Səudiyyə neft müharibəsinə hazırlaşır

Səudiyyə neft müharibəsinə hazırlaşır
20:01 6 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” Avropanın şimal-qərbi üçün neft qiymətlərinə etdiyi güzəşti barrel üzrə 0,6 dollar artırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, "Aramco" Aralıq dənizi ölkələri üçün diskont tətbiq edib və bu ölkələrə satdığı neftin qiymətinə şamil etdiyi güzəşti 0,2 dollar artırıb.


"Aramco"nun neftayırma zavodu (Cubayl, Səudiyyə Ərəbistanı)

Beləliklə, “Aramco” Şimali-Qərbi Avropa ölkələri üçün neftin qiymətinə tətbiq etdiyi güzəşti 1 dollar/barrelə çatdırıb. Şirkət əvvəl bu ölklərə satdığı neftin hər bir barrelinə 0,4 dollar diskont tətbiq edirdi. “Aramco” Amerika Birləşmiş Ştatlarına satdığı neftin qiymətinə tətbiq etdiyi güzəşti isə dəyişməyib - barrel üzrə 2 dollar saxlayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Səudiyyə bu addımı İranın Avropa neft bazarına girməsinə əngəl olmaq üçün atıb. “İranla Səudiyyə arasında diplomatik münaqişə başlayanda, hər kəs bunun nefti bahalaşdıracağını düşünürdü. Amma göründüyü kimi, münaqişə tam əks effekt verdi və Səudiyyə nefti ucuzlaşdırmağa başladı”,- deyə İlham Şaban ANS PRESS-ə vurğulayıb.


İlham Şaban - Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Beləliklə, İranın Avropa neft bazarına girmək üçün son beş ayda səbirsizliklə nümayiş etdirdiyi ümidlər özünü doğrultmadı. Tehranın bu bazara girməsinə yeni əngəllər yarandı.

Qərbin sanksiyalarına qədər, İranın gündəlik neft hasilatı sutkada 4,2 milyon barrel təşkil edirdi. Həmin neftin 2,5 milyon barreli ixrac edilirdi. Sanksiyalar tətbiq ediləndən sonra İranın xaricə göndərdiyi neft 1,1 milyon barrel azaldı. İran yalnız Asiya-Sakit okeanı regionuna neft göndərə bildi. Qərb bazarları isə əlindən çıxdı.

Dünyada gündəlik neft hasilatı ölkələr üzrə (barrel/sutka)



İranın tərk etdiyi bazarlara isə Səudiyyə Ərəbistanı daxil olub. Məsələn, sanksiyaların tətbiq edildiyi 2012-ci ilə kimi bu ölkədən neftin 13%-ni İtaliya və 16%-ni İspaniya aparırdı. Sanksiyalardan sonra bu ölkələrin bazarı Səudiyyə Ərəbistanının və Rusiyanın nəzarətinə keçdi. Amma İran yenidən Avropa bazarına qayıtmaq ümidindədir.

İlham Şabanın fikrincə, İran sanksiyaların tətbiq edildiyi 2012-2015-ci illərdə sata bilmədiyi neftə görə 350 milyard dollar itirib: “İranın bu itkilərinin gücü vur-tut 1200 meqavatt olan atom elektrik stansiyaya görə Rusiya ilə başladığı əməkdaşlıq üzündən yarandı. Suriya məsələsində Bəşər Əsədi dəstəkləməyi də bu məsələdə az rol oynamır. Tehran Səudiyyə Ərəbistanında iğtişaşlar yaratmaqla neftin qiymətini qaldırmaq istəsə də, tərs effekt alındı və Ər-Riyadın son addımları neftin qiymətini daha da ucuzlaşdırmağa xidmət edir”.


6 yanvar 2015-ci il tarixdə Brent neftinin qiymətinin ucuzlaşması

Təbii ki, İran yayda "altılıq" ölkələri ilə əldə etdiyi anlaşmadan gözlədiyi gəlirləri əldə edə bilməyəcək. Çünki belə görünür ki, neftin qiymətinin ucuzlaşması davam edəcək. Amma bu məsələdən Azərbaycan kimi iqtisadiyyatı neftə ifrat bağlı olan ölkələr də əziyyət çəkəcək. Rəsmi Bakı bu prosesin gedişini dəyişə bilməsə də, ciddi təhlillər aparmaqla ölkəni gözlənən bu çətin dövrdən uğurla çıxara bilər. Bunun üçün hərəkətə keçmək lazımdır, cənablar!..

Neftdə gözlənilən böyük ucuzlaşma

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR