İtaliyanın Befana cadugəri: Milad mövsümü başa çatdı

İtaliyanın Befana cadugəri: Milad mövsümü başa çatdı
13:53 6 Yanvar 2016
15 Digər
Ölkə mətbuatı
A- A+


Roma, 6 yanvar, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrində olduğu kimi, İtaliyada da Milad bayramı və ondan sonrakı ərəfə ilə bağlı maraqlı əfsanələr, qeyri-adi ənənələr mövcuddur. Dekabrın 25-də başlayan Milad mövsümü yanvarın 6-da Epifania festivalı ilə başa çatır. Bu adət hələ qədimdə roman xalqlarının məhz həmin tarixlərdə xüsusi ayinlər icra edərək və palıd ağacını yandıraraq Miladı qeyd etməsindən qalıb. Onlar inanırdılar ki, palıdın kömürü torpağı daha da münbit edəcək. Eyni zamanda, rəvayətə görə, həmin 12 günlük müddətdə şikar ilahəsi Diana bir neçə gənc qızla birgə səmada uçaraq məhsuldarlığın artmasına kömək edəcək. Lakin bütpərəstlərin təsiri ilə bu xoş inanclar mənfi yanaşmalarla əvəz olundu. Belə ki, şikar ilahəsi və gənc qızlar kifir və yaşlı qadınlara çevrildi. Məhz bu qadınlar bu gün də bütün İtaliyada Miladın başa çatması günü kimi qeyd olunan Epifanianın əsas personajı olan Befana nənənin obrazıdır. Əfsanəyə görə, yaşlı Befana səmada uçan süpürgəsi ilə 5 yanvar gecəsi bacalardan düşərək evlərdəki bütün hədiyyələri oğurlayır. Yanvarın 6-da bütün İtaliya məhz bu mistik obrazın gəlişini qeyd edir. Hətta Befananın Santa Klausun həyat yoldaşı olduğunu iddia edənlər də var.
İtaliyanın müxtəlif bölgələrində Epifania adətləri fərqlidir. Belə ki, Şimali İtaliyada nəhəng tonqalın ətrafına toplaşanlar yaşlı qadını simvolizə edən kuklanı oda ataraq yandırırlar. Bununla bütün xəstəliklərin və uğursuzluqların köhnə ildə qalmasını diləyirlər. İnanclara görə, köhnə parçadan hazırlanmış bu kukla nə qədər tez yanıb kül olarsa gələn il bir o qədər xoş əhval-ruhiyyədə keçər.
Mərkəzi İtaliyada da oxşar adətlər icra olunur. Eyni zamanda, mərkəzi meydanlarda toplaşanlar şən mahnılar oxuyaraq təbiəti canlandırmağa çalışırlar. Onlar evləri gəzərək hədiyyələr də toplayırlar. Bu il 17-ci dəfədir təşkil olunan bu mərasimə qatılmaq üçün dünyanın müxtəlif ölkələrindən xeyli sayda turist gəlir. Beş gün davam edən tədbir müddətində mer şəhərin açarlarını Befanaya təqdim edir. Burada Befana nənənin şəxsi taxta evi var və o, gələn qonaqlara şirniyyat, müxtəlif hədiyyələr verir. Paytaxt Romada isə bir əsrdən artıqdır ki, Epifania Novana meydanında qeyd olunur. Burada qurulmuş Milad bazarlarında bayramın əhval-ruhiyyəsini əks etdirən əşyalar satılır. Sonuncu gün isə Befana meydandakı uşaqlara şam və şirniyyat paylayır.
Cənubi İtaliyada isə Epifania daha çox dini elementlərlə birləşdirilir. Eyni zamanda, Befana nənənin səbətində yerli kənd təsərrüfatı məhsullarından ibarət sovqatlar olur. Bu bölgədə əsasən açıq havada Epifania ilə bağlı səhnəciklər nümayiş olunur.
Ümumiyyətlə, Epifania xüsusilə uşaqların səbirsizliklə gözlədiyi, maraqlı və özünəməxsus adətlərlə seçilən bir festivaldır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_Befana_cadugeri_Milad_movsumu_basa_chatdi-916390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR