İsrafil İsrafilovun ağac oğurluğuna aydınlıq gəldi

İsrafil İsrafilovun ağac oğurluğuna aydınlıq gəldi
21:36 7 Yanvar 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilovun teatra məxsus bəzi əşyaları və sənət ocağının həyətindəki dekorativ şam ağaclarını çıxartdıraraq aparması barədə yayılan ittihamlara aydınlıq gəlib.

Milli Dram Teatrının bir neçə aktyorunun ANS PRESS-ə verdiyi məlumata görə, keçmiş direktorun belə bir hərəkətə yol verməsi inandırıcı deyil.

Xalq artisti, Milli Dram Teatrının aktyoru Ramiz Novruz bu məlumatın tamamilə əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, ağacların çıxarılması ərazidə yol çəkilişi ilə əlaqədardır:

“Bu, tamamilə absurddur. Bunu kimlər yayıb bilmirəm, amma belə ittiham səsləndirmək insanlığa, əxlaqa yaraşmaz. Yəni İsrafil İsrafilovun bir ağac əkməyə gücü çatmır ki, belə iş görsün. Heç o elə insan da deyil axı. Həm də orda cəmi bir ağac çıxarılıb, bu da onunla bağlıdır ki, teatrın arxa tərəfindəki ərazidən ta “Sovetski”yə qədər tikinti işləri aparılır, yol çəkilməlidir” deyə Ramiz Novruz qeyd etdi.




Ramiz Novruz - Milli Dram Teatrının aktyoru

İsrafil İsrafilova qarşı səsləndirilən ittihamlarla bağlı xalq artisti, Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova ilə də danışdıq. Aktrisa bu məlumatın həqiqət olub-olmadığını dəqiq bilmədiyini, bu barədə sadəcə işdə digər həmkarlarından eşitdiyini söylədi:

“Gedənin dalınca danışmazlar. Bilmirəm bu ittihamlar nə dərəcədə doğrudur. Xəstə olduğum üçün neçə gündü teatrda yox idim. Bu barədə bu gün işə çıxanda eşitdim”.

İsgəndər İsgəndərovla şəxsi qərəzliyinin olmadığını deyən Firəngiz Mütəllimova bununla belə onun rəhbərliyi dövründə teatrın fəaliyyətindən razı qalmadığını da dilə gətirdi. “Yaradıcı insanlara sərbəstlik verilməlidir, daim əsəb-stress içində necə işləyəsən? 5 ilimiz hədər getdi, ancaq vədlərə qulaq asdıq. Amma indi sevinc içindəyik, bizə yaradıcı adamı sevib qiymət verən adam lazımdı, o da indi teatra rəhbərlik edəcək” deyə Firəngiz Mütəllimova vurğuladı.



Firəngiz Mütəllimova - Milli Dram Teatrının aktrisası

Milli Dram Teatrının keçmiş direktoru isə barəsində deyilənlərlə bağlı susmağa üstünlük verir. Gün ərzində onunla bir neçə dəfə əlaqə yaratmağa çalışsaq da, İsrafil İsrafilov telefon zənglərimizə cavab vermədi.

Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilov barəsində guya onun teatrın həyətindəki 4 dekorativ şam ağacını fəhlələrə çıxartdıraraq öz bağında əkdirməsi və vəzifədən gedərkən teatrdan başqa əşyalar aparması barədə ittihamlar yayılmışdı.

İsrafil İsrafilovun teatrla bağladığı müqavilənin müddəti bu il yanvarın 5-də başa çatıb. Yanvarın 6-da isə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq indiyədək Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru olan xalq artisti Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə keçirilib.


Azərpaşa Nemətov - Milli Dram Teatrının yeni direktoru


İsrafil İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilmişdi. 2015-ci il yanvarın 5-də isə onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi yenilənmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR