ABŞ-ın ən nüfuzlu yəhudi din mərkəzində Azərbaycan haqda təqdimat olub - FOTO

ABŞ-ın ən nüfuzlu yəhudi din mərkəzində Azərbaycan haqda təqdimat olub - FOTO
12:27 8 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Los-Ancelesin ən böyük və nüfuzlu yəhudi dini mərkəzlərindən olan Sinay sinaqoqunda Azərbaycana dair geniş təqdimat keçirilib.

Milli.Az bildirir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Report-a verilən məlumata görə, təqdimat ötən ilin payızında sözügedən sinaqoqun 50 nəfərlik nümayəndə heyətinin Azərbaycana etdiyi səfər barədə yəhudi icmasını məlumatlandırma məqsədi daşıyıb.

Sinay sinaqoqunun rəhbəri, ABŞ-ın ən nüfuzlu yəhudi din xadimlərdən olan ravvin Deyvid Uolpi Azərbaycanın ecazkar ölkə olduğunu vurğulayaraq, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan belə bir ölkə ilə tanış olmaq fürsətinin əvəzsiz olduğunu bildirib.

Daha sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, tarixən Azərbaycanda müxtəlif mədəniyyət və dinlərə böyük ehtiramla yanaşıldığını, tolerantlıq ənənələrinin qədim tarixə malik olduğunu qeyd edib.

Baş konsul Azərbaycan prezidenti İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində ölkədə multikulturalizm və tolerantlıq ənənələrinin daha da gücləndiyini vurğulayıb. O, Sinay sinaqoqunun nümayəndə heyətinin Azərbaycana səfərinin mühüm hadisə olduğunu söyləyərək, bu səfərin Azərbaycan ilə ABŞ-ın yəhudi icması arasında qarşılıqlı münasibətlərin inkişafına önəmli töhfə verdiyini bildirib.

Sonra çıxış edən Sinay sinaqoqunun idarə heyətinin üzvləri Keri Lerman, Ancela Məddahi və Eli Aliyeşmerni Azərbaycanda müxtəlif dini icmalar arasında qarşılıqlı ehtirama əsaslanan münasibətlərlə yanaşı, ölkə müsəlmanlarının malik olduğu tarixi ənənələrin də unikal olduğunu qeyd ediblər.

Çıxış edənlər Azərbaycan kimi mütərəqqi və tolerant bir ölkənin ABŞ-ın yəhudi icması tərəfindən daim və hərtərəfli dəstəklənməsinin olduqca vacib olduğunu dəfələrlə vurğulayıblar. 

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR