Elxan Ələsgərovun qürbətdəki azərbaycanlıların həyatı barədə "İtkin zaman" kitabı işıq üzü görüb (FOTO)

Elxan Ələsgərovun qürbətdəki azərbaycanlıların həyatı barədə "İtkin zaman" kitabı işıq üzü görüb (FOTO)
13:53 6 Yanvar 2016
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu yaxınlarda Bakının “Qələm” nəşriyyatı tərəfindən nəşr olunan - müəllifi diplomat, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovun olduğu “İtkin zaman” kitabı işıq üzü görüb. Uzun müddət xaricdə işləmiş E.Ələsgərov asudə vaxtını tarixin hökmü ilə Vətəndən – Azərbaycandan kənar düşmüş yüzlərlə həmvətənlərimizin axtarışına və onların talelərinin öyrənilməsinə həsr edib.

Müəllif kitabda üstü açılmamış sirlərdən ibarət Azərbaycan tarixinə toxunur. Tarixçilər mənşəyimiz barədə sonsuz mübahisələrlə məşğul olarkən zaman zəngin tarixi keçmişimizin canlı daşıyıcılarını durmadan özü ilə aparır. Onlardan biri Hollandiyanın milli qəhrəmanı olan həmyerlimiz Məmməd Məmmədovla bağlıdır. Onu yerli sakinlər Medo adlandırıb.

Azərbaycanlı M.Məmmədov 18 yaşında Zaqatala rayonundan orduya səfərbər edilib və faşist Almaniyasına qarşı döyüşlərdə iştirak edib. Belə döyüşlərin birində Don çayı ətrafında yaralanaraq alman əsirliyinə düşüb. Aralarında xeyli sayda azərbaycanlıların olduğu hərbi əsirləri Hollandiyanın Brabant vilayətinə göndərirlər. Onları işçi qüvvəsi kimi istifadə edirdilər.

1944-cü ilin avqustunda M.Məmmədov Hollandiya Müqavimət Hərəkatı ilə əlaqə yaradaraq Niderlandın faşist işğalından azad edilməsi uğrunda birgə mübarizə aparıb. Göstərilmiş qəhrəmanlığa görə Medo Hollandiya Müqavimət Hərəkatı tərəfindən mükafatlandırılır.

Müharibə başa çatdıqdan sonra o, Hollandiyada qalır. M.Məmmədov uzun müddət fabrikdə, kənd təsərrüfatında işləyir və hətta yerli futbol klubunun məşqçisi olur.

1956-cı ildə Medo “Altijd paarat” polis dəstəsində işləyir. O bu müddət ərzində Niderlandın fəxri vətəndaşı adına layiq görülür. Ölkə qarşısında müstəsna xidmətlərinə görə M.Məmmədov 1996-cı ildə indiki Niderland Kraliçası Beatriks Vilhelmina Armqard tərəfindən ölkənin ali mükafatına - “Oranye-Nassau Kral Ordeninin Cəngavəri” adına layiq görülüb. O, 2003-cü ildə dünyasını dəyişib. Ondan sonra hazırda Ostervyayk şəhərində yaşayan qızı Nənəxanım (Nensi) qalıb.

“İtkin zaman” kitabı indiyə kimi Azərbaycan oxucusuna naməlum qalan hərbi əsirlərin taleyi barədə bir çox faktlar və fotosənədlərdən ibarətdir. E.Ələsgərovun zəhmətkeş əməyi uzaq Niderlandda öz real bəhrələrini verdi. Belə ki, Ostervyayk şəhərində azərbaycanlı Medonun abidəsi qoyulub. Bu tarixə ingilis dilində “Datç Medo” sənədli filmi çəkilib.

Ostervyayk şəhərində “Məmməd Məmədov” adına küçədə də var. Layihənin müəllifinin düşüncəsinə görə, “Məmməd” sözü bütün azərbaycanlıları tərənnüm edir və E.Ələsgərov Niderlandda küçənin bu adla adlandırılmasını Avropanın faşizmdən azad edilməsinə görə həlak olmuş bütün “Məmmədov”ların xatirəsinə həsr edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR