Palaz - min illər boyu xalqımızın yaşatdığı qədim sənət nümunəsi

Palaz - min illər boyu xalqımızın yaşatdığı qədim sənət nümunəsi
18:18 6 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Ağsu, 6 yanvar, Adil Ağayev, AZƏRTAC 
Min illər boyu əcdadlarımızdan bizə yadigar qalan qədim sənət inciləri, günümüzədək gəlib çıxan sənətkarlıq vərdişləri bu gün bəşər mədəniyyəti xəzinəsində özünəməxsus yer tutur. Bir çoxumuzun bilmədiyi və ya biganə qaldığımız palaz da məhz qədim maddi-mədəni irsimizin özünəməxsus gözəl nümunələrindəndir.
Əlbəttə, əcdadlarımız təkcə indi muzeylərmizi bəzəyən sənətkarlıq nümunələri, o cümlədən qızıl, gümüş, mis və digər əşyalarla yanaşı, həm də məişətdə işlədilən, yaşamaq üçün zəruri olan avadanlıqlar da hazırlayıblar. Bu avadanlıqlar qoyun, keçi və dəvə yunundan toxunan döşənəcəklər, ev əşyalarını daşımaq üçün farmaş, keçə-qəlib, xalça, palaz, xalı və sair olub.
Bunlardan Azərbaycanda, xüsusən Şirvanda xovsuz xalça növü olan palaz geniş yayılan məişət əşyasıdır. Ötən əsrin 60-cı illərinə qədər, xüsusən kəndlərdəki əksər evlərdə palaz toxumaq üçün xana, pambıq və ya yan əyirmək üçün cəhrə olardı. Yeni ailə quran qızlar mütləq palaz toxumağı öyrənərdilər və özləri ilə cehiz olaraq toxuduqları palazı da aparardılar. Palaz haqqında bəzi atalar sözləri, xalq inancları və deyimləri bu gün də yaddaşımızdan silinməyib.
Palazın özünün də bir neçə növü olub. Pambıqla, üfiqi istiqmətdə toxunan palazlarla yanaşı, yundan toxunan mürəkkəb və maraqlı çeşidlərlə “Qollu”, “Qobustanı”, “Xoruzlu” palaz növləri də var. Bunlarla yanaşı, toxunuşu tamamilə başqa üsulla olan “Qayaq” və “Sumağı” palaz növləri də olub.
Qeyd edək ki, nəinki Ağsu rayonunda, Şirvan bölgəsində də ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndi palaz toxuyan peşəkar sənətkarları ilə tanınıb. Burada keçən əsrin 60-cı illərinədək “Gəgəli palazı” çox məşhur olub. Hər həftə Ağsu, habelə ətraf rayonlarda bazarlara çıxarılan “Gəgəli palazı”nın alıcıları da az deyildi. Bu, hər şeydən əvvəl Gəgəli xanımlarının peşəkarlığı, toxuduqları palazların yüksək keyfiyyəti, rəngarəng çeşidli olması ilə əlaqədar idi.
Hazırda kənddə palaz toxunmasına maraq getdikcə artmaqdadır. Nəinki yerli, eləcə də xarici turistlər bu qədim el sənətinə böyük maraq göstərirlər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Palaz___min_iller_boyu_xalqimizin_yasatdigi_qedim_senet_numunesi-916488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR