Azərbaycan taekvondoçuları İstanbulda Rio Olimpiadasına lisenziyalar qazanmağa çalışacaqlar

Azərbaycan taekvondoçuları İstanbulda Rio Olimpiadasına lisenziyalar qazanmağa çalışacaqlar
11:33 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Azərbaycan taekvondoçuları “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də İstanbula yollanacaq komandamız turnirdə 3 idmançı ilə təmsil olunacaq. Bu turnir yığma komandamıza 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti 3 lisenziyanı qazanmaq imkanı verir.
Yarışda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdi kişilərdən ibarət yığma komandanın üzvü Milad Beigi Hərçəqanı 80 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək.
Qadın taekvondoçuların baş məşqçisi Sun Mi Park və böyük məşqçi Hyeyounq Çoinin yetirmələrindən isə 49 kiloqram çəkidə Patimat Abakarova və Fəridə Əzizova (67 kq) “Rio-2016” Yay Olimpiya Oyunlarına qatılmaq üçün mübarizə aparacaqlar.
Avropa Taekvondo İttifaqının və Türkiyə Taekvondo Federasiyasının təşkilatçılığı ilə yanvarın 16-17-də keçiriləcək qitə təsnifat turnirində hər çəki dərəcəsi üzrə finala yüksələn idmançılar Olimpiya Oyunlarına vəsiqəni təmin edəcəklər. Ona görə də bu turnir taekvondoçularımızın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmaları baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli komandanın digər üzvü, dünya və Avropa çempionu, birinci Avropa Oyunların qalibi Radik İsayev 87 kiloqram çəki dərəcəsində dünya reytinq siyahısında tutduğu yer sayəsində artıq lisenziya əldə edib.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə İstanbula yola düşəcək yığma komanda yanvarın 18-də Vətənə qayıdacaq.
Azərbaycan millisi dekabrda Meksikada keçirilən milli komandalar arasında taekvondo üzrə dünya kuboku yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Milli komandamızın digər üzvü Milad Beigi Hərçəqani isə dünya kubokunun ən yaxşı kişi taekvondoçusu seçilmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_taekvondochulari_Istanbulda_Rio_Olimpiadasina_lisenziyalar_qazanmaga_chalisacaqlar-916348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR