Klinton Putini tərifləyib: "Niyyəti təmizdir"

Klinton Putini tərifləyib: "Niyyəti təmizdir"
16:31 8 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

1993-cü ildən 2001-ci ilə qədər ABŞ prezidenti olan Bill Klintonun Putinlə dostluq münasibətləri aşkarlanıb.

ANS PRESS-in xarici mətbuata istinadən məlumatına görə, Klintonun vəzifəsinin sonuna yaxın müddətdə - 2000-ci ildə idarəçiliyə gələn Rusiya lideri Vladimir Putinlə bağlı xoş fikirlər səsləndirdiyi üzə çıxıb.

“The New York Times” qəzetində eks prezidentin 1997-ci ildən 2000-ci ilə qədər rəsmi telefon danışıqlarının stenoqramı nəşr edilib. Həmin bazada müəyyən hissəsi qanunauyğun olaraq şifrələnən 532 səhifəlik mətn yer alıb.

Danışıqlarda Klinton İraq, Kosovo və Şimali İrlandiya ətrafında baş verən vacib hadisələri şərh edib. Həmin yazılardan birində o, Putinin Rusiyanın prezidenti vəzifəsinə seçilməsindən danışıb.

“Hesab edirəm ki, Putinin böyük potensialı var. Mənə elə gəlir o, ağıllı və düşüncəlidir. Fikirləşirəm, biz onunla birlikdə çox yaxşı işlər görə bilərik”, deyə ABŞ-ın eks-prezident 15 il əvvəl bildirib.



Bill Klintonun həmçinin Putinin niyyətinin təmiz və vicdanlı olması barədə də qeydi yazılıb.

Onun danışıqlarından həmin dövrdə ABŞ-ın Rusiyaya xüsusi yaxın münasibət bəslədiyi açıq-aşkar görünür. Belə ki, Kosova konflikti və 1999-cu ildə Yuqoslaviyanın bombalanması zamanı Bill Klinton Serbiya rəhbərliyi ilə həmrəy olan Rusiya ilə münasibətdə gərginlik yaranmasın deyə qoşun göndərilməsi məsələsinə xüsusi ehtiyatla yanaşıb.

“Qoşun göndərib göndərməmək seçimi olarsa, onda Rusiya ilə nə edək? Bu, bizim dostluğumuza xələl gətirə bilər” deyə Bill Klinton sual edib.

Amerikanın eks prezidentinin Böyük Britaniyanın baş naziri Toni Bleyrlə telefon danışıqlarının stenoqramı isə bu iki lider arasında yaxın dost münasibətlərinin olduğunu, hətta onların övladları ilə bağlı arzularını bölüşdüyü, eyni zamanda dünya siyasəti ilə bağlı müzakirələr apardığını ortaya çıxarır.

Həmin stenoqramlarda Bill Klintonun həyat yoldaşı, hazırda ABŞ prezidentliyinə namizəd Hillari Klintonun da Putinlə bağlı fikirləri yer alıb. Amma onun fikirləri rus liderin lehinə deyil. Hillari Klinton həyat yoldaşını Putinlə aparılan siyasətdə ehtiyatlı olmağa çağıraraq, onun “çətin adam” olduğunu vurğulayıb.

Amma Bill Klintonun dövründəkindən fərqli olaraq, son illər ABŞ-Rusiya münasibətləri heç də müsbət müstəvidə inkişaf etmir. İki ölkə arasında 2014-cü ildə Ukrayna münaqişəsi ilə əlaqədar kəşkinləşən münasibətlər Amerikanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla daha da pisləşib.

Hətta 2015-ci ilin sentyabrında BMT Baş Assembleyasının sessiyasında çıxışı zamanı Barak Obama bir neçə dəfə Rusiyanı Krımın ilhaqına və Ukraynanın suverenliyinə qarşı təcavüzə, habelə Suriyada prezident Əsədin müdafiəsinə yönələn siyasətinə görə açıq şəkildə tənqid edib.


Barak Obama və Vladimir Putin BMT Baş Assambleyasında


Hazırda dünyada hadisələrin inkişafında ABŞ və Rusiya liderlərinin yürütdüyü siyasətin rolu vacib olduğu qədər onların bir-birinə münasibətləri də mühüm əhəmiyyət kəsb edir. Çünki hər iki hegemon dövlət öz siyasətini digər ölkələrin üzərində ağalıq prinsipi əsasında qurub. Bu baxımdan 2000-ci ildə olduğu kimi, bundan sonra Amerika ilə Rusiya liderləri arasında həqiqi səmimi münasibətin olmasını yaxın gələcək üçün proqnozlaşdırmaq mümkün deyil.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR