Yeni il günlərində xaricə gedənlər Azərbaycana "donuz qripi" gətirə bilərmi?

Yeni il günlərində xaricə gedənlər Azərbaycana "donuz qripi" gətirə bilərmi?
12:28 6 Yanvar 2016
22 Sosial
Ölkə mətbuatı
A- A+

Aparılan analizlərin nəticələrinə görə, indiyədək Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb. Bunu trend.az-a Azərbaycan Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev bildirib.


R.Abdullayev Yeni il günlərində xaricə gedən vətəndaşların ölkəyə qayıtdıqdan bir müddət sonra onlarda bu xəstəliyin əlamətlərinin üzə çıxma ehtimalının olmadığını deyib.

Onun sözlərinə görə, ölkənin bütün sərhəd-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə xaricdən gələn insanlar yoxlanılır: “Əgər kimdəsə temperatur olursa, onlardan nümünə götürülür və bizə göndərilir. Biz də bunun nəticəsini dərhal veririk. Indiyədək heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb”.

R.Abdullayev onlara poliklinika və xəstəxanalardan da nümunələrin daxil olduğunu deyib: “Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. ”Donuz qripi” də mövsümü qrip kimidir, qorxulu deyil”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi virusla əlaqədar hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlərin aparıldığını, sərhəd gömrük-keçid məntəqələrində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlərin həyata keçirildiyini açıqlayıb.

Xatıladaq ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ilə əlaqədar 2015-ci il dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək Azərbaycanda qeyri-iş günləri olub.


"Donuz qripi" nədir? "Donuz qripi" haqqında...

Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi.

Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

"Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nәfәs yolu ilә yoluxması nәticәsindә ortaya çıxır vә bu xәstәlik sürәtlә yayıla bilir.

"Donuz qripi" donuzlarda bütün il boyu özünü biruzә verә bilәr.

Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma "quş qripi"ndən azacıq fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları sıx-sıx müşahidə olunmur.

"Donuz qripi"nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Amma qriplə bağlı önəmli bir xəbər də ondan ibarətdir ki, "quş qripi"nə qarşı təsirli olan Tamiflu və Relenza kimi dərmanlar "donuz qripi"nə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

Mənbə: az.wikipedia.org


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR