Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək

Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək
10:13 6 Yanvar 2016
75 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Əsasnaməyə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.

Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.

Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır.

Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun.

İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın.

Üçüncü dərəcə əlillik isə xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR