Gənc yazarın “Fərqlilər” adlı yeni kitabı çap olunub

Gənc yazarın “Fərqlilər” adlı yeni kitabı çap olunub
14:43 7 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Gənc yazar Dilqəm Əhmədin “TEAS press” nəşriyyat evində “Fərqlilər” adlı yeni kitabı çap olunub.
Müəllif AZƏRTAC-a bildirib ki, Azərbaycan tarixinə aid 24 məqalənin toplandığı kitabda oxuculara yeni fotolar, sənədlər təqdim olunur. Kitabda şəxsi kolleksiyasında olan orijinal foto və sənədləri yayımlayan müəllif bu materialları Türkiyədən əldə etdiyini bildirib: “Materialları İstanbulda yaşayan bir şəxsdən əldə etmişəm. Türkiyədə müxtəlif tarixi dəyəri olan fotolar, sənədlər auksionlarda, kitab mağazalarında satılır. Mən də internet vasitəsilə belə bir şəxslə əlaqə qurdum və Azərbaycan mühacirət tarixinə aid nadir fotoları aldım. Bəlkə də, indiyə qədər bu arxivlərə təxminən 5 min manata yaxın pul xərclənib. Bu kitabda Cümhuriyyətin qurucularından Məhəmmədəmin Rəsulzadəyə aid üç nadir foto və Polşadan silahdaşı Abbasqulu Kazımzadəyə göndərdiyi açıqca yer alıb. Fotolardan biri 1922-ci ildə Finlandiyada çəkilib. Əli bəy Hüseynzadəyə, İsa bəy Aşurbəyliyə aid 109 yaşlı əlyazma, Almas İldırıma aid iki nadir foto, Əhməd bəy Ağaoğlunun dəfn fotoları, eləcə də Türkiyədəki siyasi fəaliyyəti ilə bağlı bir neçə foto, Tağıyevin qızlar məktəbinin müəllimlərinin fotoları yer alıb”.
Kitabda Cümhuriyyət tarixinə aid iki dəyərli fotonun da yayımlandığını qeyd edən müəllif bu materialların tarixindən danışıb: “Fotolardan biri Cümhuriyyətin bir yaşı ilə bağlıdır. 1919-cu ilin 28 mayında indiki İstiqlaliyyət küçəsindəki mərasimdə çəkilib. İkinci foto isə Cümhuriyyətin İran səfirliyinin əməkdaşlarının ümumi fotosudur”.
Əsas arxivini may ayında çapı planlaşdırılan “Mühacirlərin dönüşü” kitabına saxladığını deyən D.Əhməd bu kitabda xeyli sayda yeni fotoların və məktubların yayımlanacağını söyləyib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_yazarin_Ferqliler_adli_yeni_kitabi_chap_olunub-916666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR