Nüfuzlu ölkələrin liderləri Bakıya toplanacaq

Nüfuzlu ölkələrin liderləri Bakıya toplanacaq
12:28 8 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

2016-cı il mart ayının 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu keçiriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, artıq 4 ildir təşkil olunan bu ənənəvi forumda bir sıra ölkələrin dövlət və hökumət başçılarının, habelə tanınmış nüfuzlu siyasi xadimlərin iştirakı gözlənilir.

Qeyd edək ki, artıq Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət başçıları IV Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırdıqlarını bildiriblər.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıb.

Hər üç forumda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və nitq söyləyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2478072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR