“Qızıl qlobus” mükafatının təqdimatı keçiriləcək

“Qızıl qlobus” mükafatının təqdimatı keçiriləcək
16:28 7 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 10-da Los-Ancelesdə bu il 73-cü dəfə təşkil olunan “Qızıl qlobus” mükafatı sahiblərinə təqdim olunacaq.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, səsvermədə işin peşəkarları deyil, Hollivudda qeydiyyatdan keçmiş xarici KİV nümayəndələri iştirak edir, nominasiyalar isə adətən “Oskar”da olduğundan daha çoxdur. Dram janrında çəkilmiş ən yaxşı tammetrajlı film nominasiyasında 5 film mükafat üçün yarışacaq. Siyahıda “Kerol”, “Dəlisov Maks: Qəzəb yolu”, “Sağ qalmış”, “Otaq” və “Diqqət mərkəzində” filmləri yer alıb.
“Kerol” bir-birini sevən iki qadının dramını tamaşaçıya çatdırır. Todd Heynsin rejissoru olduğu film 5 kateqoriyada qeyd olunub. Kann festivalında da uğur qazanan filmin baş rol ifaçısı Runi Mara isə ən yaxşı qadın rolu ifaçısı kimi fərqləndirilib.
Ötən il “Birdman” filmi ilə Oskar qazanan Alexandro Qonsales İnyaritu bu il daha bir uğurlu layihəyə imza atıb. Onun baş rolda Leonardo Di Kaprionun çəkildiyi “Sağ qalmış” filminin bir neçə kateqoriyada uğur qazanacağı gözlənilir.
Hollivud mükafatlarını təxmin etməklə məşhurlaşan Tim Qrey “Diqqət mərkəzində” filmini xüsusilə qeyd edib. Onun dediyinə görə, bu film bir neçə kateqoriyada Oskar qazanmağa ən real namizəddir, çünki, peşəkarlıq baxımdan çox yaxşı iş görülüb, əla ssenarisi var və ən əsası, film hələ də gündəmdə olan jurnalist araşdırmasından bəhs edir.
“Qızıl qlobus” uğrunda yarışacaq filmlərdən biri də “Otaq”dır. Rejissoru Lenni Abrahamson olan Kanada-İrlandiya ortaq filmi bu ilin sürpriz namizədlərindən sayılır. Film ana və 5 yaşlı oğlunun illər boyu bir otaqda əsir tutulması hekayəsindən danışır.
Daha bir gözlənilməz iddiaçı isə Corc Millerin çəkdiyi “Dəlisov Maks: Qəzəb yolu” filmidir. Bu filmin baş rollarında Tom Xardi və Şarliz Teron çəkiliblər. Film məşhur “Dəlisov Maks” epopeyasının 5-ci hissəsidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qizil_qlobus_mukafatinin_teqdimati_kechirilecek-916708

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR