Beynəlxalq Cüdo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası Olimpiya reytinq cədvəlini açıqlayıb
15:38 6 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 6 yanvar, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının lisenziyaları uğrunda mübarizə aparan idmançıların bütün xallarını və nəticələrini hesablayaraq yeni reytinq cədvəlini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, cari statistik göstəricilərə görə, “Neftçi İdman Klubu”nun cüdoçuları Olimpiya Oyunlarında iştirak etməyə iddialıdırlar.
Altmış kiloqram çəki dərəcəsində lisenziya uğrunda Orxan Səfərov və İlqar Muşkiyev mübarizə aparırlar. Aktivində 923 xal olan O.Səfərov təsnifatda on birinci yeri tutur. Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirindəki qələbəsi 2015-ci ildə O.Səfərovun ən yaxşı nəticəsi olub. Bu turnir ona 250 xal qazandırıb. İ.Muşkiyev (774 xal) isə on beşinci yerdədir. Çindao Qran-pri yarışlarında qələbəsi ona əlavə 300 xal qazandırıb. Olimpiya təsnifatının mayda başa çatacağını nəzərə alsaq, hər bir start idmançılar üçün müəyyən əhəmiyyət daşıyacaq.
Nicat Şixəlizadə (66 kq) 1012 xalla səkkizinci pillədə qərarlaşıb. O, Rio Olimpiadasında iştirakını faktiki olaraq təmin edib. Cüdoçunun hesabında on iki nəticə var. Ən son uğuru Çindao Qran-pri yarışlarında qazandığı qələbə olub. Rüstəm Orucov (73 kq) hazırda 1522 xalla ikinci yerdə qərarlaşıb. Reytinq cədvəlində Koreya Respublikasından olan Çan-Qrim Anu liderlik edir. Cüdoçumuzun reytinq xalı qazanması baxımından ən böyük nəticəsi Parisdə təşkil olunan “Böyük dəbilqə” turnirində qazandığı gümüş medaldır. Bu medal onun aktivinə yüz xal əlavə edib.
Azərbaycan yığmasının idmançıları arasında 81 kiloqram çəki dərəcəsində ən yaxşı nəticə klubun digər yetirməsi Əbdülhəq Rəsulluya (57-ci pillə) məxsusdur. O, hələlik lisenziya uğrunda mübarizədən uzaqdır. Amma Məmmədəli Mehdiyev (90 kq) Rio Olimpiadasında iştirak etməyə ümid bəsləyə bilər. Onun 31-ci mövqeyi keçid pillə sayılır, çünki irəlidə ölkələrin hər birindən bir neçə idmançı var.
Elmar Qasımov 100 kiloqram çəki dərəcəsində reytinq cədvəlində ikincidir. İdmançımız Tokioda keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanaraq mövsümü major notda bitirib. Onun aktivində 1758 xal var. E.Qasımovu on doqquzuncu yerə yüksələn və Olimpiadaya iddialı olan klubun digər cüdoçusu Elxan Məmmədov (668 xal) ilə rəqabət gözləyir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_Cudo_Federasiyasi_Olimpiya_reytinq_cedvelini_achiqlayib-916426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR