər. Hansısa qüvvələr prosesləri böyük sünni-şiə müharibəsinə doğru itələyir.

Bunu Milli.Az-a açıqlamasında təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov yanvarın 2-də Səudiyyə Ərəbistanında din xadimi, şiə alimi, ayətullah Şeyx Nimr Baqir əl-Nimri edam etməsindən sonra İranla Səudiyyə Krallığı arasında yaranmış gərginliyi şərh edərkən deyib.

Ekspertin fikrincə, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşəcəyi gözlənilən idi: "Çünki bu məsələ İraqdan başlandı. İraqda Səddam Hüseyn devriləndən sonra hakimiyyətdə sünnilərin yerini, əsasən, şiə nümayəndələri tutdu və Səudiyyə Ərəbistanının dünyagörüşü, siyasi baxışları və regiondakı vəziyyətinə görə, bu, onlar üçün mənfi bir hal idi. Çünki onlar hakimiyyətə din pərdəsi altından baxırlar. Daha sonra bu məsələ Suriyadakı hadisələrlə davam etdi. Bəzi mənbələr qeyd edirlər ki, oradakı Bəşər Əsədə qarşı savaşan sünni qruplaşmalar Səudiyyədən maddi yardım alır, silahlandırılırlar. Lakin Rusiyanın müdaxiləsi və fəallığından sonra Suriyadakı proseslər Səudiyyə Ərəbistanının ziyanına cərəyan etməyə başladı. Təsadüfi deyil ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayan gün Səud hakimiyyəti Rusiyadan Suriya ərazisini dərhal tərk etməyi tələb etmişdi. Bu məsələlərin fonunda Yəmən hadisəsi də ortalığa çıxdı. Oradakı husi tayfasına məxsus üsyançı qruplar hakimiyyəti və Səudiyyə Ərəbistanının sərhədinə kimi ərazini nəzarət altına aldılar. Belə bir vəziyyətdə Səudiyyə Ərəbistanı terrorla mübarizə adı altında sünni ərəb dövlətlərindən ibarət hərbi koalisiya yaratmaq təşəbbüsü ilə çıxış etdi, hətta mərkəzi Ər-Riyadda yerləşəcək koalisiyaya qoşulmaq üçün Azərbaycana da dəvət göndərildi. Lakin bu cərəyan da böyük dəstək qazana bilmədi. Belə bir məqamda Ərəbistanda 47 nəfər edam olundu. Onların arasında Səudiyyə Ərəbistanında doğulmuş şiə alimi, şeyx Nimr Baqir əl-Nimr də var idi. İndi Səudiyyə hakimiyyəti bunu qanuni hesab edir, çünki onu üsyankar kimi qələmə verir. Bu edamdan sonra vəziyyət gərginləşdi. İranda kütləvi etiraz aksiyaları keçirildi və Səudiyyə Ərəbistanının səfirliyinə hücum oldu. Səudiyyə Krallığı öz səfirini geri çağırdı. Səudiyyə və onu dəstəkləyən dövlətlər İranla diplomatik əlaqələri kəsdilər və ya minimum səviyyəyə endirdilər.

Bundan sonra İran tərəfi bəyan etdi ki, səfirliyə hücum edənlər tutulub və onlar cəzalandırılacaq. İran rəsmiləri onun kütlə tərəfindən törədildiyini bildirir və bu aksiyanı pisləyirlər. İranın bu addımı vəziyyəti bir az sakitləşdirməyə yönəlib. Amma Səudiyyə Krallığına qarşı ən yüksək səviyyələrdə səslənən siyasi bəyanatlar çox sərt idi. Səudiyyə tərəfinin son bəyanatı isə bu olub ki, Ər-Riyadla Tehran arasında diplomatik münasibətlər o zaman bərpa oluna bilər ki, İran region ölkələrinin daxili işlərinə qarışmaqdan imtina etsin. Bununla Səud hakimiyyəti bəyan etdi ki, bu məsələ İranın qonşularına qarşı yürütdüyü siyasətdən qaynaqlanır".



E.Ələsgərov iki ölkə arasında genişmiqyaslı hərbi münaqişənin başlanması ehtimalını istisna etməyib: "Bu müharibə, əslində, çoxdan gedir, sadəcə hələlik İraq və Suriya ərazisində. Yəni tərəflər əks qütblərdə durublar. İran şiə qruplarını, Səudiyyə Ərəbistanı isə sünni qruplarını dəstəkləyir. Ona görə də, demək olar ki, bu müharibə artıq gedir, sadəcə, bu, hələlik birbaşa dövlətlərarası müharibə deyil. Hələlik yalnız dolayısı ilə qrupların, təşkilatların dəstəklənməsi ilə həyata keçirilir. Amma təbii ki, İranla Səudiyyə Ərəbistanı arasında birbaşa müharibə də qızışa bilər. Xüsusilə, Səduiyyə Ərəbistanı son illər ordunu gücləndirmək üçün külli miqdarda silah və hərbi texnika alıb. Eyni zamanda, İran da silahlanmaya qəbul olunmaq üçün yeni-yeni silah növlərini sınaqdan keçirir. Yəni region artıq barıt çəlləyinə çevrilib. Orada istifadəyə hazır durumda külli miqdarda silah var. Ən əsası isə odur ki, regionda gedən prosesləri şiə-sünni məsələsinə çevirməyi bacaran və bu müharibəni qızışdırmaq istəyən kənar qüvvələr var. Hansısa qüvvələr prosesləri böyük sünni-şiə müharibəsinə doğru itələyir. Çünki İraqda da, Suriyada da proseslər tamam başqa əsasda başlamışdı, amma indi faktiki olaraq şiə-sünni savaşı məcrasına yönəldildi".



Bundan başqa, politoloqun fikrincə, burada neftin qiyməti ilə bağlı məqamı da unutmaq olmaz: "İranla Səudiyyə Ərəbistanı arasındakı gərginlik dünya bazarında neftin qiymətinə də ciddi təsir göstərir. Bir müddət əvvəl prezident İlham Əliyev də qeyd etmişdi ki, neftin qiymətinə əsas təsir edən amil siyasətdir. İndi də bəzi qüvvələr neftin qiymətinə bu yolla təsir göstərmək istəyir".

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com/ saytında da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR