Bankların intihar qurbanları

Bankların intihar qurbanları
10:16 8 Yanvar 2016
75 Digər
Ölkə mətbuatı
A- A+

İndi Azərbaycanda intiharların əksəriyyəti kredit borclarına görə baş verir.

ANS Press-in məlumatına görə, ötən gün özünü yandırmış Neftçala sakini, 63 yaşlı Alik Novruzovun da, noyabr ayının 23-də Bakıda metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında özünü yandıran Naxçıvan sakini Malik Hüseynovun da intihar cəhdinin əsas səbəbi banklara olan borclarla bağlıdır.

Malik Hüseynovun anası Səkinə Hüseynovanın dediyinə görə, oğlu devalvasiyadan sonra kredit borclarını ödəyə bilməyib: "Manat devalvasiyaya uğrayana qədər oğlum pulu normal şəkildə ödəyirdi. Ancaq dolların bahalaşmasından sonra ödəniş etməyi bir az çətinləşdi. Son iki ayda isə ümumiyyətlə ödəniş edə bilmədi. Buna görə də maşını axtarışa verilmişdi".

2015-ci ilin ilk 10 ayında ölkə üzrə problemli kreditlərin artması


2015-ci il fevralın 21-də gerçəkləşdirilmiş devalvasiyanın təcrübəsinə əsaslanaraq demək olar ki, dekabrın 21-də baş vermiş devalvasiyadan sonra bu cür hadisələr arta bilər. Çünki birinci devalvasiyadan sonra da ölkə üzrə problemli borclar artmağa başladı və Azərbaycanın yeni tarixində ilk dəfə olaraq insanlar borca görə öz həyatlarına qıymağa başladılar. Bu məsələdə əsas faciə qurbanları dollar ilə kredit götürmüş insanlar oldu. Devalvasiydan sonra insanların qazancı dəyişməsə də, kredit ödənişləri avtomatik olaraq artır. Nəticədə insanlar kreditləri verə bilmirlər və problemli kreditlər artır.

Birinci devalvasiyadan sonra dollarla götürülmüş probolemli kreditlərin həcmi aybaay və böyük sürətlə artdı. Əgər 2015-ci ilin yanvar ayında 204,4 milyon manat xarici valyutada götürülmüş problemli kredit vardısa, fevral ayında bu rəqəm 314,5 milyon manata, mart ayında 361,8 milyon manata, apreldə isə 400,7 milyon manata qalxmışdı.

Dollarla verilən ümumi kredit çantasının 4 faizinə bərabər olan bu məbləğ makroiqtisadi baxımdan təhlükəsiz görünsə də, minlərlə ailənin faciəsi deməkdir. Buna görə də ikinci devalvasiyanın bu faciəni daha da dərinləşdirəcəyini güman etmək olar və artıq bu istiqamətdə ilk siqnallar gəlməkdədir. Çünki yanvarda artıq iki belə hadisə baş verib. Məsələ bundadır ki, ötən gün Neftçalada baş vermiş hadisə ilə yanaşı, ölkə KİV-ləri srağagün də borca görə intihar barədə xəbər yaymışdı: Bakının Pirallahı rayonunun Səməd Vurğun küçəsində yaşayan Ələmdar Salamov banklara olan böyük borcuna görə özünü yaşadığı evin həyətindəki yarımtikilidə asmışdı.


Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri


İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı alim Vüqar Bayramov ANS Press-ə müsahibəsində əhalinin bu probleminin həlli üçün dövlətin məsələyə müdaxiləsini vacib sayır: "Bu məsələdə Qazaxıstan təcrübəsindən istifadə etmək olar və dövlət əhalinin banklara olan borcunda devalvasiya nəticəsində yaranmış fərqi özü ödəyə bilər - kiçik kreditlərdə yaranmış fərqin hamısını, böyük kreditlərdə isə bir qismini özü ödəyə bilər".

İqtisadçı alimin fikrincə, banklar da devalvasiyadan sonra öz kredit çantalarını yenidən sturukturlaşdırmaqla problemli kreditləri azalda bilərlər: “Bəzi banklar aylarla kredit üzrə ödəniş ala bilməsələr də borc üzrə faizləri əsas məbləğin üzərinə gəlməyə başlayırdar. Halbuki, banklar dərhal həmin borcları yenidən nəzərdən keçirməli və kredit şərtlərini dəyişməlidirlər. Tam ümidsiz ölü borcları silməlidirlər”.

Təbii ki, bu cür addımlar intihar astanasında olan çox insanın həyatını xilas edə bilər. Həm hakimiyyət, həm də banklar bu məsələni nəzərdə saxlamalıdırlar. Hər halda, diri vətəndaş borcu geri qaytarmaq baxımından ölü cəsəddən daha əlverişlidir. Ölən insan canını bu dünyadan qurtarmaqla gedəndən sonra borcu boyda da problem qoyur. Diri adamın isə bu problemi yavaş-yavaş əritməyi bacarır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR