Sosial şəbəkələr - cəmiyyətin həllolunmaz problemi

Sosial şəbəkələr - cəmiyyətin həllolunmaz problemi
18:43 7 Yanvar 2016
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Tez-tez “sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı”, "qətlə yetirdi", "sosial şəbəkə ailəni dağıtdı" və s. kimi xoşagəlməz xəbərləri izləyirik və ya kimlərinsə sosial şəbəkələrdən istifadə edərək müxtəlif radikal çağırışlar etməsinin şahidi oluruq.

Ancaq əfsuslar olsun ki, beynəlxalq təcrubədə sosial şəbəkələrin bu cür mənfi təsirlərinin qarşısının alınması üçün hər hansı konkret nümunələr yoxdur. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır, sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir.

Bəzən sosial şəbəkələr cəmiyyətlərdə həlli olduqca çətin, bəlkə də mümkün olmayan problemlər yaradır.

Məsələyə münasibət bildirən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Trend-ə deyib ki, sosial şəbəkələrdən yaranan problemlərin köklü şəkildə həlli praktikası dünyada mövcud deyil: “Bəzi ölkələr sosial şəbəkələri qadağan edib, amma bu da çıxış yolu deyil. Çünki insanlar artıq sosial şəbəkələrə öyrəşib, bundan istifadə edirlər. Müəyyən məsələləri inzibati yolla həll etmək olar. Məsələn, sosial şəbəkələrdə ekstremizmə çağırış edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ötən il mənim təklifimlə Cinayət Məcəlləsinə dəyişiklik edildi və bu da öz nəticəsini verdi".

Deputat deyib ki, sosial şəbəkələrdə danışıq və davranış etikası ilə bağlı çox ciddi problemlər var.

F.Muradov hesab edir ki, sosial şəbəkələrdə danışıq və davranış etikasına çox ciddi riayət olunmalıdır: “Amma bu məsələni təkcə qanunvericiliklə, inzibati yollarla həll etmək mümkün deyil. Yəni, bu gün inzibati metodlarla sosial şəbəkələrə yalnız müəyyən nəzarət funksiyasını həyata keçirmək olar. Amma ümumilikdə, şəbəkələrə nəzarət olunması, qadağaların qoyulması çətindir”.

F.Muradov bildirib ki, bu məsələdə valideyn məsuliyyəti də olmalıdır: "Valideyn nəzarəti güclü olmalıdır, bu mütləqdir. Davranış etikası ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Bu məsələdə hər kəs öz üzərinə düşən məsuliyyəti anlamalıdır”.

Komitə sədri qeyd edib ki, sosial şəbəkələrin yaratdığı və yarada biləcəyi fəsadları təxmin etmək çətindir.

Milli Məclisin deputatı Musa Quliyev də məsələnin həlli yolunu maarifləndirmə işinin gücləndirilməsində, uşaqlara və yeniyetmələrə nəzarət edilməsində, eyni zamanda, valideyn məsuliyyətinin artırılmasında görür: “Bu məsələ Milli Məclisdə dəfələrlə müzakirə olunub. Qanunvericiliyə bu məsələlərlə əlaqədar müəyyən dəyişikliklər edilib. Amma sosial şəbəkələri qadağan etmək mümkün deyil. Çünki bu tək Azərbaycanda deyil, dünyanın hər yerində cəmiyyətin üzləşdiyi və həyat tərzinə daxil olmuş bir məsələdir. Məsələnin tam həlli üçün konkret bir resept də vermək mümkün deyil. İlk növbədə uşaqları və yeniyetmələri sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq, onlara nəzarət etmək lazımdır. Onları sosial şəbəkələrdən tamamilə təcrid etmək də mümkün deyil. Valideynlər bu məsələdə məsuliyyətlərini anlamalıdırlar”.

M.Quliyev hesab edir ki, sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və virtual bir dünyada yaşamağa sövq edir: "Sosial şəbəkələrə alüdə olan insanlar günlərlə öz yaxınları ilə ünsiyyət qurmurlar, danışmırlar. Bu da çox ciddi bir məsələdir və insanın mənəvi-əxlaqi deqradasiyasına gətirə biləcək bir haldır".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2477616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR