Azərbaycan Dövlət Neft Fondu yenidən valyuta satışına başlayır

Azərbaycan Dövlət Neft Fondu yenidən valyuta satışına başlayır
14:02 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gələn həftədən etibarən yenidən daxili banklararası bazarda valyuta satışına başlaması gözlənilir. 
"Report" xəbər verir ki, ARDNF-in ən son valyuta satışı dekabrın 8-də baş tutub. O vaxtdan etibarən mütəşəkkil valyuta bazarına intervensiya AMB tərəfindən həyata keçirilib. 
Nəticədə, dekabrın 21-də "üzən məzənnə"yə keçən AMB dekabrın 25-də valyuta hərracları həyata keçirməyə başlayıb. 
ARDNF isə büdcəyə transfertlər proqramı çərçivəsində valyuta satışını bir neçə kommersiya bankı vasitəsi ilə həyata keçirir və satış zamanı AZN/USD məzənnəsi adətən rəsmi məzənnədən 10-15 bənd artıq aparılır. 
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatlarının hazırda 4,5 mlrd. dolara qədər gerilədiyi ehtimal edilir. ARDNF-in satışı bitdikdən sonra AMB-nin yenidən intervensiyaya başlaması üçün Mərkəzi Banka sərəncamında olan xarici qiymətli kağızları satmaq lazım gələcək. Bir müddətdən sonra isə AMB-nin əlavə vəsaitə ehtiyacı yaranacaq və bunun ARDNF-dən cəlb edilməsi mümkündür. Bunun üçün Fond AMB tərəfindən emissiya olunacaq qiymətli kağızları alaraq, Mərkəzi Banka əlavə borc resurslar təqdim edə bilər.
Xatırladaq ki, ARDNF-in bu il dövlət büdcəsinə 6 mlrd. manat transferti planlaşdırılır. Büdcə təsdiq olunarkən bu vəsait dollar ekvivalentində 4,95 mlrd. dollar təşkil edirdisə, hazırda 3,84 mlrd. dollara bərabərdir. Yəni, ARDNF 1,11 mlrd. dollar və ya 22,4% qənaət etmiş olur və qənaətin məbləğinin il ərzində AMB-nin məzənnə siyasətinə uyğun artacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-dovlet-neft-fondu-yeniden-valyuta-satisina-baslayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR