77 insan alveri qurbanına yardım edilib

77 insan alveri qurbanına yardım edilib
15:24 7 Yanvar 2016
35 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 77 nəfər şəxsi müvafiq yardımlarla təmin edib.

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxslərdən 58 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 19 nəfəri isə insan alverinin qurbanına çevrilmək riski ilə üzləşən şəxslər olub.

Qeyd olunan insanların bir hissəsi ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növü ilə təmin ediliblər. Onlardan 22 nəfərinə hüquqi, 26 nəfərinə psixoloji, 8 nəfərinə tibbi yardımlar göstərilib, 9 nəfəri sığınacaqda yerləşdirilib. Həmçinin 18 nəfərinin məşğulluğunun təmin olunması, 12 nəfərinin peşə hazırlığına cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə tədbirlər görülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq, mərkəzin əməkdaşları tərəfindən ötən il ölkəmizin 20 rayon və şəhərində ictimai məlumatlandırma tədbirləri də keçirilib. Əsasən gənclərin iştirakı ilə keçirilən tədbirlər zamanı insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, insan alveri ilə mübarizə formaları barədə məlumatlar verilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR